Prototürk  içki qabı  «ayaq»-Prof. Dr. Feridun Celil Ağasıoğlu

Prototürk  içki qabı  «ayaq»


Prof. Dr. Firudin Ağasıoğlu

(Etnoarxeoloji atribut örnəyi)

Etnoarxe­oloji metodikanın əhəmi­yəti­ni, etnik tarixin mər­hələlər üz­rə öyrənilməsində tarixi-müqa­yi­səli dil­çi­lik, pa­le­o­qra­fiya ilə yanaşı, etnik ar­xeologiyanın geniş imkan açdığını qeyd edən A. Barta yazır: «Tə­əssüf ki, arxeoloji kulturda etnik identifi­ka­­siya üçün hələlik vahid metod mövcud deyil».[1]



Bizcə, yazılı qaynaqlar dövrünə düşən bölgələrdə türk­lüyü şüb­hə doğurmayan arxeoloji kultur özəlliklərinin daha qədim çağlara aid olan analoji özəlliklərlə müqayisə edilməsi, bu müqayisələrdə sistem yaradan paralelliklərin etnoarxeoloji göstərici sayılması elmi tədqiqat üçün məq­bul metoddur. Bu ba­xımdan, islamöncəsi türk etnoarxeoloji atributlarının ilk qay­naq­ları Ön Asiya­nın qədim mədəniyət beşiyi olan Dəclə çayının, Van və Urmu göllərinin hövzələrində ortaya çıxması diqqəti çəkir. Belə etno­arxeoloji atributlardan biri də dini rituallarda içki qabı kimi istifadə olun­duğunu güman etdiyimiz qə­dim qədəh (riton) gələnəyidir.

Ön Asiyada öncə gildən ha­zırlanan özəl qədəh türləri za­man keçdikcə tunc, qızıl, gümüş, buy­nuz, fil dişi kimi metal və sü­mük qədəhlər ilə əvəzlənmişdir. Mi­­nil­lər boyunca bacarıqlı usta­la­rın əlində çeşıtli formalarla gör­­kəmi təkmil­ləşən bu qədəhlər o qədər məşhur­laşmışdır ki, hətta Vaşinktonda ona abidə qoyul­muş, Türkmən elin­də­ onu «50 Teññe» (tenge) sikkə üzərində qədim Part elinin simgəsi kimi vermişlər:

Ön Asiyada gildən içki qə­dəh­ləri ha­zır­lanması də­bi qədim çağ­­lar­dan var­dı. Arxeoloji qa­­­­zın­tılarda üzə çı­xan aslan, at, maral, tə­kə, qoç və sair añ (heyvan) başı ilə bə­­zə­dil­miş qədəh prototipləri Azər­­­bay­can­­da tunc çağla­rından bəllidir, üç tür qədəh qrupları isə bunların tək­milləşmə mər­hələləri kimi diqqəti çə­kir: gildən yapılan ilkin qədəh vari­antı - I tür; keçid mərhələni əks etdirən ke­ramik qədəh variantı - II tür;  metal və sü­mükdən hazırlanan añ başlı qə­dəh variantı - III tür.

Bəllidir ki, insanlar tarix boyu müxtəlif materialdan içki qabları hazırlamış, günümüzə qədər onlara müxtəlif kasa, piyalə, qədəh, buynuz, bar­daq, stəkan forması verib təkmilləşdirmişlər. Burada söhbət, əlbəttə, hər cür içki qablarından deyil, yalnız 4-5 minillik tarixi olan üç tür vari­antın bir invariantın türündən gedir, həm də o invariantdan ki, Ön Asyada yara­nmışdır və yarandığı çağda isə prototürk dilində ona qoyulan «ayaq» adını türk­lər minil­lər boyu davamlı olaraq yaşatmışlar.

Tür­kologiyada «ayaq qabı» sözündə olduğu kimi, ayaq sözünün də praforması, onun bildirdiyi anlamların differensasiyası üzərində mor­fo­no­loji araştırma aparılmadığından, nə üçün içki qabına «ayaq» deyil­mə­­si də arxeoloqların diqqətini çəkməmişdir. Bu isə çox önəmli etnoarxeoloji bir bəlgənin gündəmdən çıxmasına səbəb olmuşdur.

Qədim türklərin «qədəh» an­la­mında içki qabı­na ayaq deməsi geniş yayılmışdır. DTS-də ayaq sözünün qarşılığı rusca çaşa, çaşka sözlərilə verilir.[2] Dədə Qor­qud boyla­rında belə bir deyim keçir: «Bu kəz oğlan şə­rab içərkən içməz oldu, altun ayağı əlindən yerə çaldı».[3] Macar elindəki Nagi-Sent-Mik­loş də­fi­­nə­­sin­də tapılan Tuna bul­qarla­rına aid qədəhlərin üzə­­­rində «Buyla ya­zı­sı» kimi bəlli olan türk runik ya­zısında T. Tekin ayak sö­zünü bu mətn­lər­də oxumuş­dur: spruk içu yk (Asparuk içu ayak); bylo çobn içurgi yk (Buy­lo Ço­ban içurgi ayak).[4] Başqordların tanqaur, user­gan, burzyan və qıpçaq boyları keçən əs­rin əvvəllərinə ki­mi ayaq adlan­dırdıq­ları içki qabı­ndan is­tifadə edir­dilər.[5] «Irq Bitik» mətnlərində də «qədəh» anlamında ayaq sözü işlənir.[6]

Qab-qacaq anlamın­da «Maday-Kara» eposun­da ayak-kazan söz­ləri var­dır: «Ayak-kazan alıp berip, Yal­çızı la bolboy kayttı» (Qab-qacaq yı­ğış­­dı­rıb, ona qulluqçu oldu).[7] Sumer dilində kab-kagag deyimi «qab-qacaq» anlamında işlənmişdir.[8] Buradakı kagag sözü *kadag sözüdürsə, o zaman qadaq > qacaq dəyişməsi kimi, qədəh (kadah) sözü də qədim çağ­lardan *hadak (adak//ayak) sözünə bağlanır. Qədim türk sözü olan ayaq «kasa» anlamında fars dilinə də keçib ora­da əyaq şəklini almışdır.[9] H. Aras­lı ya­zır ki, N.Gəncəvi də ayaq sözünü «qədəh» anlamında işlət­miş­dir.[10]

M. Kaşğari ayaq sö­zü­nə xeyli örnək verir: «çə­linq ayaq» (çin ka­sa­sı); «ol ayaq töndərdi» (o, qədəhi çevirdi); «ayaqçı ayaq sırladı» (du­lus­çu qədəhi şirlədi).[11] Bu axı­rıncı deyimdən bunu da öy­rə­nirik ki, saxsı qab­lar hazırlayıb onları şirləyən dulus­çu­ya ayaqçı deyilir­miş.

Quzey Azərbaycanda aparılan ar­xe­o­loji qazıntılarda əl­də olunan ayaq­ formalı riton­ların təsnifi aydın gös­tərir ki, bu tipli qədəhlər türk boy­la­rı­nın ya­şa­dığı ərazi­lər­­də ortaya çıx­mışdır. Ona görə də belə arxe­oloji bəlgələrin etnik əsas­la­rının yo­zu­mu çətinlik törətmir, çün­ki ayaq sö­zünün etno­qrafik semanti­ka­sı göz qaba­ğın­dadır: içki qədəhinə ayaq deyil­mə­si­nin səbəbi qədim çağlarda I tür özəl qədəhlə­rin insan ayağı formasında hazırlanması ilə bağlıdır.

Ancaq arxeoloqlar minbir əziyətlə qazıb üzə çı­xar­­­dıqları ayaq formalı qə­dəh­ləri ayaq adı ilə deyil, «çəkmə» adı ilə tarix mu­ze­yinə verirlər, Mədəniyət nazirliyi də bun­la­rı «Boz gildən hazırlan­mış uzun­boğaz çəkmə ağ inkrusta­siya ilə» tanıtımı ilə, həm də «e.ə. IX-IX əsr» (?) kimi əcayib bir tarixlə təqdim edir. Təbii ki, Azərbaycanın qə­dim etnoar­xeoloji tarixi üçün çox önəmli bu arxeoloji kultur bəlgəsinə olan bu münasibət türkologiya ilə arxeologiya arasında yaranmış «Çin səddi» ilə də bağlıdır. Halbuki eyni elm ocağının ayrı-ayrı bölü­mündə ça­lı­şan bu uzmanlar, heç olmasa, vaxtaşırı ortaq elmi-praktik məsləhətləş­mələr keçirə bilərdi. Vaxtilə folklorşünas H. Tantəkin yarım səhifəlik özət həc­mində olan bir qəzet məqaləsində qə­dim kurqan­lar­dan çı­xan ayaq for­­malı qədəh­lərin türklərə aid olmasını və onları tədqiq etməyin aktual­lı­ğını gündə­mə gətirmiş, ancaq bu qədəhlərin m.ö. I minil­li­yin əvvəllə­rində hazırlandığını yazmışdır.[12] Halbu ki, ayaq formalı qədəhlərin Ön Asiyada yaran­ması m.ö. III-II minilə aiddir. Belə ki, İranın quzey-batı böl­gəsində, yəni Azər­bay­canda ta­pıl­dığı qeyd olunsa da, İran ritonu adı ilə Metro­po­loten (Nyu-York) muze­yində saxlanan, hətta ikinci (keçid) mərhələni əks etdi­rən ayağın tarixi 4 minil sayılır.

Belə keramik ri­tonların öncə Ana­do­lu və Azərbay­canda üzə çıx­ması bu ayaqların tim­salında aydın görü­nür. Burada Urar­tu ça­ğına aid Erebunidə ta­pı­lan qara bo­­yalı cilalı gil ayağın konusvari for­ma­sı da diqqəti çə­kir:

Anadoluda Hat dönəminə aid ayaqlar m.ö. XIX yüzilə aid edi­lirsə, Azərbaycanda bulu­nan ayaqlar daha sonrakı tarixlərə (m.ö. XI-VIII) aid edilir, halbuki Ana­dolu ayaq­ları gör­kəm­cə daha mü­kəmməldir və hər iki hal­da bu ayaqlar I tür invariant sayılır, çünki bun­la­rın ha­mısında ayaq forması qabarıq veril­mişdir. Hət­ta, m.ö. II minilin sonlarında Anado­lu­dan İta­li­yaya köçən etrusklar da bu ayaq forma­sını oraya apa­r­mış­lar. Bu da maraqlıdır ki, etrusk­lar II və III tür ayaq­­lar da düzəldirdi, ancaq hər iki variant m.ö. I minilin or­ta­larında görün­məyə başlayır və bu, bir daha gös­tərir ki, onların Anadoludan İtaliyaya köçü iki dalğa ilə m.ö. XII və IX əsr­lərdə olmuşdur.[13]

Keramik qədəhlərin I tür ayaq formasından II tür formasına keç­məsi omların aşağı ucunun müxtə­lif añların başı və ya yarı bədəni şək­lində yapılan fiqurla əvəz­lənməsində özünü göstərir, tədricən ayaq formasını itirən qədəhlərdə zoomorf çalar qabarıq verilir. Bu keçid mərhələsi Azər­baycanın güney və quzey bölgə­lərində yapılmış qədəhlərdə daha aydın görünür:

Şəkillərdən göründüyü kimi, sol­dan sağa tək­milləşmə yönü ilə düzülmüş II tür ayaq­ların öz içində də keçid mərhə­lələri seçilir. Tipoloji baxımdan birinci və ikinci riton hələ ayaq formasını saxlamış, ücüncü-dördüncü ritonlar ayaq forma­sını itirib, zoomorf mərhələsinə daxil olmuş­dur. Hər halda, belə təkmilləşmə m.ö. II minilin ortalarından sonra Azərbaycanda keramik, Anadolu­da isə qızıl-gümüş qə­dəhlərlə başlamış­dır. Ancaq Azərbaycanda üzə çıxan qədəhlərin tarixinə müxtəlif illər verirlər. Met­ro­politen muzeyindəki ayağa qoyulan ta­rix nə qədər artı­rılmışsa, o qədər də Amlaş ayaqlarının tarixi azaldılmış­dır, bu baxımdan, uzmanlar hər bir konkret kera­mik ayağın tarixinə yenidən bax­malıdırlar. Ancaq bu da bəllidir ki, II tür ayaqların təkmilləşmə mərhə­lə­ləri lokal bölgələr üzrə fərqli çağlarda ger­çəkləşmişdir.

Güney Azərbaycanda (Hasanlu, Ziviyə, Marlik-təpə və s.) tapılan qızıl-gümüş bəzək nəsnələri, qab-qacaq üzərində müxtəlif heyvan fiqur­ları çox açıq göstərir ki, sonralar saqa boy­ları ilə bütöv Avrasiyaya yaylmış añ üslubu  burada yaranmışdır. Gildən düzələn ayaq­lar tədricən tunc, qızıl, gümüş və fil sümü­yündən düzələn qədəhlərlə əvəz olunsa da, bə­zəkli keramik ritonlar da sonralar gün­dəm­dən çıx­mamışdır. Azərbaycanda m.ö. I minil dəmir ça­ğı ilə başlandığı kimi, ar­tıq ayaq for­ma­sı­nı itirən III tür qəd­əh­lər də bu çağda görünməyə başla­yır. Bu mi­nilli­yin ortalarında formalaşan Dədə Qor­­qud boy­la­rında da III tip ayaqlardan istifadə olu­nur, belə ki, Dəli Dom­rul əzrayılı görəndə «altun ayağım əlimdən yerə düşdü» deyir, kafər qızları da oğuz­lara al şərabı «altun ayağ ilə» verirlər.[14]

Türk dillərində ayaq (*adaq) sö­zü­n­də «qədəh» anla­mı­nın yaran­mısı baxımından ayaq formalı riton­la­rın yaran­ma yeri ilə yanaşı, sonrakı yayılma arealı da diqqəti çəkir. Belə ki, qaynağı Ön Asyada olan añ üs­lu­­­bu (animal stil) ilə yapılan içki qabları qonşu top­lum­­larda elit təbəqənin dəyərli bir nəsnəsi sayılırdı. Bu sə­bəbdən, artıq III tür bəzəkli ayaqlar kultur və ti­ca­rət əlaqələrilə müxtə­lif bölgələrə, ölkələrə yayılırdı. Bu bə­zəkli içki qablarına saqa, parth, bul­qar və baş­qa türk boyla­rı­nın köç­düyü yerlərdə çox rast gəlmək olur. Özəl­liklə, bu tip ri­ton­ların Azərbaycan və Anadoludan Avropaya və Orta Asiya­ya saqa boy­la­rının miqrasiyası ilə ya­yıl­dığını da gör­mək olur.

Yunan ustaları bu III tip qədəhləri çox gözəl görü­nüşdə hazırla­yırdı və olsun ki, saqa kurqanlarından tapı­lan bəzi qızıl-gümüş qədəh­ləri də onlar saqa bəylərinin sifari­şi­lə yapmışlar. Qədim yunanlar aşağı ucu qoç-təkə və at kimi digər añ­ların bədizi ilə bəzən­miş qə­dəhləri buy­nu­z­dan olan içki qabı anla­mındakı rhyton sözü ilə adlan­dırmışlar, amma Mi­ken yazı­larında (B xətti) rhyton sözünə rast gəlin­mir. Şəkil­dəki III tür Trakiya və Yunan qədəh­lə­ri­nin mükəm­məl yapısı bir daha göstərir ki, antik çağın elit təbəqəsi böyük zövqlə hazırlanmış bu ritonlara çox önəm vermiş­lər.

Bu qədəhlərə olan maraq Avropada olduğu kimi, Orta Asiyada da özünü göstərir. Belə ki, bu qızıl-gümüş qədəh dəbi Azərbaycan üzərindən həm quzeyə, həm doğuya keçmişdir. Türkmən (Part) elində qızıl-gümüş qə­dəh­lərlə yanaşı, bəzi III tip qədəhlər Ar­saklar dönə­min­də fil sümüyün­dən də hazırlanırdı. Görünür, Part el­bəylərinin saraylarında böyük usta­lıq­la yapılan bu gö­zəl bəzəkli qə­dəhlərdən çox istifadə olu­nurmuş, çün­ki Aş­qa­­bad ya­xınlığında arxe­o­loqlar part­ların qədim baş­kəndi Nisa­da apar­dıq­ları qa­­zıntı vaxtı (1948) bir neçə qədəhin bu­lunduğu yeri hət­ta «Riton­lar otağı» adlan­dır­­mışlar.[15]

Gil qədəhlərin (ritonların) təd­ricən tunc, qızıl, gümüş ritonlarla əvəz olun­du­ğunu və bu tip qədəh dəbinin sonralar Anadoludan Yunanıs­tan, İtaliya və Trakiyaya keçdiyini, Urmu hövzəsindən isə Quzey Qaf­qa­za, Azaq dənizi yaxalarına, həmçinin Türkmənis­tana yayıldığını gör­mək olur. Belə ki, Avra­siya çöllərində saqa kurqan­ların­dan çıxan sax­sıdan, tunc­dan, qı­zıldan, gü­müşdən və Baktriyada hel­linizm çağı fil sümü­yün­dən hazır­lan­mış aslan, at, qoç, təkə başlı qədəh­lə­rdə añ üslubunun da­vamı çox aydın görü­nür.

Qut eli çağında (m.ö. XXIII əsr) Sumerdə görünən aşağı tərəfi əyi­lə­rək heyvan başı ilə bəzənmiş konusvari riton (ayaq) m.ö.XI-IX əsr­lərdə İranda, m.ö. IV əsrdə isə Fərqanə­d­ə ortaya çıxır:[16]

Beləliklə, bu qədəhlərin türkcə ayaq adlanması onların etnoarxe­o­loji bəlgə sayılmasına önəmli ipucu verir. Göründüyü kimi, ayaq sözü­nün tari­xi-etnoqrafik baxımdan təhlili I, II və III tür qədəhlərin ilkin invarian­tı olan ayaq formalı qə­dəhlə­rin m.ö. II mi­ni­lin baş­larında türk toplumunda yarandığını açığa çıxarır. Bu qədəhlərin keçid mərhələsində añ üslubunun yaranması da açıq görünür. Anadolu ilə Azər­bay­canda bu kera­mik ri­ton­la­rın üzə çıxması bir daha ayağın yerini və zamanını çox açıq sər­giləyir.[17]

Ədəbiyat:

Барта А. Проблемы этнической археологии в Уралистике и Алтаистике. - Урало-Алтаистика. (Археология, этнография, язык). Новосибирск, 1985

ДТС - Древнетюркский словарь. Л. 1969

ИДВ - История Древнего Востока. М.

Мадай-Кара. Алтайский героический эпос. М. 1973

Шитова С. Н. Башкирская деревянная утвар (опыт классификации и типоло­ги­чес­кой характеристики). - Хозяйство и культура башкир в ХIХ-начале ХХ в. М. 1979

Массон В. М. Старая Ниса - резиденция парфянских царей. Л. 1985

Ağasıoğlu F. Etrusk - Türk bağı. B. 2011

DKA - Die Kunst Aserbaidshans vom 4. bis zum 18. Jahrhundert (Bretanizki L., Wei­marn B., Brentjes B.). Koehler & Amelang. Leipzig, 1988

KDQ - Kitabi Dədə Qorqud (Araslı H.). B. 1962; (Zeynalov F., Əlizadə S.). B. 1988

MK - M. Kaşgari. Divanü lugat-it-türk tercümesi (çeviren Besim Atalay). I-IV t.

Orkun. H. N.  Eski türk yazıtları. Ankara, 1994

Tantəkin H. Tarixi saxtalaşdıranlara tutarlı cavab. «Qurtuluş» qəzeti, №3, 1991

Tuna O. N. Sümer ve türk dillerinin tarihi ilgisile türk dilinin yaşı meselesi. Ankara, 1990

Tekin T. Tuna bulqarları ve dilleri. Ankara, 1987

Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. B.1962

 

[1] Барта, 1985, 11-13.
[2] ДТС, 1969, 27.
[3] KDQ, 1988, 53.
[4] Tekin, 1987, 30-34.
[5] Шитова, 1979, 174.
[6] Orkun, 1994, 275.
[7] Мадай-Кара, 1973, 165 (№4210).
[8] Tuna, 1990, 22.
[9] Zərinəzadə, 1962, 167.
[10] KDQ, 1962, 158.
[11] MK, III. 321, 345, 267.
[12] Tantəkin, 1991, 2.
[13] Ağasıoğlu, 2011, 17-27.
[14] KDQ, 1988, 68, 80.
[15] Массон, 1985, 10.
[16] Койкырылган кала, 1967, 110-111.
[17] ИДВ, 1988; DKA, 1988, 30.

Yorumlar (0)