Xristian kuman-qıpçaq boyları-Prof. Dr. Feridun Celil Ağasıoğlu

Xristian kuman-qıpçaq boyları


Türk xalqları arasında xristianlıq ən çox kuman-qpçaq boylarının içində yayılmışdır. Bunun səbəbi onların tərkibində çoxsaylı boy birliklərinin olması, Ön Asiya, Orta Asiya, Güney Av­ropa bölgələrinə yayılması, daha çox xristian xalqlarla təmasda olması ilə bağlı idi. Onların çoxu doğuda islam dininə keçsə də, bir hissəsi orta və batı bölgələrdə yəhudiliyi və xristianlığı qəbul etmişdilər. Batıda daha çox kuman adıyla yazılı qaynaqlara düşən bu çoxsaylı türk boyları doğu və orta bölgələrdə qıpçaq adıyla tanınmışdır. Ərəbdilli qaynaqlarda onlar xifçak adlanır.

[gallery ids="62675,62674,62673"]

Kumanlara «sa­rışın» anlamında rus qaynaqlarında polovets, alman yazı­la­rında falven deyillməsi sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adlı türk boy­larının da kuman-qıpcaqlardan sayilması ehtimalını artırır, belə ki, qaynaq­larda Aral gölü yaxınlığında sarı boyunun qıpçaqlara qo­vuşması qeyd olunmuş­dur. Bu sarı sözü kuman bəyi Sarıxanın (Şarukan) adın­da özünü göstərdiyi kimi, Sarıxandan 6-7 əsr öncə Arpaçayı bölgə­sin­də Sirak (Şirak) elinin məşhur Kam­sara­kan soyunun da Kam-Saruxan adı ilə bağlı olduğunu düşünməyə əsas verir, çünki burada Qıpçaq adında kənd salınmış, sonralar Qıpçaq-vəng də bu­rada tikilmişdi.

Bunu vurğulamaq gərəkir ki, qədim türk dilində kürən, sarışın an­lam­­lı kuman adı altında tanınan boylarla kontaktda olmuş xalqlar on­ları əsasən kumanu, kumenu (asur, urartu), kumanos, ku­ma­noi (yu­nan, latın) adlandırsa da, bəzi yazı­larda və danışıqda bu boyadının kuban, ko­­ban, ko­­­man, kumanlı, kumandı şək­lində yayıldığını da gör­mək olur. Al­tayda özlərini kumandı-kiji (kumanlı-kişi) adlandıranların bir bölümü Aşağı-KumandıYuxarı-Kumandı adlı kəndlərdə ya­şayırlar. Buradakı Yeti-Kuman toponimi əski rus qaynağında kuman toplumu içində adı keçən Yetebiç (Yeti-oba) etnonimilə təkrar olunur. Bu qaynaqlarda Tok­sobiç (Tokuz-oba), Ulaşeviç (Ulaş soyu), Burçeviç (Börüce soyu), Ter­te­re­biç (Tərtər soyu) və başqa kuman-qıpçaq boyadlarının keçiməsi göstərir ki, onlar çoxsaylı böyük toplum idi. Güney-doğu Avropadan ta Güney Sibir bölgələrinə­cən min kilometrlərlə uzanan bölgələr «Qıpçaq-Çölü» adlan­dığı kimi, bütöv Avrasiyada kuman-qıpçaqların ayağı dəyən yerlər də Kuman-Qıpçaq yeradları ilə doludur.

Qıpçaqsoylu qaraqalpaq boyunun adı əski rus qaynaqlarında hərfi tərcü­mə ilə «Çyornıe klobuki» (qara-kalpak) kimi verilmişdir. Rusiyanın güney çöl­lərində bir qıpçaq boyu ərəb qaynağında «qarabirkli» kimi qeyd olunmuşdur, on­ların izi Azərbaycanda «Qarabörklü» (Ucar) kəndadında görün­düyü kimi, Bor­çalıda və Azərbaycanda olan «Qovlar» toponimləri də qa­­­raqalpaqların kov adlı qolu ilə bağlıdır. Qıpçaqların tuk boyadı da Güney Qafqazda Tuq, Tuğ, Tıx, Tıxlı adlı kəndlərdə qalmışdır.

Qıpçaq türklərindən grigoryan xristianlığını qəbul etmiş boylarının tarixi, etnoqrafiyası və dili XIX-XX əsrlərdə türkoloji tədqiqatlardan kə­narda qalmış, müsəlman qıpçaqlardan fərqli olaraq, bu xristian toplumun çoxsaylı yazılı qaynaqlarına önəm verilməmiş, bu sahədə yaranmış boşluq qıpçaqları türk kimliyindən ayırmaq üçün «erməni qıpçaqlar» adı ilə apa­rılan araşdırmalarla dolmuşdur.[1] Grigoryan qıpçaqdilli mətnləri türkcə sözlüklər, tarixi rəvayətlər, qanun-törə bitik­ləri, məhkəmə sənədləri, dini ədəbiyat, atalar sözləri, tap­macalar və sair mövzuları əhatə edən çoxsaylı tarixi qaynaqlar olmasına baxmayaraq, in­di­yəcən sistemli şəkildə araşdı­rıl­mamışdır.[2] Bu qədər zəngin yazılı qaynaq­ları olan xristian qıpçaqla­rın tarixi öyrə­nil­­mədiyi kimi, tür­koloji baxımdan dili-ədəbiyatı da araşdı­rılıb öyrənilmə­mişdir. Azərbaycanda olduğu kimi, Türkiyə uzmanlar da bu toplumun varlığını görməzdən gəlmiş, türk etnosunun önəmli parçası olan xris­tian qıpçaqlara «dini təəssüblə» xor baxmışlar. Bu yön­də rus və avropalı türkoloqlar tərəfindən xristian qıpçaqların türkcə danı­şan başqa etnos kimi (hay, yu­nan və b.) təqdim olunması siyasəti də öz məkrli rolu­nu oynamışdır.[3] Ötə yandan, müəyən tarixi çağlarda geosiyasi nədənlər daxi­lində müsəlman türk soydaşları tərə­findən «sası dinli kafir» - deyə, dış­lanan grigoryan qıpçaqlardan bə­zi toplumların erməni adı ilə sonradan haylaş­ma­­sı olayı da bir gerçəklikdir.[4]

Əvvəllər doğuya köçən kuman boylarından bəziləri Xəzər dövləti dağılandan sonra başqa boylarla birlikdə batıya üz tutdu. Bu köçün əsl səbə­bini XI əsrin tarixçiləri əl-Marvazi və Efesli Matvey belə izah edirlər ki, kayı boyu tə­rəfindən sıxışdırılan sarı boyları türkmən, quz və peçeneq yurd­la­­rına doğ­ru getdilər. Onlar Aralüstü bölgələrdəki qıpçaqlara birləşib İtil ça­yını keçdilər. Qıpçaqların VIII-X əsrlərdə ortaya çıxması haqqında olan yorumlar elmi ədəbiyatda geniş yayılmışdır: X əsrdə Kimak elindən ayrılan qıpçaq boylarından bir qisminin Urala gedib başqord xalqının, bir qisminin də Aral ətrafında bəzi türk xalqlarının (qazax, qaraqalpaq, özbək) yaranmasında iştirak etməsi göstərilir, Tobol-İrtış çayları arasında Sibir tatarlarına qarışmasından, İtil bulqarlarına qoşulanların Kazan tatarlarının yaranmasındakı rolundan bəhs olunur. Qıpçaqların bir qismi də XII əsrdə Kırımda, Dunay qıyılarında oturub bir sıra xanlıq, bəylik qurmuşlar. Bir çox yerə yayılsalar da, Qaradəniz quzeyində ve Qafqaz bölgələrində daha önəmli güc sahibi olmuşlar. Kuman adı Kiçik Asiyada Kum­ma­neş­max, Kum­­manni yazılışı ilə hələ m.ö. XIX-XVIII əsr­lərə aid Boğazköy mətnlərində keçirdi, Van ilə Urmu arasındakı Kuman bəy­liyi də m.ö. XIII-VIII əsrlərdə Asur yazılarının gündəmində idi.

Kuman-qıpçaq boylarının qədim tarixini Monqolus­tan­da deyil, Ön asiyada axtarmaq gərəkir, onların ilkin miqrasiyasının da doğudan batı yönlərə VIII-X əsrlərdə deyil (bu sonrakı geri dönmələrdir), m.ö. IV-I minillərin müxtə­lif çağlarında Ön Asiyadan ayrı-ayrı qıpçaq­dil­li boyların Azərbaycan üzərindən Orta Asiya və Quzey Qafqaz yönlə­rində olması baxışı gündəmə gəlməlidir. Belə ki, «sir boyları qıpçaqdilli idi» baxışına yol açmaqla kuman-qıpçaq tari­xinə baxmaq daha önəmlidir, çünki kuman və qıpçaq adları altında bir sıra subetnik - özadı olan boylar olmuşdur.

Türk etnonimika qaydalarına uyğun sirak etnoniminin sır//sir boya­dı­ndan yaranmıçsa (sir-ak), onda batıya ilk qayıdan qıpçaqdilli siraklar Sır-Dəryaya adı­­nı verən, göytürk yazılarında «sır-budun», «türk-sır budun» deyimlərində adı keçən sir boyu ilə bağlıdır. Alanlarla birlikdə Xəzərin quzeyilə I əsrdə Quzey Qaf­qaz üzərindən Azər­baycana gələn sirakların bir bölümü Kürün solundakı Qaraya­zıda yerləş­di, bura Sirak çölü adlandı, sonra burada (Qardabanın Lal kəndində) 628-ci il olayında adı keçiən xristian türk­lə­rin «Metseke-vəng» kilisəsi ortaya çı­­xır. Sirakların bir bölümü də Arpa (Axur­yan) çayı bölgələrində oturdu, bura da Sirak-yurdu, Sirakene (Ptolemey, V. XIII. 9) adlandı və burada sa­lınan bir qəsəbəyə Sirak-avan (Şirak-avan) adı ve­rildi.[5] Bu Sirak elin­­də­ki Qıpçaq adlı kəndə yaxın Qıpçaq-vəng monastırındakı bir yazıda da «Kıp­çak Kubasar» və oğullarının adı keçir. Göründüyü kimi, qıpçaqdilli sirak boyu göytürk yazıla­rın­da adı keçən sir boyunun qıpçaqdill olması baxışına daha qədim əlavə bəlgələr verə bilir. Ona görə də, kuman-qıpçaq boylarının daha qədim On Asiyadakı tari­xini araşdırmaq çox önəmlidir.

Prototürklərin yaşadığı bölgələrə m.ö. III-II minil­lərdə gəlib oturan sami və hurri tayfa­la­­rının basqısı ilə dağılan Subar  birliklərindən qalmış bəzi boyla­rın İki­çayara­sı­nın quzey bölgələrinə çəkilməsini o çağın yazılı bəlgələrində gör­mək olur. Fəratın batı yaxasına keçən kumuq kuman boy­larının yerləş­diyi ərazilər uzun müddət Kumuq Kuman eli kimi ta­nınmışdır. Asur ya­zılarında Kammanu, Boğazköy bəlgələrində Kum­ma­n­eşmax, Kum­­manni, Urartu yazıla­rında Qamana şəklində verilən ölkə in­di­ki Ma­la­tiya bölgə­sini əhatə edirdi. Di­gər Kuman ölkəsi Dəclə çayı­nın doğusunda Urmu-Van gölləri arasnda m.ö.XIII-VIII əsrlərdə mövcud olan Kuman bəyliyi idi. Ptolemey bu iki kuman bölgə­sini fərqlən­dirmək üçün birini Kόmana Kappadoκίaς (Kap­pado­ki­­ya Kumanı) yaz­mış­dır.[6]

Asur-Urartu dövlətlərinin arasında yerlləşə də, beş əsr bağımsızlığı qoru­ya bilən Kuman bəyliyi haqqında asur qaynaqları dəfələrlə «kuman­ların geniş ölkəsi» deyimini işlədir.[7] Qaynaqda kumanların güvənc yeri Xunus, baş­kəndi isə qıpçaq adına bənzər Kibşa [kıpça] şəhəri göstərilir. Sonrakı çağlarda kuman boyları haraya köç­müşsə, oralara Xınıs//Xınıslı yera­dını da aparmışlar. Bu ad Anadolu­dan tutmuş, Azərbaycanın bir neçə bölgəsinə yayılmışdır, kumanlar daşbaba gələnəyini də buradan Av­rasi­ya­nın müxtəlif bölgələrinə və özəl­­liklə Qıpçaq Çölünə daşımış­lar.[8]

Kuman-qıpçaq boylarının bö­­yük toplum olması tarixi qay­­naqlarda əks olunmuşdur, onla­r m.ö II minildə qədim Azər­bay­canın yaxın batı qonşuluğunda yaşamış, sonrakı çağlardasa bu bölgədən zaman-zaman bir ucu Sibir, digər ucu isə Misirdən Av­ropanın ortalarınacan ayrı-ayrı bölgələrdə görünmüşlər. Onlar ilkin yurdlarından uzaq düşsə də, ayrı-ayrı dönəmlərdə ilkin yurda yaxın bölgə­lərə qayıdb, burada qalan soydaşlarına qarışmışlar, baş­qa xalqların içində qalıb xristianlığı qəbul edənlər kimliklərini itirmişlər.

Avrasiyanın müxtəlif bölgələrində kuman boyunun tarixinə ipucu verən Kuman, Koman, Kumanova (Kuman-oba) toponimlərini görmək olur. Kuman boylarının güclü olduğu çağ­larda onların oturduğu bütöv bölgə Kuman ölkəsi adla­nırdı; Quzey-Qafqazı və Xəzərin quzey-batı yaxalarını Marko Polo Koma­ni­ya adlandırmış, əl-İdrisi də həmin çağda (XII əsr) Av­­ropanın güney-doğusundakı bozqırın Qara-Kuman, Ağ-Kuman adı ilə iki yerə ayrıldığını qeyd etmişdir. Mi­laddan öncə Kiçik Asiya və Dəclə yaxasında olduğu kimi, Miladdan sonra da II minilliyin müə­yən çağla­rında bütöv Qıpçaq Bozqırı, Macar çölləri Kuma­ni­ya, Ko­ma­niya kimi tanınmışdır. Rumınya da o çağlarda Kumaniya adlanırdı, 1330-da Rumın dövlətinin qurucusu kuman bəyi Basar-Abanın adı isə bu ölkə­nin quzey bölgəsi Basarabianın adına çevrildi. Kuman soyundan olan bəylər orta əsrlərdə Macar, Rumın, Bolqar dövlətlərində, Anadolu, Suriya və Misir­də qurulan bəzi dövlətlərin başına keçə bilmişlər. Bunların sırasında Misir məm­lük sultanı Bəy Bars xüsuslə fərqlənir. Onun vaxtında Misir dövləti qüdrətli ça­ğını yaşamış, monqol axınının qarşısını da Bəy Bars almışdı.

Anadolu və Qafqazda kuman-qıpçaq boylarından qalma onlarla yer adları var, Azərbaycanda elə üç Kumanlı kəndi Lənkə­ran bölgəsindədir, Gürcüstan sınırında Kıpçak yeradı və çayadı var, hələ iki minil öncə Dər­bənd keçidinə Kuman-qapısı (Plini) deyilməsi bəllidir. Bunu da nəzərə al­maq lazımdır ki, qıpçaqdilli boyların çoxu yuxarıda deyildiyi kimi özadı ilə tanınırdı, hətta, A.N.Kononov kıbçaq,kuman kumuq adlarının eyni söz kökünə bağlı «sarışın» anlamlı sözlər olmasını yazmışdır. Anadolu və Qazax-Borçalı bolgə­lə­rində olan qarapapax tərəkəmələri də qara­qal­paq, qarabörklü qıpçaq boylarıyla eyni an­lamlı adlar daşıyır.

İslamaqədər Azərbaycanda və Anadolunun güney-doğusunda qalan kuman-qıpçaq boyları hərb sənətində irəli getmişdilər. İbn əl-Əsir yazır ki, 722-ci ildə Mərc əl-Hicarə adlı yerdə ərəb ordusunu məğlub edib, Şam tə­rəfə qovan xəzər­lərə qıpçaq (kuman) döyüşçüləri yardım etmişdilər.[9] Kumanların atlı alayları islamdan sonrakı çağlarda muzdlu əskər kimi bu və ya digər ölkənin ordusuna yardım edirdi, bu durumda bəzən türk­lə­rə qarşı da vuruşurdu. Örnəyin, peçe­neq­lərin Bizansın mərkəzinə soxul­ma­­sından qorxuya düşən imperator A. Kom­nin bütün «xristian dünyasına» müraciət edib kömək istəsə də, onun çağırışına xristianlar deyil, böyük ödənc və müttəfiqlik təklifi almış 40 min kuman atlısı gəldi, peçeneqləri geri oturdub, Bizansı xilas etdilər. Ancaq yanlış yapdıqlarını döyüş günü­nün sabahısı başa düş­dü­lər; səhər açılanda gördülər ki, Bizans əskər­ləri ge­cə xəlvətcə 30 min peçeneq əsirini qadın və uşaqlarla birlikdə qılıncla doğ­­ramışdır. Bu dəhşətli mənzərəni görən kuman əskərləri oranı nifrətlə tərk etmişlər.

Yuxarıda Alban eilindəki xristianlıqdan danışarkən xristian qıpçaq boyla­rından az da olsa, bəhs olunmuşdu. Xristian qıpçaqlar təkcə Alban elində deyil, Güney Qafqazın bir çox bölgələrində, Anadolunun quzey-doğu bölgələrində və indiki Gürcüstan ərazilərində də vardı. Hətta, Tiflis şəhərinin göbəyində son çağ­­lara qədər Qıpçaq-vəng adlı kilisə sökülüb yerində gürcü kili­səsi tikilənəcən dururdu. Dədə Qorqud eposun­da oğuz­lar təkcə Alban xristian qıpçaqları ilə de­yil, Gürcüstanda xris­tian qıpçaq­larla da savaşırdı. Borçalıda, özəlliklə, indi Bol­inisi və Dmanisi adlanan bölgələrdə islamaqədər tikilmiş xeyli qıpçaq vəngi var­dı. Bunlardan bir neçəsinin adını B.Arveladze qeyd etmişdir: Kəpənəkçi, Şəmşiberdi, Şiştəpə, Kolagir, Güvəc, Qundaxsaz, Kizikilisə, Qarabulax, Xaçın, Kəkliy, Aruxlu, Qaraxu, İncoqlu, Atakişi, Azman, Xaçmağara.[10] Takayşvilinin (1952) qeyd etdiyi Çorox vadisindəki Dördkilisə abidəsini də bu sıraya əlavə etmək olar.

Leonti Mroveli (XI əsr) gürcü qaynaqlarına görə, hələ İskəndərin yürüşündən öncə Kürün yuxarı axarlarında «barbar tayfaların» (bun­­türk və ya qıpçaq) yaşadığını yazır, başqa qaynaqda Gürcüstan çarı Vaxtang Gorgasalın (V əsr) oset ve qıpçaqlar üzərində qələbəsi qeyd olunur. Bu bilgilər anaxronizm də ola bilər, ancaq X ərdən sonrakı gürcü qaynaqla­rının birbaşa təmasda olduqları «qıpçaq» adlı xalqdan bəhs etməsi gerçək durumu əks etdirir, belə ki, gerçək durumu XII əsrdə bir gürcü yazarının «komanlar qıpçaqlardır» deməsi də aydın göstərir. Kartli tarixindən bəhs edən «Kartlis Tsxovreba» əsərində qıpçaqlarla bağlı xeyli bəlgə vardır.

Quzeydən qıpçaqların Gürçüstana gəlib yerləşmə tarixi dəqiq bilin­məsə də, gürcü çarı Qurucu Davidin (1088-1125) Kartliyə gəlib onlarla görüşdüyü tarixə əsasən akade­mik İ.Cavaxişvili bunun 1118-1120-lərdə gerçəkləşdiyini yazmışdır. Ancaq bu illərə qədər David artıq 1104-1118 ara­sında doğuda Kaxeti-Heretidən tutmuş güneydə Kartli, Rustavi, Loru və Samşvilde (Üç-oklar) bölgələrində qışlaqları olan səlcuqlu türkmən boy­la­rıyla dəfələrlə savaşa girib onları bu bölgələrdən çıxarmış, Səlcuq döv­lətinə verəcəyi xəracdan imtina etmişdi. David qıpçaqların yardımı olma­dan bunları edə bilməzdi, çünki həmin olaylardan bəhs edən gürcü qay­na­ğı da qeyd edir ki, «sayları çox, güçləri büyük idi, kimsə onları yer­lə­rindən çıxarmağı düşünə bilməzdi». O dönəmdə hələ Tiflis də Davidə aid bölgələrdən kənarda idi. Deməli, qıpçaq-gürcü ittifaqı daha öncədən vardı, çünki David də qıpçaq bəyi Atrakın qızı ilə 1106-da evlənmişdi.

Bəzi qaynaqlara görə, Gürcüstanda qıpçaqlar xristianlığı Qurucu Davidin vaxtında qəbul etmişlər.[11] İbn əl Əsir 1121-də gürcü-qıpçaq or­du­­sunda «kafir qıpçaqlar» olmasını vurğulayır. Belə bilgilər quzeydən gəlib burada yerləşən kuman-qıpçaqlarla bağlıdır, çünki burada xristian türklər daha öncədən, xristi­an­lığın yayıldığı çağlardan vardı, Gürcüstana aid «qara donlu kafir» (KDQ) deyimi də buna işarə edir. Belə ki, Alban elində olduğu kimi, buradakı türklərin də çoxu islam dinini qəbul etmiş, xristianlıqda qalıb gürcü-ortodoks kilisəsinə bağlanan türklərin bir qismi gürcüləşmişdi. Şadılı (Şəddadi) Ani əmirliyində yaşayan xristian türklər də eyni durumda olmuşlar, islamı seçənlər türklüyünü saxlamış, burada grigoryan-kilisəsinə bağlı olanların bir qismi haylaşmış, dini-mənəvi bas­qılara döz­məyən bir qismi də VIII-IX əsrlərdə dalğalarla Stavropol, Kırım tə­rəflər­ə bölük-bölük köçüb getmişlər. Bizansın istəyilə asılı Erməniyə dövləti XI əsrin ortalarında ləğv olunanda çoxlu xrisian qıpçaqlar buradan Gür­cistana, Kırıma və Anadolunun gü­ney böl­gələrinə köçmüşdü.

Sonralar da Anadolu və Güney Qaf­qazdan gedən xristian qıpçaqlar  daha çox Qıpçaq Çölü bölgələrinə üz tuturdu. Itil yörəsində Bulqar xanlı­ğı­na gedən xristian qıpçaqlardan qal­ma basırıqlarda xeyli başdaşı vardır, bun­­la­rın sırasında epitafiya­la­rın er­mə­­ni əlifbası ilə yazılması XIII-XIV əsrlə­rəcən davam etmişdir. Örnəyin, Sara xatun adlı birinin bu başdaşında 1321 ili qeyd olunmuşdur.[12]

 

Altın Orda dövlətində Berke xanın islam dininə keçməsilə buradakı qıp­çaqlar da müsəlman olmuşdu, eyni durumu Anadolu və Azərbaycanda olan qıpçaqlar da yaşamışlar, ancaq burada islamın yayıldığı ilk çağlardan  başlayıb, Səlcuqlu dönəmində davam edən islamlaşma olayından kənarda qalan bir sıra xristian türklər vardı. M.Ə.Rəsulzadə Alban-Aran elindəki bu durumdan danı­şarkən yazırdı: «Aran üzərindəki dava ancaq VIII əsrdə tamamilə ərəb­lərin lehinə həll edilmişdir. Bununla bərabər, xristianlıq bir din olaraq, IX əsrə qədər buralardakı Şabran ilə Şəki tərəfində mühafizə edilmişdir».[13]

Dini nədənlə etnik mənsubiyətin dəyişməsi siyasi amaclı basqı so­nucunda reallaşır, ortada bu durum olmayanda etnik kimlik qoruna bilir. Örnəyin, qıp­çaq­dilli karaimlər musəvi dininə keçib özlərinə «karay» de­sələr də, digər yəhudi karaimləri kimi yəhudi kimliyini qəbul etməmişlər və türklərdən ayrılıqda başqa xalqların içində qapanma yaşamlarında mi­nildən artıq zaman keçməsinə baxma­yaraq, türk dilini və türk kimliyini saxlamışlar. X-XIII əsrlərdə Macarıstan ya­xın­lığında Kumaniya adlanan bölgədə məskunlaşan kumanların batı qanadı 1227-də xristianlığı qəbul edəndən sonra bir müddət milli kimliyini saxlaya bilsə də, zaman aşa­ma­sında asi­milyasıya olunub, oradakı xalqların içində ərimişdir. Makedon­yanın qu­zeyində Kumanova kəndi var, amma orada kuman türkü yoxdu.

Ayrı-ayrı bölgələrində görünən çoxsaylı qıpçaq boyları türk ulusu­nun önəmli qolu idi, ancaq bəzi bölgələrdə xristian dininə keçən qıpçaqlar, özəlliklə, Avropa xalqları içində yaşayanlar zaman aşamasında dillərini itirib, asimilya­si­ya olundular. Əski adı Kazar (Xəzər) olan Voronejin türk mənşəli toponimlərlə dolu olan ətraf bölgələri, çayadları, Dəli-Orman me­şəsi vaxtilə başında hörüklü kəkül (xaxol) saxlayan keçmiş türk boylarının izini yaşatsa da, bugün orada xris­tian əhali soykökünü unutmuşdur. Xris­tianlığı qəbul edən kuman-qıpçaqlarda artıq İzay Bilyukoviç, Yaropolk Tomzakoviç, Sıdvak Kulobiçskiy, Samoqur Sutoyeviç, Danila, Roman Koziç, Yuriy Konçakoviç kimi xristiansayağı şəxs adları yaranır, zaman aşamasında türk gələnəkləri xristian quralları içində aşınıb yox olurdu.

Təkcə Bizans kilisəsi deyil, Roma Katolik kilisəsi də xristian türk­lərin yaşadıqları bölgə xalqları içində asimiliyasiya olunmasına çalışırdı. Bunun üçün misionerlik yolu ilə türklərin arasında təbliğat aparır, xristian türkəri orduya cəlb edib yüksək rütbələr verirdilər. Malazgird savaşında (1071) Bizans ordusunun içində xeyli türk əskəri vardı, ancaq onlar Alp Arslanın tərəfinə keçib bizanslı­lara qarşı vuruşdular.

Doğu Anadolu-Azərbaycan bölgələrindəsə ərəb xəlifəsinin yardımı ilə gri­gor­yan kilisələrin yönətimi haylara keçdi, türk xristianların və türk vənglə­rinin haylaşması prosesi başlandı. Anti-xalkidon yönlü xristianlığın «grigoryan», bu məzhəbdə olanların da «erməni» adlanması gələnəyi yal­nız Azərbaycanda deyil, qonşu ölkələrdə də orta əsrlərboyu davam etdi, təkcə xristian qıpçaqlara deyil, tat, kürd, qaraçı, yəhudi grigoryan xristi­anlara da «erməni» deyilirdi və zaman aşamasında onların çoxu gerçək­dən erməniləşib-haylaşdı.[14] Örnəyin, Muş bölgəsində erməni-grigoryan kürdlərin hayca danışıb əziz Karapetə and içməsini hay yazarlar da etiraf edir (S.Lexatsi). Haylaşdırma siyasəti «alban» adı ilə bağlı sözlərin yazılı daşlardan, Alban vənglərində olan yazılardan silib yox etmək yolu ilə gerçəkləş­dirilirdi. Örnəyin, Qarabağdakı Qanzasar vəngində
hətta hayca yazılmış Alban sözü, Alban katolikosu Ter-Apa Ohanesin (və ya Tapan Ohanes) adı və onun Calaldolu soyadı bu ilkin yazıdan silinmişdir:

Doğrudur, Azərbaycan, Gürcüstan və Doğu Anado­­luda Ermən (Armeniya) bölgəsində xristian türklərin bir bölümü milli kimliyini itirib hay və gürcü oldu, ancaq bu dönmə kütlə qatıldığı topluma əliboş girmədi, özüylə apardığı türk ad­larını, folklorunu, minlərlə türkcə sözləri əsrlərlə o xalqların içində yaşatdı, on­ların folklorunda və dilində çox dərin izlər bu­raxdı. Koroğlu, Aşıq Qərib kimi dastanlaın hay-gürcü variantları yarandı, Sarı-gəlin kimi qıpçaq türküləri, xalq nəğmələri bölgənin ortaq dəyərinə çevrildi, musiqi, yemək adları ortaq kultur örnəkləri oldu.

Güney-doğu xristian kartvel toplumu içində azər türkcəsi o qədər yayğın olmuş­dur ki, hətta Sulxan Saba Orbeliani 1685-dən başlayaraq otuz ilə tamam­­­la­dığı «Kartuli leksikoni» adlı gür­cü dilinin izahlı lüğətin­də bir çox gürcü sözünün mə­nasını türkcə olan qarşılığı ilə izah etmək məcbu­ri­yətində qalmışdır.[15] Er­mən bölgəsində xristianlıq başla­yan­dan ilk patriarxlar saqa soyundan partlar (arsaqlar) olurdu, bu gələnək uzun illərboyu davam etmişdir, bununla yanaşı, bölgədə grigoryan türklərlə iç-içə yaşaması hay toplumunun dilini dəyişdirmiş­dir, hayların öncəki qra­bar­dan aşxarabar dilinə keçməsində türk dilinin leksik, morfoloji, sintaktik təsiri çox aydın görünür.[16] Tanınmış alman alimi Mordman hələ 1870-də bu təsirin IV-VII əsrlərdə olduğunu yazırdı: [17]

Kazan-Astarxan tatarları və başqord, qaraçay-balkar dilinin özəyin­də Al­tın Orda dövləti dönəmində gündəmdə olan yazılı qıpçaq ədəbi dili du­rur. Azər­baycan, Gürcüstan və Anadolu bölgələrində oğuz boylarıyla ortodoks və gri­gor­yan qıp­­çaqların iç-içə yaşadığı çağlarda formalaşmış qıp­çaqların dilindəsə oğuz qatı daha qabarıq görünür. Eyni durum qıpçaq dili­nin üstünlüyü ilə Türküs­tanda uyğur-özbək (cağatay) dilinin yaran­ma­sında, hətta Qırğız xaqanlığı dönə­mindəki runik yazılarda hiss olunma­yan qıpçaq dilinin sonrakı çağlarda qarışıb-qovuşma sonucu olaraq qırğızca­nın qıpçaqlaşmasında özünü göstərir. Bugün doğu qıpçaq (qazax, noqay, qaraqalpaq, qır­ğız və b.) dilləriylə quzey və batı qıpçaq (tatar, başqord, qaraçay-balkar, ku­muq, karaim) dilləri arasında müə­yən fərqlər vardır, an­caq qıpçaqların xris­ti­an mətnlərinin dili oğuz-qıpçaq sin­tezilə onlardan kəskin fərqlənir.

Xristian qıpçaq mətnlərində türkməncə, türkçə sözlərinə nadir hal­da rast gəlmək olur, daha çox kıpçak tili, bizim til, tatarça deyimləri işlənir. Burada olan sözlərin çoxu mənasına görə Azər­baycan danışıq dilində iş­lə­nən bugünkü variantı ilə eynidir. Metal və hey­van adları: altun, temir, kümüş, aslan, börü, sığır, inek, xoyun, it, eşək, toñuz; Qıpçaq sözləri nitq hissələrinə görə də oğuz dillərindən o qədər də fərqlənmir: əvəzliklər - men, sen, ol, biz, siz, öz, bu; saylar - toxuz, beş, üç, tümən; Ən çox işlə­nən feillər, örnəyin: añla-, ayır-, ax-, bax-, öl-, iç-, biç-, bük-, bil-, bişir-, çıx-, et-, ez-, kes-, gülümsün-, oyna-, sanç-, sağalt-, sor-, soy-, tanı-, toğ-, toldur-, tök-, tökül-, tüş-, tik-, üz-, yat-, unut-, uyut-, uyu-, yay-, yaz-.

Eyni durumu digər sözlər də əks etdirir: ağaç, ağu, ağır, açıx yer, açközlü, ant, ayax, baş, bilək, bilik, biliksiz, boş, butax, bütün, buyrux, çiçək, erkək, boşlux, burun, köñül, ölümsüz, soñra, süt, teñiz, ortax, tez, tolu, tişi, töşək, tütün, uzunlux, üçün, yük, yanax, yañlış, yumrux, yoldaş, yazıx, yuxu, kün toğuşu, kün batışı. Bəzi qıpçaq sözlərisə daha qədim for­ma və anlamı ilə diqqəti çəkir: körklü - gözəl, törə yeri - məhkəmə, teñri - tanrı, uçmax - cənnət, oltur - otur-, keltir - gətir-, suv - su, ilgəri - irəli, çatlavuq - fındıq, ayt - söylə-, alğış - dua, salkun - hava.

Xristian toplumda şox önəmli sayılan «Törə Bitigi» kimi xristian kuman-qıpçaq dilinə aid yazılmış «Codex Cumanicus» əsəri də önəmlidir. Adətən, bu bitiyin yazılma tarixinin başlanğıcını birinci səhi­fədə qeyd olunmuş 1303 tarixilə bağlayırlar, A.N. Samoyloviç isə əl­yaz­manın 1294-dən başlandığını, ilkin bölü­mün daha öncəyə aid olduğunu, ancaq üzərində bir neçə katibin əlavələr etdiyi­ni, 1303-dən də üzü köçü­rülməyə başlandığını qeyd edir. Klaprot yazdığı məqalə ilə (1828) bitiyin elmi da­i­­rələrdə tanınmasına və üzərində elmi araş­dırmalar aparılmasına səbəb ol­du, ancaq ilk mükəmməl araşdırmanı 1880-də macar alimi Géza Kuun uğur­la başa vurub, geniş şərhlə bu kitabı nəşr etdi.[18] Burada xris­­tian dini mətnlər də yer almışdır, örnəyin, İsanın duası (İncil) belə ve­ril­mişdir:[19]

«Atamız kim köktesen. Algişle bulsun seniñ [atıñ, kelsin seniñ] han­le­ğıñ, bulsun seniñ tilemegin, neçik kim kökte, alay [da] yerde. Kün­degi ötməqkimizni bizge bugün bergil. Dağe yazuqlarımıznı bizgə bo­şatqıl - neçik biz boşatırbiz bizgə yaman etkenlerge. Dağe yekniñ sına­maqına bizni qu­urmagil. Bassa barçe yamandan bizni quthargil. Amen!»

(Atamız, ki göydəsən. Alqışlı olsun səniñ adıñ, gəlsin səniñ xanlı­ğıñ, olsun səniñ diləyiñ, necə ki göydə və yerdə. Gündəlik yeməyi­mizi bizə bu­gün ver. Dəxi günahlarımızı bizə boşaltdır, necə ki biz boşaldırıq bizə yaman edənlərə. Dəxi şeytan sınağından bizi qoru. Bütün yamanlar­dan bizi qurtar. Amin!)

 

 

 

 

 

 

Qaynaqlar:

Ağasıoğlu F. (Cəlilov).  Azərbaycan dilinin morfonologiyası. B. 1988.

Ağasıoğlu F. (Celilov). Ermeni boyları ve pseudo-ermeni haylar (Milattan önce türk-er­me­ni iliş­­ki­­leri). «Türkler» Ansiklopedisi, II cild, Ankara, 2000:

Ağasıoğlu F. Taşbaba. Türkün taş yaddaşı. İstanbul, 2013.

Ağasıoğlu F. Doqquz Bitik. I-III Bitik, B. 2014.

Azər xalqı (Ağasıoğlu F). I-II basqı, B. 2000; III basqı, B. 2005.

Dunlop D. M. The İstory of the Jewish Khazares. Princeton, 1954

İbn əl-Əsir. Əl-Kamil fi-t-Tarix. B.1959.

Kalankatuklu M. Alban tarixi. (Z. M. Bünyadovun tərcüməsi). B. 199.3

Kırzıoğlu M. F. Kars tarihi. I cild. İstanbul, 1953.

Məmmədov M. Dillərin qarşılıqlı əlaqəsi. Yerevan, 1986.

Payazat A.  Xalderen lezvi banalik. Yerevan, 1936, (hay dilində)

Priskos. Grek seyyahı Priskosa (V asır) göre Avrupa hunları (Çeviren Ali Meh­me­­­toğ­­lu), İstanbul, 1995

Rəsulzadə M. Əsərləri. I c. Mühacirət dövrü: Türkiyə, 1922-1929 (Redaktoru və hazırla­yan N.Yaqublu). B. 2016.

Clauson G.  Armeno-Qıpcaq. «Rocznik Orientalistyczny», XXXIV (2), 1971.

Törə bitigi. A. Qarkavetsin ruscaya çevirisi ilə nəşri.

KDQ - Kitabi Dədə Qorqud (H. Araslı) B. 1938; 1962; (M. Ergin) I-II c. An­kara; (F. Zey­na­lov, S .Əlizadə) B. 1988.

CC- Codex Cumanicus. Edited by G.Kuun. Budapest, 1981.

Абуладзе Ц. А. Тюркский лексический материал в словаре Сулхан-Саба Орбелиани «Картули-лексикони». АКД, Тбилиси,1964.

Адонц Н. Армения в эпоху Юстиниана.СПб.1908; Ереван, 1971.

Алиев К. Античная Кавказская Албания. Б. 1992

Акопян А. А.  Албания-Алуанк в греко-латинских и древнеармянских источниках. Ереван, 1987.

Арвеладзе Б. «Армянские» или грузинские церкви в Грузии?! Тбилиси, 1996.

Бойс М. Зороастрийцы. Верования и обычаи. М. 1987.

Гаркaвец А. Кыпчакские языки: куманский и армяно-кыпчакский. Алма-Ата, 1987.


Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. Б.1991.


Гевонд. История халифов вардапета Гевонда, писателя VIII в. (Пер. К. Паткано­ва). СПб. 1862

Геюшев Р. Б. Христианство в Кавказской Албании. Б.1984

Джафаров Ю. Р. Гунны и Азербайджан. Б. 1985; 1993.


Канзакеци К.  История. Б. 1946

Касумова С. Ю.  Азербайджан в III-VII вв. Б. 1993.

Касумова С. Христианство в Азербайджане в раннем средневековье. Б. 2005.

Кестлер А. Тринадцатое колено. М. 2010

[1] Türkoloqlardan yalnız G. Klauson 1971-də yazdığı məqa­ləsində bun­­­ların türk olduğu­nu göstərmişdir (Clauson, 1971, 7-13); F.M. Kırzıoğlu da xristianlığın Do­ğu Anadolu böl­gə­lərində daha çox oğuz türkləri içində yayıldığını yazmışdır (Kırzıoğlu, 1953).

[2] Гаркавец, 2002.

[3] Belə yanaşmaya qarşı çıxan milli uzmanlarsa qınaq hədəfinə çevrilmişlər. 1980-lərdə türksoylu ermən boyları və xristian türklər haqqında yazdığım məqalələr «Türklər» en­siklopediyasında (2000) nəşr olunandan sonra bu mövzuya qoyulan tabu da çürüdüldü. Artıq bu yöndə çoxlu gənc araşdırmaçılar yetişib və önəmli yazılarla seçilirlər.

[4] İrəvanda etnik adı dəyişib hay olanlara şurdvats hay «dönmə hay (erməni)» deyirlər.

[5] KDQ-da «Şirok-avan ucu» deyimi keçdiyi və hayların bugün də bölgəyə Şirak de­diyi, ərəbcə yazılarda Sirac (Sirac-tayr) olduğu halda, XVI əsrdən Os­manlı ya­zıla­­rın­da Surag-el, Şüreg-el deyimi sonralar Şüregel, Şörəyel formalarını ortaya çıxar­mışdır.

[6]  ТУ, 101;  Daha bir ka­ma­niu (kuman) boyunun həmin çağ­larda Göycə gölü yaxa­sında yaşadı­ğı­nı Urartu qaynaq­ları göstərir (Мещанинов, 1978, 358, 375). Bu kumanlar indiki Basarkeçər böl­gə­sinin qədim sakin­lə­r­i idi. Dəryal (Dar­yol) keçidində gürcü arxe­oloq­ların üzə çıxardığı Kuman qalası da m.ö.VII-VI əsrlərdə salınmışdır.

[7] АВИИУ, №20, №21.

[8] Ağasıoğlu, 1913; Qardizi Kimek yolunda bir bozqır sahəsinin Ulu Kuman adlanması haqqında məlumat verir (Плетнева, 1990, 205).

[9] İbn əl-Əsir, 27.

[10] Арвеладзе, 1996, 84-87.

[11] Цулая, 1984, 197.

[12] Мухаметшин - Хакимзянов, 1987, 60-61.

[13] Rəsulzadə, 2016, 419.

[14] Tarixçi prof. Kırzıoğlu Mehmet Fahrettin bəylə söhbətimizdə İslamöncəsi qaynaq­larla Urmu teoriyası üzərində işlədiyimi söyləyəndə o dedi ki, xristian türklərin tarixini öy­rən­məyin vacibliyini hələ 40 il öncə yazmışam. Bu vətənsevər ağsaqqal alim dün­yasını də­­­yi­şəndən sonra onun «Kars tarixi» (1953) kitabında yazdığı həmin gileyini bu­rada yad et­məyi gərəkli saydım: «Bizler İslamlık görüş və taassubu ile 1071 Malazgirt`ten önceki Anadolu tarihini ana kaynaklardan ve kilisede toplanan maddi vesikalardan tet­kika he­nuz fırsat bulamamışız» (Kırzıoğlu, 1953, XVI).

[15] Абуладзе, 1964.

[16] Ağasıoğlu, 1988, 28, 31, 38; Ağasıoğlu, I Bitik, 2014, 292.

[17] Məmmədov, 1986, 6.

[18] Codex Cumanicus. Edited by G.Kuun. Budapest, 1981.


[19] CC, 1981, 171.

Yorumlar (0)