06.11.2018, 22:45

Doqquz Bitik

Türkoloq Firudin Ağasıoğlunun Altay nəzəriyyəsinin əsassızlığını isbatlatdığı “Doqquz Bitik”i MEK-ə daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) professor, filologioya elmləri doktoru, türkoloq Firudin Ağasıoğlunun “Doqquz Bitik. Azərbaycan türklərinin İslamaqədər tarixi” adlı fundamental əsərı daxil olub.
Türkologiya elmində analogiyası olmayan doqquz cildlik əsər bu sahədə müəllifin apardığı 30 illik tədqiqatın nəticəsi kimi ortaya çıxıb. Əsərdə “Altay” nəzəriyyəsinin əksinə olaraq, alimin gündəmə gətirdiyi yeni “Urmu nəzəriyyəsi”lə Ön Asiya türk etnosunun yarandığı ilkin coğrafi məkan kimi müəyyənləşib. Ən qədim dövrlərdən başlayaraq, islamlaşma çağlarında ilk ərəb istilaları dövrünü əhatə edən və yeni “Urmu nəzəriyyəsi”nin elmi əsaslarını ortaya qoyan bu əsər antropologiya, tarix, coğrafiya və onomastika, dövlət qurumları, mədəniyyət, etnoqrafiya, dil, folklor, mifologiya, etnogenez mənbələri əsasında 9 kitab - “Doqquz Bitik” şəklində yazılıb.
Türk xalqlarının tarixini yeni konsepsiya ilə ortaya qoyan bu əsər “Tarixi qaynaqlar”, “Tarixi coğrafiya”, “Azərbaycanda qurulan qədim dövlətlər”, “Tarixi onomastika”, “Tarixi etnoqrafiya”, həmçinin “Folklor və mifologiyada tarix”, “Azər türkcəsinin tarixi və Azər türklərinin soykökü” başlıqları altında ayrı-ayrı cildlərdə verilib.
“Tarixi qaynaqlar” adlanan I Bitikdə milli və yabançı qaynaqlara yeni baxış və yeni konsepsiyanın metodları şərh olunur. Azər türklərinin tarixinə aydınlıq gətirən antropoloji, arxeoloji və daş bəlgələr, qayaüstü rəsmlər, yazıöncəsi işarələr, damğalar və yazının yaranması digər türk etnosunun formalaşma tarixindən başlayaraq İslamaqədərki 10 minillik bir dövrü əhatə edən zaman daxilində gözdən keçirilir. Türkologiyada ilk dəfə İslamaqədər qonşu xalqlar və dövlətlərlə olan əlaqələr verilir, tarixi faktlarla türklərin ilk Atayurdunun Ön Asiyada olması göstərilir.


Əsərin “Tarixi coğrafiya” adlanan II cildində Azər xalqının tarixi-etnik coğrafiyası araşdırılıb. Urmu teoriyası baxımından öyrənilən oykumenlər, etnik demoqrafiya, kosmonimiya, biosfer, yollar, coğrafi durum, areal izoqlosları, adı və yeri dəyişən toponimlər, çay və dağa adları kimi məsələlər diqqətə alınaraq, prototürk və protoazər boylarının ilkin Atayurdunun coğrafi koordinatları müəyyən edilib, tarixi köçlər haqqında yeni baxış ortaya qoyulub. Burada Alban, Aran, Atropaten, Azərbaycan və Ərməniyə adlarının əvvəlki etimologiyalarından fərqlənən yeni açımı verilir. Bu ölkə adlarının (xoronimlərin) yeni yozumu qədim yazılı qaynaqlardakı bəlgələrin etnolinqvistik tədqiqi ilə yorumlanıb.
“Azərbaycanda qurulan qədim dövlətlər” adlanan III cilddə Azərbaycanın ən qədim dövlətlərindən bəhs olunub, İslamaqədər Ön Asiyada, o cümlədən Azərbaycanda qurulan türk dövlətləri, türk dövlətçilik gələnəyi, ordu və dövlət məsələləri yer alıb. Bu cilddə türkologiyada ilk dəfə olaraq, bir neçə türk dövlətinin varlığı da ortaya çıxarılıb.


Antropologiya və arxeologiyaya, daş bəlgələrə, ilk qədim yazılara, yazıöncəsi işarələrə istinad olunan əsərdə Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzi olması ilə yanaşı, türk xalqlarının ilk Ata yurdu olduğu da sübut olunub.
http://www.mek.az/article.aspx?id=1669

Yorumlar (0)