28.05.2020, 16:33

Korrupsiyadan əl çəkə bilməyənlərin sonu yoxdur

Korrupsiyadan əl çəkə bilməyənlərin sonu yoxdur

Dövlətin hər hansı bir qurumunda çalışan, ona etibar edilən yetkidən öz şəxsi çıxarları üçün faydalanan adam korrupsionerdir. Korrupsiyanın əsasını rüşvət alma təşkil edir. Demək, alan varsa, verən də var. Bu da, ayrı bir dərd, ayrı bir üzüntüdür. Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib. O, ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizədən danışarkən bunları deyib:

--Antikorrupsiya tədbirlərini dövlət aparır və bu təbiidir. Ancaq bizim heçmi məsuliyyətimiz yoxdur? Dövlət başçısı az qala hər çıxışında ictimai nəzarət deyir, vətəndaş cəmiyyətinin fəallığının zəruriliyini vurğulayır. Bununla bağlı hələ illər öncədən konsepsiya imzalayıb, o konsepsiyanın maddi əsasları üçün milli donor institutları yaradıb.

Belə olan halda, bizlər vaxtlı-vaxtında və əlbəttə, faktaloji şəkildə öz səsimizi qaldırmaqdan çəkinməməliyik, haqq səsini qaldıranları alqışlamalıyıq, nəinki korrupsiya "maşını"nın bir hissəsinə çevrilməliyik.


Antikorrupsiya ümumxalq işi, dövlət-xalq birliyinin təntənəsi olunca, həmin korrupsiyadan əl çəkə bilməyənlər arada qalıb, əziləcək, sıradan çıxacaqdır.

Korrupsiya vəzifədə olanın daşıdığı səlahiyyətlərdən istifadə edərək, qanunları gözardı edib, həll edilməli məsələni xalqın, sadə vətəndaşın deyil, özünə yaxınların, hansısa cinayətkar dəstənin xeyrinə qeyri-sağlam yolla həll etməsidir. Vəzifəli şəxslərin daşıdığı statusdan irəli gələn "şans"lardan istifadə etməklə qanunsuz olaraq maddi və s. nemətlər, imtiyazlar yaxud güzəştlər əldə etməsi, eləcə də, digər qanunazidd addımlar atmasıdır korrupsiya. Korrupsiya cinayət, günah dərəsinə yuvarlanmaqdır.

Korrupsionerlər heç zaman özlərinə güvənə bilmirlər, nə qədər yaraşıqlı qalstuk, bahalı kəmər vursa da, başı dik ola bilmir belə yaramazlar. Doğrudur, dikbaş olurlar adətən, ancaq başı dik ola bilmirlər. Vəzifəöncəsi, korrupsiyaöncəsi dövrlərin tanışları, dostları ilə uzaqlaşıb, yeni "şirinlik qanan", "üsul bilən", "başa düşən" tanışlar tapsalar da, sonralar da heç cür səmimi ola bilmirlər. Biri vəzifədən çıxarılan kimı, nə dostluq qalır, nə qardaşlıq. İlk yamanlayanlar da onlar olur. Dərədibi belə bir girdabdır. Çünki etiraf edib-etməsələr də, dediyimiz o dərənin dibindədirlər və ətraf aləmə dərədən baxırlar.


Korrupsioner heç zaman rahat ola bilmir, özünü ha tox tutmağa çalışır, ancaq ən yaxınları təsdiq edər ki, "ovuc-ovuc dərman" atmadan keçinə bilmir. Bir korrupsioner illər öncə bir qələm adamı ilə sanatoriyada qarşılaşır, deyir, sən burda xeyir ola? Qələmdaşımız da deyir ki, bəs, ürəyim, bəs, şəkərim-filan var.

Korrupsioner qayıdır ki, "evin tikilsin, sizin bizim sahədə nə işiniz var, onlar bizim xəstəliklərdir". Sanki şüuraltı ilə xəstəlikləri də bir "əməli fəaliyyət sahəsi"ymiş kimi inhisara, monopoliyaya alacaqlarmış zalımuşağı. Mən əlbəttə, bütün ürək problemlilərini, şəkərə tutulmuşların hamısını korrupsiyaya uğramışlar sanmıram, sadəcə, korrupsioner xislətindəki bir çaları vurğulamaq üçün bu misalı çəkdim.


Söz vaxtına çəkər deyiblər, koronovirus karantini müddətində paytaxt Bakının, respublikamızın, ümumən Yer kürəsinin havasının önəmli dərəcədə təmizləndiyi uyğunprofilli rəsmi orqanlar tərəfindən təsdiq edilib. Bu təmizlənməni özümüz də duyur, tənəffüs edir, görürük. Korrupsionerlərin xisləti pandemiya məhdudiyyəti günlərində belə özünəməxsus şəkildə davam etdi və dövlətimiz olaya ciddi şəkildə əl qoymal oldu. DTX-nın yayımlanan məlum video-xülasələrinə baxdıqdan sonra bir sıra suallar aydınlığa qovuşdu.

Yaxından-uzaqdan tanıdığımız bəzi nadürüstlərin bir zamanlar özlərini çəkə-çəkə gəzmələrinin, ədalarının, gədəliklərinin "mahiyyəti"ni çözdük. Ay sizi, nəfsinə yenik acgözlər! Dövlət əmlakını, dövlət vəsaitini dədəsinin malıymış kimi sümürənlər. Sadə insanları, "sadəlöhvlər"i, "Cəbiş müəllimlər"i, "brend geyinməyənlər"i, "komfort zonada olmayanlar"ı saymazdınız. Ancaq el necə deyir, "Örkən nə qədər uzun olsa da,  doğanaqdan keçər", "haynan gələn vaynan gedər".

Kitabı divar kağızının rənginə uyğun alanlardı belələri. Demirəm ki, yalnız keçmiş zamanda danışaq, təəsüf, hələ də, yeni dövrün çağırışları ilə ayaqlaşa bilməyənlər, şəffaflıq deyəndə başı ağrıyanlar olmamış deyil vəzifə başlarında.
 Onlarınsa iki yolu var: ya yolsuzluqdan əl çəkib, özlərinə çəki-düzən verməli, ya da qapısı hər açıldığında "qara maskalımı gəldi?" səksəkəsinə tutulub, gözü iş otağında "çəkən gözcük" araya-araya "işləməlidirlər".


Hər kəs özü öz yolunu seçir, nə deyək?
Bizə düşən bacardığımız qədər maarifləndirməkdir, doğruları söyləməkdir.


Ulu Tanrı dövlətimizə yar olsun!

Hazırladı:
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”


2

Məşhur İstanbul Qalata Qülləsi 28 May- Cümhuriyyət Günü munasibəti ilə Azərbaycan bayrağı rənglərinə boyandı. 


#BirÜrəkdəİkiCan
#TürkiyəAzərbaycan


3

Yorumlar (0)
29°
parçalı az bulutlu