05.11.2018, 11:06

MODERATOR AZ. saytına verdiyim açıqlama

MODERATOR AZ. saytına verdiyim açıqlama

Son günlər himn üzərində gedən dartışmalara onu hazırlayıb parlamentdə qəbul etdirən komisiyanın sədri kimi, aydınlıq gətirmək istəyirəm:

1. Biz Müstəqillik aktını qəbul edəndə quracağımız dövləti Azərbaycan Demokratik Cümhuriyətin varisi olduğunu bəyan etmişik, ona görə də, onun dövlət atributlarını (gerb, himn, türk dili, latın qrafikalı əlifba) bərpa etməli idik. Tale elə gətirdi ki, o vaxt məni bu işləri görəcək Elm-Təhsil və Mədəniyət komissiyasına sədr seçdilər.

2. Himn məsələsində iki baxış vardı. Komunist deputatlar sözləri Səməd Vurğunun olan sovet himnini saxlamağı, yalnız oradakı "partiyamızdır" sözünü dəyişməyi təklif edirdi. İclasa dəvət etdiyim Vaqif Səmədoğlu "ata mənimdır, mən istəmirəm onun yazdığı himni saxlayaq" deyəndən sonra komunistlər geri çəkildi. Qərara aldıq ki, Əhməd Cavadla Üzeyir Hacıbəyovun yazdığı Cümhuriyət himnini qəbul edək.

3. Onda da himn haqqında mübahisələr vardı. Himni bir az qısaltmaq və bir-iki sözü dəyişmək üçün öncə tanınmış bəstəkarları (Xəyyam, Fərhad və b.) dəvət etdim, uzun müzakirədən sonra ilkin variantın saxlanması qərara alındı. Sözlərin üzərində azacıq dəyişiklik etmələri üçün Vaqif Səmədoğlu ilə Vaqif Bayatlını dəvət etdim. Onlar da bir neçə saat müzakirədən sonra ilkin mətni saxladılar. Himnin musiqisi, səslənməsi üzərində komissiyanın üzvü Gülnarə xanımın və bəstəkar Aydın bəyin əməyini də qeyd etməliyəm.

4.Beləliklə, indiki himnin orkestr və xorla oxunma variantlarını Milli Məclisdə təqdim etdim, hamılıqla qəbul olundu.

P.S. Yuxarıda sadaladığım prosesin icində olmuş hörmətli Tahir Kərimlinin bu məsələləri indi gündəmə gətirməsini doğru saymıram. Ancaq onun üzərinə ağır sözlərlə gedilməsini də doğru saymıram, hər kəsin düşündüyünü söyləməyə haqqı var, unutmayın ki, Tahir bəy sayı az qalmış istiqlalçı deputatlardandır və bugün sizlərin kimisə açıq şəkildə tənqid edə bilməniz üçün o, digər istiqlalçı deputatlarla birlikdə kəfən geyib Müstəqillik uğrunda savaşmışdır.

Yorumlar (0)