13.12.2018, 20:08

Ortaq Türk dili: nə etməliyik, necə etməliyik?

Ortaq Türk dili: nə etməliyik, necə etməliyik?

Feridin Celilov

Gündəmdən düşməyən mövzulardan biri də ortaq türk dilinin yaradılması məsələsidir. Müxtəlif illərdə bununla bağlı çoxsaylı qurultaylar, toplantılar keçirilsə də, məsələ həllini tapmayıb.

Ortaq türk dilinin yaradılmasını zəruri edən, bu yolda atılmalı olan addımlar nədən ibarətdir?

Tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Novator.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, ortaq dil məsələsi çox ağır mövzudur: “Onun incəliklərini bilmədən “ortaq dil yaradaq”, “birləşək” şəklində şüarlar verməklə iş getməz. Bu, çox ciddi araşdırma, üzərində çox ciddi işləmə tələb edən böyük problemdir. Ortaq türk dili mövcud olub vaxtilə. Orta əsrlərdə iki ortaq türk dili var idi. Biri Qafqazda, İranda, Türkiyədə və Orta Asiyanın bəzi bölgələrində işlənən ortaq dil idi ki, buna türki dili deyirdilər. O dildə məktublar yazılır, insanlar bir-biri ilə ünsiyyət qururdular. Bir də bir az qıpçaq dilinə yaxın olan və özbəklərin, uyğurların işlətdiyi cığatay dili var idi.

Azərbaycanda olan türk dili nəinki türklərin, hətta Qafqazdilli xalqların da ortaq dili olub. Ruslar Qafqaza gəlməmişdən bu bölgənin xalqları həmin ortaq dildə danışırdılar. Hətta 1936-cı ilə qədər Dağıstanın konstitusiyasında türk dili dövlət dili idi.

XVII əsrin 70-ci illərində bir fransız missioneri gəlib Azərbaycanın güneyini və quzeyini gəzir, sonra Şamaxıda bölgənin ortaq dili haqqında kitab yazır. Kitabın adı belədir: “Söz türki”. Bir nüsxədən ibarət olan bu kitab İsveçdə kitabxanada saxlanır. Üzünü köçürüb mənə göndərdilər, mən onu çapa hazırladım, amma maddi imkan olmadığı üçün elə əlyazma şəklində də qaldı, çap edə bilmədim.

Həmin missioner üç-dörd əsr əvvəl bu dilin faktlarını ortaya qoyub. Onun kitabını isə cəmi iki nəfər oxuyub. Bir isveçli Yohanson adlı türkoloq, bir də mən. Daha üçüncü adamın o kitabdan xəbəri yoxdur.

Təxminən 30 il öncə Ankarada görüşəndə Yohanson mənə dedi ki, o da “Söz türki”ni çapa hazırlayıb, amma çap etməyə imkanı yoxdur. Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu bu cür kitab və ya əlyazmaları tapıb çap eləməlidir.

Afanasi Nikitin “Üç dəniz arxasında” kitabını rusca yazıb. Amma o əsərin bir çox yerində ortaq türk dili dediyimiz Azərbaycan türkcəsində cümlələr var. Yüzlərlə belə fakt saya bilərəm ki, Azərbaycan türkcəsi bu böyük ərazidə ortaq türk dili kimi işlənib. Azərbaycan türkcəsi oğuz dilidir. Bu oğuz dili güneyli-quzeyli Azərbaycanda, bütün Qafqazda, Anadoluda, Türkmənistanda işlənib. Heç olmasa bu ərazilərdə yaşayan türk xalqları üçün bir ortaq dil dərsliyi hazırlamaq lazımdır ki, yenidən o dönəmə qayıtmaq olsun. Sonradan cığatay dilini də bura əlavə etməklə bir ümumi dərslik ortaya qoymaq olar. Amma bunlar ağır işdir, böyük zəhmət tələb edir.

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna milli ruhlu bir akademik rəhbərlik edir – Möhsün Nağısoylu. Bu yöndə xeyli iş görürlər. Sadəcə olaraq dəstək verib onların gördüyü işi universitet auditoriyalarında və digər yerlərdə, xüsusən televiziya səviyyəsində təbliğ etmək lazımdır. Arada o şou-proqramların əvəzinə belə milli məsələlərlə bağlı mövzular efirə çıxarılmalıdır”.

Firudin Cəlilovun fikrincə, ortaq türk dilinin yaradılması üçün tarixdə olanları təbliğ və bərpa etmək lazımdır: “Tutalım, qazaxla Azərbaycan türkü bir-biri ilə çətin anlaşır. Amma bir həftə Qazaxıstanda yaşayanda danışa bilməsən də o ləhcəni tam başa düşürsən. Yəni türk dilləri hind-Avropa və başqa dillərdən fərqli olaraq ana kökünü saxlayıb. O ana kökün üzərində müəyyən işlər aparmaq lazımdır. Birinci mərhələdə oğuz türkcəsi üçün, ikinci mərhələdə qıpçaq dilləri üçün ayrıca ortaq dil dərsliyi yaratmaq, sonra bu iki ortaq dilin materiallarını elmi şəkildə uzlaşdırmaq olar ki, üçüncü, yəni əsas variant üçün nəyi saxlayıb nəyi ixtisar etməli olduğumuzu bilək. Həmçinin təbliğat belə aparılmalıdır ki, ortaq dil yerli ləhcələrin sıradan çıxmasına səbəb olmayacaq, o məqsədi güdmür. Qazax öz ləhcəsində, qırğız öz ləhcəsində, Azərbaycan türkü öz ləhcəsində yazıb-oxuyacaq, amma əlavə olaraq ortaq türk dilini öyrənəcək ki, digər türk dövlətinə gedəndə o dildə danışa bilsin. Bunun elmi yolları var. Bu işi naşı adamların öhdəsinə buraxmaq olmaz.

Xalq arasında bu proses gedir. Azərbaycanda Anadolu türkcəsi seriallar, verilişlər, xəbərlər vasitəsilə bütün evlərə girib. Dövlət müstəqilliyimizi bərpa edəndən bəri biz Türkiyədən yüzlərlə söz alıb işlədirik. Bu yaxşı haldır, ortaqlığa aparan yoldur. Amma Türkiyədə bunu etmirlər. Çünki orda bu təbliğat getmir. Yalnız son zamanlar çox az sayda, bir neçə məktəbdə Azərbaycan türkcəsi ilə Anadolu türkcəsi arasındakı fərqləri şagirdlərə öyrətməyə başlayıblar.

Əslində Azərbaycan türkcəsi türk dilləri içərisində ən gözəl və ən mükəmməlidir, lakin biz bunu təbliğ edə bilmirik. Anadolu türkləri bizdən çox söz götürə bilərlər, lakin etmirlər. Bunun da müxtəlif səbəbləri var. Bir tərəfdən Türkiyə 600 il imperiya olmuş dövlətdir deyə digər türk xalqlarına bir az böyük qardaş kimi baxır. Ən böyük səhvi də budur. Bu gün Güney Azərbaycanda olan türkçülük nə Quzey Azərbaycanda var, nə də Türkiyədə. Digər tərəfdən Türkiyədə bu məsələ ilə məşğul olan alimlər içərisində gələcəyi görə bilənlər çox azdır. Görə bilənlər də “Turan”, “Ərgənəkon” şüarları ilə gündəmi dolduran, elmdən uzaq insanlardır. Ortaya konkret iş qoyan yoxdur. Bu iş üçün həm siyasi iradə, həm də fərdlərdə həqiqi türk ruhunun olması lazımdır.

Mən həmişə Türkiyədə deyirəm ki, biz Bakıdan İstanbula “təyyarə” ilə gəlib “uçaq”la qayıdırıq. Bu zaman “uçaq” olur bizim ortaq sözümüz. Siz də “anahtar”la gəlib “açar”la qayıdın. Bax, bu mexanizmi məhz onun problematikasını bilən insanların rəhbərliyi altında işə salmaq lazımdır ki, mexanizm gözlənməz fəsadlar verməsin”.

Firudin Cəlilova görə, xüsusi məqam ortaq əlifba məsələsidir: “Hər dəfə qeyd edirəm ki, əvvəl ortaq əlifba olmalıdır, sonra ortaq dil. 30 ildir ortaq əlifba məsələsi gerçəkləşmir. Halbuki 30 il qabaq türk ölkələrinin tanınmış alimləri İstanbulda keçirilən qurultayda müxtəlif layihələri müzakirəyə qoydular və 34 hərfdən ibarət ortaq əlifba qəbul etdilər. Hamısı da buna imza atdı. Türkiyəlilər indiki əlifbalarına iki-üç hərf artırsaydılar həmin ortaq türk əlifbasını qəbul etmiş olurdular. Amma 30 ildir bunu edə bilmirlər. Biz isə onu burda həyata keçirmişik və 26 ildir işlədirik. Tatarlar da həmin ortaq əlifbanı işlədir. Amma bu gün Orta Asiyadakı ölkələr özləri yeni əlifba yaradırlar ki, bu da ortaqlıq məsələsinə ziddir.

Biz 1991-ci ildə latın qrafikalı yeni əlifbanı Azərbaycan parlamentindən keçirdəndə (həmin vaxt Firudin Cəlilov parlamentin üzvü idi; 1992-1993-cü illərdə isə o, baş nazirin müavini, xalq təhsili naziri, ali və orta ixtisas təhsili naziri vəzifələrində çalışıb – red.) çox böyük təzyiqlər var idi. Ortaq əlifba məsələsi ilə bağlı Qazaxıstandan bura beş-altı professor gəlmişdi. Onlara bu prosesi həyata keçirməyin yolunu izah etdim, çətinliklərini başa saldım, çox razı getdilər. Sonra mənə xəbər göndərdilər ki, ortaq əlifba məsələsini reallaşdıra bilmirik, mane olanlar var. Özbəkistanda da bu cür oldu, Türkmənistanda da. Ortaq əlifba yalnız bizdə, Krım tatarlarında və Tatarıstanda işlənir.

Elə məsələlər var ki, açıq demək olmur. Vaxtilə Atatürkü də çaşdırıblar, Türkiyədə indiki əlifbanı qəbul edib. Halbuki o vaxt bütün türk ölkələrinin istifadə etdiyi ortaq əlifba var idi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda ortaq əlifba qəbul edilmişdi və biz onu 1939-cu ilə qədər işlətdik. Sonradan Stalin onu ləğv etdi və kirill əlifbasına keçildi. Türkiyə latın əlifbasını həmin ortaq əlifba bizdə işləndiyi dövrdə qəbul etmişdi”.

Professor ortaq dilin sıradan çıxmasının səbəbləri arasında bunları da qeyd edir: “Rusların gəlişindən sonra Qafqazda proseslər dəyişdi. Rus dili ortaq dil kimi türk dilini sıxışdırdı. Güney Azərbaycanda isə fars dili son yüz ildə dövlət siyasəti şəklində türk dilini sıxışdırmaqla məşğuldur. Farspərət alimlər, xüsusən ruslar yazır ki, guya Azərbaycanın həm quzeyi, həm də güneyində əvvəllər ayrı xalqlar olub, burda türkləşmə səlcuqlar gələndən sonra başlanıb. Faktlar isə bunun əksini göstərir. Odur ki, Azərbaycanda əsrlərlə farslaşma gedib və bu gün də gedir. Anadolu türkcəsində isə iki dil yaranıb: bir Azərbaycan türkcəsi ilə eynilik təşkil edən xalq dili, bir də İstanbul ləhcəsi”.

Yorumlar (0)