08.03.2021, 21:05

Təbiət gülə qarşı, cəmiyyət qadına qarşı amansızdır

Təbiət gülə qarşı, cəmiyyət qadına qarşı amansızdır


(Eluca Atalının “Hümay” qəzeti üçün Asif Atadan hazırladığı müsahibəni sizlərə təqdim edirik. Müsahibə 1992-ci ildə alınmış, amma mahiyyət etibarı ilə bugünümüzlə səsləşdiyi üçün yayımlayırıq.)

 Eluca Atalı: Atanın “Hümay” qəzetinə xeyir-duası.

Asif Ata: “Hümay” qəzetinə istəyim odur ki, Qadınlıq adlanan əzəli mahiyyət onda öz ifadəsin tapsın. Analıq adlı əzəli mahiyyət onda öz ifadəsin tapsın, Məhəbbət adlanan əzəli mahiyyət öz ifadəsin tapsın, Ailə adlanan əzəli mahiyyət öz ifadəsin tapsın, Bacılıq adlanan əzəli mahiyyət öz ifadəsin tapsın. Qəzet Qadınlıq tərcümanı olsun, Qadınlığın ləyaqətin qorusun, Qadınlığı ucaltsın, Qadınlığa layiq olsun!

Əslində Qadınlıq indiyə qədər vəsf olunduğu dərəcədə inkar olunub. Bu inkar açıq şəkildə də olub, gizli şəkildə də. Və Qadınlıq öz izharını tapmayıb, deməyib. Mənim arzum odur ki, “Humay” qəzeti Qadınlıq izharı olsun.

Eluca Atalı: Qadınlığın mahiyyəti haqqında?

Asif Ata: Qadınlığın mahiyyəti – Ruhani zəriflik, Mehr, Nəvaziş, İstilik, Doğmalıq, Məhəbbət, Daxili Gözəllik, Zahiri cəzb, Məlahət və bütün bunların cəmi, Yüksək nəciblik. Bütün qalan cəhətlər üstəgəl bu mahiyyət -hamısı onun təzahürləridir.

Qadınlığın mahiyyətində poeziya var və musiqidə vəsf olunub o, həyatda, cəmiyyətdə, dinlərdə, adət-ənənələrdə tapdanıb. Çox əcayib bir vəziyyət yaranıb: Füzulilərin heyrət etdikləri bütlər, kamillik səviyyəsinə yüksəldən xislət hər addımda təhqir olunub. Və bu təhqir, alçaltma az qala ənənə kimi tarixin bir məqamından başqa məqamına keçib… Bu bir tarixi faktdır.

Qadını təhqir etməyən cəmiyyət yoxdur. Qadını alçaltmayan din olmayıb.  Qadına qarşı ər münasibəti ən çox ağa münasibəti olub. Bu haqda xüsusi danışacağıq. Qadın özünü daim qorumalı olub. Qadın özünü ailədə qorumalı olub, cəmiyyətdə qorumalı olub, şəraitdə qorumalı olub, mühitdə qorumalı olub…

Təbiət gülə necə amansız olubsa, cəmiyyət də qadına o cür amansız olub. Çünki qadının mahiyyətinə, ləyaqətinə, ismətinə, nəvazişinə, nəzakətinə uyğun olan cəmiyyət yaranmayıb… Qorumalı idi cəmiyyət qadını. Qadən özünü cəmiyyətdən qorumalı olub. Ər qadını qorumalı idi. Qadın özünü ərindən qorumalı olub. Din qadını qorumalı idi. Qadın özünün dindən qorumalı olub. Poeziya, musiqi qadını ilahiləşdirir, göylərin ucalığına qaldırır. Həyat, şərait, cəmiyyət onu göydən yerə salıb, yerdə tapdalayıb… Qısa şəkildə qadının aqibəti budur. Mən sənin sualına özüm hərtərəfli cavab verdim, çünki Atanın dediyi bu sözlər çox vacibdir, başqası bunu deməyəcək.

Eluca Atalı: Müqəddəs Ata! Dünənimizdə Azərbaycan, Türk, Şərq qadını.

Asif Ata: Çox yaxşı! Mən elə bilirəm ki, “Humay” qəzeti demokratiya, plüralizm və bu kimi sözlərin azdan-şoxdan həqiqət olacağına inanır. Ona görə də qorxmayaraq, Atanın bu sözlərini olduğu kimi verəcək.

O cümlədən müasir dindarlıq tüğyanından qorxmayacaq. Əgər plüralizm varsa, onda dindara da söz vermək lazımdır, inamçıya da – yoxsa plüralizm riyakar bir klerikalizm olar. Səhərdən axşama kimi dini təbliğ edirlər – demokratiya adıynan, plüralizm adıynan. Və dinə qarşı yarım cümlə söz deyəndə əsim-əsim əsirlər əsəbiliklərindən. Belə demokratiya olmaz! Özünü bu qədər aldatmaq olmaz!.. “Humay” qəzeti əvvəldən özünü belə aldatmasın, plüralizmi plüralizm kimi qəbul eləsin. Dinçiyə də söz versin, inamçıya da… Bu belə bir balaca haşiyədir ki, mən ona ehtiyac hiss edirəm.

İslamdan əvvəlki Şərq – Şumer şərqi idi. Şumer Şərqində qadına qarşı ruhani təzyiq olmurdu. Ən böyük ruhanilər qadın simasında və qadın adında tutulurdu.  İlahilərin birinin adı Anuydu. “Ana” sözü həmin o Anuydandır.

İslamdan qabaqkı Şərq – Hind ruhu idi. Hind ruhunda səcdə var qadına. Və xüsusi ilə İslamdan qabaqkı Şərq – Türk ruhu idi. Türk ruhunda qadın çadra qapalığıdan nəinki uzaq idi, ikinci dərəcəli məxluq taleyindən nəinki uzaq idi – bütün onlara qarşı idi! Ərnən qadın arasındakı münasibət yüksək səviyyədə idi. Qadın kişinin taxtı idi, baxtı idi…

Dədə Qorqudda artıq bu var. Qadın ox atırdı, nizə vururdu, düşmənlə vuruşurdu, döyüşürdü, həm də namusunu saxlayırdı. At üstündə gəzirdi. Onun üçün xüsusi hərəmxana düzəltməmişdilər və qeyrət özü də azad idi. Qeyrətsizliyə ehtiyac hiss eləmirdi türkçü. Çünki heç kəs onu qeyrət adı ilə buxovlamırdı. Bir kişinin bir arvadı vardı, bir arvadın bir kişisi. Dördarvadlıq yox idi. Və mahiyyətcə türk qadını da tələbkar idi öz ərinə – kinvirlər kimi. Kinvirlər – köhnə alman tayfaları olsalar da, onlara çox yaxın bir tayfadır. Kinvir qadınları döyüşdən qaçan ərlərini özləri öldürürdülər…

Əgər bütün bunları ümumiləşdirsək, üç əsas ideya çıxır ortalığa: Qadın İlahiliyin rəmzi idi: Qadın dünyadan gizlədilmirdi: Qadın ərinin dostu idi, ər onun ağası deyildi. Onun başının taxtı idi, həm də ulu baxtı idi. Dədə Qorqud dili ilə desək, bu idi vəziyyət VII əsrə qədər, ərəblərin dünyaya sahib olmasına qədər.

Ərəb dünyasında isə qız uşağı olanda öldürürdülər. İslam,.. yenə təkrar edirəm ki,  “Humay” qəzetinin özünün fikri ola bilər. Qoy, öz fikrini desin. Versinlər xüsusi bir haşiyə ki, biz bu fikirlərlə razı deyilik. Ata belə şeyləri çox sevir, ləzzət alır bundan…

İslam hər cəhətdən qadını alçaldır. İslam qadını kişinin öhdəsinə buraxır və deyir ki, qadın sənin torpağındır – nə becərirsən becər! Burda artıq qadınla kişi arasındakı münasibətdən danışmaq ola bilməz. Becərirsən becər – torpağı becər qadını becər… Burda qadın kişiyə bərabər olmur. Ən azı budur. Burda hərçəndi alçaltma var qadını.

İkinci, qadın gizlədilir, çünki qadına inam olmur. Qadının sifəti gizlədilir kişilərdən qadın sifəti adlı işıqdan məhrum olurlar. Ata heç bir zaman bunu obraz kimi demir. Mən hərfi mənada dəfələrlə demişəm, həqiqəti dəfələrlə demişəm.

Üçüncü, qadın malnan, dövlətnən bir tutulur, filan kişinin bu qədər evi var, eşiyi var, malı var, dövləti var, arvadı var… arvad çevrilib olur varidat: varidatın, maddiyyatın bir hissəsi.

Dördüncü, bir kişinin dörd arvadı varsa, bu qadınla kişi arasındakı fərqin dəhşətidir. Deməli, bir kişi dörd arvada bərabərdir, hələ siğədən söhbət getmir, qul qadınlardan söhbət getmir, hərəmxananı dolduran yüzlərlə, bəzən minlərlə yazıq qadınlardan söhbət getmir!.. Hər nöqteyi-nəzərdən olduğu kimi, bu nöqteyi-nəzərdən də İslam şərqin belin əydi ki, Avropa onun belin qırsın. Ancaq belə çıxmasın ki, yalnız İslam qadını alçaldır, guya ki, xristianlıq alçaltmır. Qismətçilik olan yerdə qadın alçalır. Bütün dinlər – xristianlıq, musəvilik, o birilər – hamısı qadını alçaldır və üstəlik də dinin təsiri ilə belə bir fikir yaranır ki, qadın iblisliyə daha çox meyillidir, ona görə ondan qorxmaq lazımdır. O, bicdir, vələduznadır, saman altından su yeridəndir, Qətibədir – bizim sözümüzlə desək. Ona etibar yoxdur; o, su bulandırmağı sevir, fitnə-fəsadı sevir. Onu həmişə zəncirdə, buxovda saxlamaq lazımdır, çünki zəncirdən, buxovdan çıxan kimi aləmi bir-birinə qata bilər… Nifrət edirlər, qoruyurlar aləmi qadınlardan. Ancaq unudurlar ki, bütün duyğuları onda (qadında) yaradan cəmiyyətdir, şəraitdir, kişidir, ərdir. O, özünü qorumaq üçün bunlara əl atır. Bir də bunlar hədsiz dərəcədə şişirdilibdir fantaziyalarda, təxəyyüllərdə. Kişilər öz ağalıqlarını qorumaq üçün ediblər bunu və bir də deyirlər ki, qadınla kişi arasında təbii fərq var; təbii fərq elə yaradılıb ki, kişi birincidir, qadın ikinci. Bunu da qəsdən şişirdiblər.

Bütün bu deyilənlərə yekun vurub bir nəticəyə gəlmək olar ki, Şərq qadını, Türk qadını dinə qədər özü olub, dindən sonra əsarətə qapılıb. Ümumi quldarlıqdan başqa qadın quldarlığı, qadın qulluğu olub və bu günə qədər davam edir – açıq şəkildə, yaxud gizli şəkildə. Hər halda psixologiya kimi, bir hal kimi hələ aradan qalxmayıb.

  Eluca Atalı: Ata qadın haqqında İslam təsirindən danışdı. Onda belə bir sual da ortaya çıxır: Bugünkü Türk dünyası və qadınlıq. Onların həyatında qərbləşmə.

Asif Ata: Əvvəl Qərb söhbətini biryolluq eləyək, heç bir şey gizli qalmasın oxuculardan.

Zahirən deyərsən Avropa qadına azadlıq verdi, hərçənd Avropa xristian ölkəsi, daha doğrusu, xristian ölkələri, xristian aləmi oldusa da, burda qadın tam azaddır, tam sərbəstdir və s. və i.a… Zahirən azaddır, zahirən açıqdır. Mahiyyətcə isə onun öz dəhşəti var, öz fəlakəti var. Bu fəlakətin səbəbi ondadır ki, qadın Freydizm tələsinə düşüb. Bilirsiniz ki, Avropa Freydə dua oxuyur. Avropa allahı əslində İsus Xristos deyil. Avropanın allahları çoxdur. Onda çoxallahlıqdır Onlardan biri panteizm idi – obrazlı desək. Və o panteistlərdən biri də Freyddir. Freyddə insan psixologiyasını, insan mənəviyyatını bütünlüklə seksual, yəni, şəhvani, cismani cinsi ehtirasa bağlayır və bu cinsi ehtirası insanın mahiyyəti hesab edir. Əgər Marksda insan iqtisadi hadisədirsə, burda, Freyddə insan cinsi hadisədir, ən çox cismani hadisədir, seksual hadisədir. Libido adlanan şəhvət guya ki, insanın bütün ömrünü, bütün iradəsini, bütün duyğularını, bütün ağlını – hamısını əhatə eləyir. Təbiidir ki, bu cür insan, kişi bir şeydir – məncə burda açıq danışmaq olar, burda bir qəbahət yoxdur, bu “Kokteyl” eybəcərliyi deyil. (Qeyd: “Kokteyl” 90-cı illərin əvvəllərində çap olunan bir sarı mətbuat idi. E.A.) Bu təbiidir ki, bu münasibətdə kişi özünü üstün tuta bilər, kişi qadına ayrı gözlə baxa bilər. Avropa qadını başqa cür alçaldır. Onu cismani münasibətlərin vasitəsi kimi alçaldır…

Seksual inqilab yaranmışdı 20-ci illərdə Qərbdə: bir kişi azdır bir qadın üçün və i.a. Avropada qadın Freydcəsinə, murdarcasına cismani münasibətlərin vasitəsi kimi tanınır, o cür qəbul olunur, seviləndə belə, o cür sevilir,  sevginin sonu da bu cür qurtarır. İndi ayrı-ayrı şəxsiyyətlərdən söhbət getmir, hal kimi söhbət gedir. Bu seksual fikirlərə belə böyük maraq, seksual artistlərin ilahiləşdirilməsi, onların paltarlarının, yaylığının, nə bilim nəyinin ilahi bir sərvət kimi saxlanması – bu dəlilik, sərsər bir murdarlıq Qərbin canıdır, mahiyyətidir. Bu, bütün başqa cəhətləri: azdan-çoxdan Avropa qadınlarının savad inkişafı, vəzifələrdə çalışmaq imkanı və s. kimi nisbi məziyyətlərini də heçə endirir. Əgər qadın cinsi münasibətlər mənbəyindən başqa bir şey deyilsə, əgər bu dünyanın mənası seksdirsə,  onda lap baş nazir olsun o qadın, kim olur-olsun — kişidən aşağıdır. Çünki kişi cinsi münasibətlərin ovçusudur, qadın ovu. Bundan da açıq danışmaq mümkün deyil, lazım da deyil və Qərbçiliyin bu xüsusiyyətlərindən vaxtımız az olduğundan, mən lap qısa şəkildə danışdım. Bu seksuallıqdan başqa, ümumən əxlaqın zəifləməsi, az qala adamların əxlaq “buxovunu” qırması fəlakətdir… Balzak bunu gözəl göstərmişdi. Balzakın əsərlərində kişi öz aşnasın gətirir öz arvadı ilə tanış edir, arvadı da öz aşnasın gətirir tanış edir və dördü bir yerdə içirlər.

Deməli, İslam qadını bu cür təhqir edir, Avropa onu bu cür. Burda ikisi də birləşir, ikisi də qadını alçaldır.

İndi keçirik sualın türkiyə hissəsinə. Bəli, müasir Türkiyə Qərbləşir. Müasir Türkiyə açıq-saçıqlaşır və Türk ruhu – yuxarıda dediyimiz cəhətlər, qəribədir ki, müqavimətə rast gəlir və mən əminəm ki, Türk ruhu ölmür, Türk ruhu yaşayır və Qərbçilik adlanan süni özgələşmə, zənnimcə, aradan qalxacaq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan türkləri də bir tərəfdə islamlaşır, o biri tərəfdən erotikləşir. Fikir verirsinizmi, bir tərəfdən islam qapalığı, o biri tərəfdən erotik kitablar, şəkillər seli…

Nə avropalaşmaq lazımdır, nə islamlaşmaq.

İnsanlaşmaq lazımdır – qadını da xilas yolu budur.

Eluca Atalı: Müqəddəs Atanın ictimailəşən qadına münasibəti?

 Asif Ata: Çox yaxşı, gözəl sualdır. Mən o fikridəyəm ki, qadın həyatımızda ayrı-ayrı sahələrə, elmə, əməllərə analıq gətirə bilər və gətirməlidir! Özü də belə bir amansız dövrdə. İnsanların zərifliyə bu qədər ehtiyacı olduğu bir zamanda qadın həyatımızın bütün sahələrinə analıq gətirməlidir. Və mən əminəm ki, bu olacaq! Ocağımızın da bir məqsədi elə budur. Ancaq vəziyyət elə gətirib ki, qadının evdəki analığı təhlükə qarşısındadır. Qadını o dərəcədə ictimailədiririk ki, qadın nəinki həyata analıq gətirə bilmir, heç özü də şəxsi həyatında analığı saxlaya bilmir. Uşaqlar əslində anasız qalır. Bax, fəlakət budur.

Qoy, qadınlarımız alim olsunlar, qoy, qadınlarımız xadim olsunlar… təkrar edirəm, onlar elə söz deyəcəklər, elə amal həyata gətirəcəklər ki, onu kişilər həyata keçirə bilməz. Analıq adlanan o işıq,  ülviyyət, şəfqət hamıya gərəkdir – yaşından asılı olmayaraq. Cəmiyyətin özü də indiki bu murdar vəziyyətdən qurtarmaq üçün qadınlığa ehtiyac hiss eləyir. Sən yaxşı bilirsən ki, bizim məqsədimiz indiki cəmiyyəti aradan qaldırıb, onun yerinə xalq birliyi yaratmaqdır, hələlik biz onun adını Ruhani Cəmiyyət qoymuşuq. Amma bu “cəmiyyət” olmayacaq, birlik olacaq. Ancaq hələ ki, “cəmiyyət” sözü işlənilir. Ata da onu bu müsahibədə işlədir…

Demli, bir tərəfdən qadın özünün şəxsi aləmini itirir, qadının bütün günü, saatı, dəqiqəsi analıqdan, bacılıqdan, qadınlıqdan, arvadlıqdan – arvad pis söz deyil – təcrid olunur. Çox az şey qalır, az imkan qalır qadınlığına, analığına, arvadlığına, bacılığına. İkinci tərəfdən də ictimai həyatda bunları göstərə bilmir. Ona tapşırılan işlərin heç birində bu lazım olmur. Qadın fəhlə olur, qadın kəndli olur ən çox. Qadının ömrü-günü tarlalarda keçir. Qadın – mexanizator olur… Sevilin “xilas sosializmdədir!” sözü yalan çıxdı. Heç bir fabrik, heç bir zavod, heç bir tarla qadının analığına ehtiyac hiss eləmir. Budur fəlakət! Qadına elə iş verin ki, orda analığ işığı yansın, parlasın. Bu haqda mənim fikrim budur.

    Eluca Atalı: Qadınlıq, ictimai fikir.

Asif Ata: Çox yaxşı. Qadınlığı vəsf edən poeziya, musiqi olub – bayaq dediyim kimi. Ancaq qadın məsələsi ilə bağlı fəlsəfə, elm çox fikirlər söyləyib, fikirlər isə əsasən qadına qarşıdır. Misal üçün, antik filosof Platon özünün “Dövlət” əsərində deyirdi ki, qadınları ümumiləşdirmək lazımdır. Eşq haqqında çoxlu-çoxlu sözlər söyləyən Platon bunu özünün filosofluğuna sığışdırırdı – murdarlığı. Deməli, mülkiyyət və qadın bir şeydir. Münkiyyət ümumiləşdirilməlidir… Platon özü kommunist idi, qadın da mülkiyyətin bir hissəsi kimi o da ümumuləşməlidir.

Məzdək üsyankar olduğu dərəcədə də kommunist idi. O da deyirdi ki, qadın ümumiləşməlidir.

Filosofların heç biri nə Kant, nə Hegel, nə Şellinq, nə Fixte qadın haqqında yaxşı bir söz deməyiblər. Sonra gəlir Marksist nəzəriyyələri. Onun da ən böyüyü Avqust Babel idi. Babelin qadına həsr olunmuş xüsusi əsəri var. Orda deyirdi ki, sosializm qadını xilas edəcək. Amma Marksın sözündə belə bir yer var ki, ailə özü qadına ziyan verir, ailə özü dəyişilməlidir. Bunu deyib bir neçə varinatda. Kommunistlərin fikrinə görə, ümumilik xilas edəcək qadını, hardasa ailə də dağılacaq, hardasa xüsusi duyğular da azalacaq… Marksizmin qadın nəzəriyyəsi hədsiz dərəcədə təhlükli əxlaqsızlıqdır. O biri filosoflar da həmçinin. Ancaq Füzulimiz allaha aid olan bütün sifətləri qadında görürdü. Ona görə bizim heç kəsdən, xoşbəxtlikdən, öyrənməyə ehtiyacımız yoxdur.

Mən burda bir məsələni istəyirəm qoyam. Çünki qadınla bağlı mən çox düşündüm, emansipasiya (asılılıqdan azad olunma – E.A.)uğrunda döyüşdə birtərəflik görürəm. Onları tənqid eləməmək üçün bunu incə şəkildə mən deyirəm.  Bütün məqsəd budur ki, hüququmuz bir olsun.

Məgər məsələ tək ondadır hüququmuz birdir. Ancaq bütün o Freydizm qalır. Onda bərabərlik özü də sözdə qalır. Ailədən başlamaq əvəzinə, cəmiyyətdən başlayırlar… Anlamırlar ki, cəmiyyət qadına qarşıdır! Bütün bu emanasiya döyüşləri nə verdi qadına?! Qəribədir qadın kimi zərif məxluq emanasiya döyüşlərində çox kobud olur. Fikir vermisinizmi?  Elə şüarlarla çıxış edirlər ki, elə bil bu qadın deyil.

Mitinqləşən qadın fəlakətdir!

İkinci bir tərəfdən, onlar istəmədən özlərinin kişidən aşağı olduqlarını sübut edirlər. 8 mart bayramı nəyə gərəkdir?! Kişilər bayramı yoxdur axı! Özünü aşağı salırsan – xüsusi bayram düzəldirsən. Özünü ikinci dərəcəli, yüzüncü dərəcəli eləyirsən… “kompleks” deyirlər buna. Qeyri-kamillik kompleksindən başqa nədir bu?  Niyə 8 mart olsun? Demək, sən kişidən əskiksən…

Yalnız İnsanlaşma, Ocaqlaşma qadını fəlakətdən qurtara bilər!

 Eluca Atalı: Elə isə Asif Ata Ocağı və qadınlıq? Ocağın qadına münasibəti?

Asif Ata: Mən elə bilirəm ki, Ocaq yeganə inamdır ki, qadını ülviyyət rəmzi səviyyəsinə yüksəldir. Atanın yazılarını oxuyursunuz. Orda qadın nədir – bilirsiniz. Qadın kişidən nəinki aşağı deyil, qadın kişinin gözünün işığıdır. Qadınla kişi arasında münasibətə Ata belə deyirdi bir dəfə:

Qadın – dünyanın yaraşığı.

Kişi – dünyanın işığı.

İşıqla yaraşıq bir şeydir!

İkinci bir tərəfdən Ocağın məqsədi İnsanlaşma – İnsanlaşdırmadır!

Qadına münasibət insanlaşma – insanlaşdırma ölçüsüdür. De görüm, qadına necə münasibət bəsləyirsən – deyim, sən kimsən!

Sən qadına şübhə ilə baxırsansa, zorakılıq edirsənsə, onu özündən aşağı sayırsansa – sənin nəyin insandır?! Sənin bütün fəlsəfən nəyə gərəkdir?! Sənin özünlədöyüşün nəyə gərəkdir?Sənin bu mərasimlərdə iştirakın nəyə gərəkdir?! Sənin bu Ocağa xidmətin nəyə gərəkdir?!

Bəli, ümumi İnsanlaşma gərəkdir, Mütləqə İnam gərəkdir; yəni, yeri-göyü yaradan allaha yox, dünyanın dünyadan böyük mənasına, həyatın həyatdan böyük mənasına, insanın insandan böyük mənasına inam gərəkdir, özüylədöyüş gərəkdir, İnsanlaşma gərəkdir, Özümlü Şərqə qayıtmaq gərədkdir, Avropa eybəcərliyindən qurtarmaq gərəkdir! Avropanı inkar eləmirik – nə Bethovenini, nə Hegelini. Onlardan öyrənmişik vaxtı ilə. Avropasentrizmi inkar eləyirik – mərkəzçilik ideyasını.

Ruhani Cəmiyyətə çatmaq gərək!

Müstəqil Vətənə çatmaq gərək!

Və bütün bunlar hamısı bir yerdə qadının öz ülvi, ruhani mahiyyətinə çatmasına xidmət eləyir…

Qadını ucalqtmaq gərək!

Bunlar hamısı bir-biri ilə bağlıdır. Ocaq qələbə çalacaq! Qələbə ərəfəsində, qələbə çala-çala qadınlığı yüksəldəcək və qələbə çalanda da qadının ucalığını özünə göstərəcək, onu o ucalığa qaldıracaq.

Təzə analıq yaranacaq! Təzə bacılar yaranacaq! Təzə analara hörmət yaranacaq.Təzə heyrət yaranacaq! Təzə bayram yaranacaq! Təzə ərlər yaranacaq!

Dünya bu cür qalmayacaq!

Belə dünya pis dünyadır!

Qadını alçaldan dünya – alçaq dünyadır!!!

Yükümüzdən böyük Fərəhimiz yoxdur!

Yorumlar (0)