26.06.2021, 20:44

Yaşamın müxtəliflik rəmzi - rənglər

Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

Yaşamın müxtəliflik rəmzi - rənglər

Məşhur türk müğənnisi Tarkan maraqlı bir reklam klipində çəkilmişdi. Divar boyalarının reklamı idi.

Tarkan mesajını özünəməxsus bir peşəkarlıq və orijinallıqla, gözlənildiyi kimi, musiqiyə “büküb” çatdırırdı: “Hayattan rengi alın, geri neyi kalır ki?” Açığı, istənilən reklamda böyük məna və fikir gözləntisində olmadığım üçün əvvəl-əvvəl bu cümlələrə o qədər də əhəmiyyət vermirdim. İstənilən reklam öz məqsəd və hədəflərinə davamlı yayınlanmaqla çatdığına görə, Tarkanın ifasını bir neçə dəfə dinləməli oldum. Bu mənə rənglər haqqında bir az daha çox düşünmək imkanı verdi və günlərin birində reklamda səslənən fikirlə büsbütün razılaşdığımı dərk etdim. Doğrudan da - “Həyatdan rəngi alın, geriyə nə qalır ki?” Onu da fikirləşdim ki, rənglər bizləri bir xeyli “ərköyünləşdirib”. Başımızı qaldırıb ətrafımıza nəzər salaq. Demək olar ki, rəngsiz heç nə yoxdur. Heç nə! Gözlərimizin baxdığı hər yerdə müxtəlif rənglərin, hətta eyni rəngin çeşid-çeşid çalarları var. Amma onlar haqqında çox az düşünür, varlıqlarını çox az hiss edirik. Bir anlığa rənglərin yox olduğunu təsəvvür etməyə çalışaq - hər şey nə qədər də sürətlə solar, çevrəmiz nə qədər yoxsullaşar. Rənglər yaşamın insanlara bir ismarıcıdır sanki - həyat onlar qədər al-əlvandır, müxtəliflik və fərqliliklərlə doludur.

Rəng adlarına dair...

Rənglər aləminin unikallığı, müxtəlifliyi, gerçəyi fərqli, çeşid-çeşid çalarlarla əks etdirmək xüsusiyyəti, heç şübhəsiz ki, ünsiyyətdə dil vasitələrinin köməyi ilə reallaşır. Azərbaycan danışıq dilində digər dillərdən, xüsusilə rus dilindən və ya rus dili vasitəsilə digər dillərdən keçmiş bir çox sözlərə üstünlük verilməsi (müəyyən məqamlarda) faktı hamıya məlumdur.  Bu sözləri qruplaşdırmağa və funksional özəlliklərinə görə çeşidləməyə çalışdıqda maraqlı bir mənzərə ilə rastlaşmaq mümkündür. Başqa sözlə, danışıq dilində fəal olan rus dili mənşəli (və ya rus dili vasitəsilə azərbaycancaya keçmiş) bir çox söz və ifadələri müəyyən kateqoriyalara bölmək olar. Bu kateqoriyalar çox olsa da, onların arasında işləklik dərəcəsinə görə daha fəal olanları seçilə bilər. Həmin iki kateqoriyaya aid sözlərdə onların rus dilindəki qarşılıqlarına üstünlük verilməsi həmişə təəccüblü, bundan da əlavə, maraqlı gəlib.  Bu, “rənglər” və “geyim” kateqoriyalarıdır. Bu kateqoriyalardan olan söz və ifadələrdən bir çoxunun rus sözləri ilə ifadə edilməsi adamda elə təəssürat yaradır ki, dilimizdə bəzi rənglər və geyim əşyaları olmayıb, bu səbəbdən də onların azərbaycancada qarşılığı ya yoxdur, ya da sonradan, çox gec yaradıldığına görə  dilə “yatmır”.

Hansı rəng adları “həm oralı, həm də buralıdır”?

Azərbaycan dilində rus mənşəli rəng adları yetərincə işlək hal alıb. O qədər ki, onları  xatırlamaq üçün çox düşünməyə də ehtiyac yoxdur. Beynimizdə o “siyahını” yaratsaq, onların heç də az olmadığını görərik - “çəhrayı” əvəzinə “rozovı”, “qəhvəyi” əvəzinə “koriçnevı”, “narıncı” əvəzinə “oranjevı”, “mavi” əvəzinə “qoluboy”, “boz” əvəzinə “serı”, “badımcanı” əvəzinə “fioletıvı”, “bənövşəyi” əvəzinə “sirenevı”, “zoğalı” əvəzinə “bordovı”, “qızılı” əvəzinə “zolotistı”, “gümüşü” əvəzinə “serebristı” və s.  Göründüyü kimi, o qədər də çox olmayan rəng adlarının böyük qismi danışıq dilində rus dilindəki sözlərlə əvəz edilir. Bu, o qədər yayqın hal alıb ki, bəzən ünsiyyət zamanı narıncı, zoğalı, bənövşəyi və digər rəng adlarını dilimizin lüğət tərkibində olduğu kimi işlətmək üçün insan öz beynində bəzi əngəlləri dəf etməli, aşmalı olur, “görəsən, qəribə görünmürəm ki?” sualı ilə çevrəsinin düşüncələrini təxmin etməyə çalışır.  Maraqlıdır ki, sifətin (bu halda isə rənglərin) dərəcələrini göstərmək lazım gəldikdə azərbaycanlı dil daşıyıcısı doğma sözlərə daha çox üstünlük verir. Məsələn, “sini” (göy) sözünü işlədən şəxs bu rəng tonunun tünd, qatı, güclü olduğunu göstərmək üçün rahatlıqla “gömgöy” sözünə keçə bilər. Deyilənləri “serı” (boz) və “bomboz” sözlərinə də aid etmək olar. 

Dəb proqramları, Kıvanc Tatlıtuğ, “London taksiləri” - onları nə birləşdirir?

Son dövrlər rəng adlarında bu və ya digər amillərin təsiri ilə yeniliklər, daha doğrusu, fərqli variantların işlək hala çevrildiyini görə bilərik. Bunlardan biri də “bej” sözüdür. Danışıq dilində uzun zaman “bejevı” kimi fəal olan bu söz qadın və dəb haqqında TV, radio proqramlarının, jurnalların, saytların Azərbaycan dilində hazırlanması və geniş yayılması amili ilə bağlıdır. Bu kommunikasiya kanallarında rəngin adının daha çox “bej” kimi təqdim edilməsi onun əhali arasında da elə bu cür işlədilməsinə “münbit” şərait yaradıb. Son zamanlar “qoluboy” sözünün “mavi” ilə əvəzlənməsi prosesi də izlənilir. Burada da kommunikasiya kanallarının rolu böyükdür. Daha dəqiq desək, reklamların. Türkiyənin cins parçadan geyim əşyaları istehsal edən məşhur “Mavi” şirkətinin reklamları, eləcə də ölkəmizdə o şirkətin mağazalarının olması bu sözün tez-tez eşidilməsinə və görülməsinə şərait yaradır. Təbii ki, bu şirkətin geyimlərinin keyfiyyətli olması, onların reklamlarında Türkiyənin məşhur ulduzlarının (kinoaktyorlar Kıvanc Tatlıtuğ, Çağatay Ulusoy, Serenay Sarıkaya, Kerem Bursin və b.) çəkilməsi də haqqında danışdığımız trendin yaranmasında az rol oynamayıb.  Son zamanlar xalq arasında “London taksiləri” kimi tanınan minik avtomobillərinin ölkəmizə gətirilməsi linqvistik baxımdan çox maraq doğuran bir hadisənin yaranmasına səbəb oldu. Əhali tez bir zamanda bu taksilərə ad tapdı - “badımcan”. Çox güman ki, bu zaman taksilərin badımcanın xüsusi növünü xatırladan forması və əlbəttə, rəngi əsas rol oynadı. Bu prosesdə rəngin bir amil kimi daha üstün təsirə malik olduğunu demək də mümkündür. Hadisənin özü isə danışıq dilində  “fioletivı” kimi fəal olan rəng adının “badımcanı” ilə əvəz olunması üçün yaxşı zəmin yaratdı.

Məsələnin kökü haradadır?

Yeri gəlmişkən, yerkökünün rəngi haqqında...

Şübhəsiz ki, rəng adları ilə bağlı haqqında danışdığımız durumun səbəbləri var. Həm də bu səbəblər birdən artıq və ya hər dəfə fərqli, spesifik ola bilər. Məsələn, dil daşıyıcılarının “ağ”, “qara”, “qırmızı”, “sarı” kimi sözlərin az qala hərbçi intizamı ilə dilin lüğət tərkibindəki kimi işlətməyə meylli olduqlarını izah etmək çətindir. Bəlkə də insanların təsəvvüründə onlar “ana” rənglərdir və buna görə də toxunulmazdır.  Sözsüz ki, səbəblər arasında kültür və inanclar da xüsusi rol oynayır. Bir sıra Şərq ölkələrində olduğu kimi, Azərbaycan toplumunda da utancaqlıq və onun nümayişi vacib keyfiyyət hesab olunur. Bu isə ünsiyyət zamanı toplumda deyilişi münasib sayılmayan, o qədər də müsbət anımlar yaratmayan sözlərdən qaçmaq vərdişi yaradır. “Qəhvəyi” (ümumiyyətlə, “qəhvə”) sözündən qaçınmaq bu amillə izah edilə bilər. “Çəhrayı” sözünün fars dili mənşəli “çərhayı” (həyasız, abırsız) sözləri ilə oxşarlığı da birincinin işlək olmamasının səbəblərindən biri sayıla bilər.

Əhali arasında “narıncı” sözünün də fəal işlədildiyini demək çətindir. Bu rənglə bağlı dil daşıyıcıları rus dilində olduğu kimi, “oranjevı” və ya “kök rəngi” ifadələrini işlədirlər. Amma burada maraqlı bir nüansı qeyd etmək lazım gəlir. Yerkökünün indi çox populyar olan rəngi - narıncı rəng ona sonradan gəlib. Yerkökülərin orijinal rəngi ağ, açıq sarı və badımcanı olub. Lakin XIV əsrdə hollandları fransızların əsarətindən qurtaran və Hollandiya Respublikasını yaradan Uilyam Narınginin (onun belə adlandırılmasının isə başqa tarixçəsi var) şərəfinə yerkökünün rəngi genetik müdaxilə ilə dəyişdirilib bu gün dünyada populyar olan rəngini “qazanıb”. Bildiyiniz kimi, narıncı rəng az qala Hollandiyanın rəmzi sayılır.

Vəziyyəti dəyişmək lazımdırmı?

Bu sualın cavabının birmənalı olmayacağı təxmin edilə bilər.  Bəzi dil daşıyıcıları bir sıra rəng adlarının lüğətdə bir, danışıq dilində isə başqa cür işlədilməsini böyük problem hesab etməyəcəklər. Digərləri isə bunu narahatedici vəziyyət kimi dəyərləndirəcəklər. Rəng adları dildə çox vacib və fəal leksik kateqoriyadır. Məhz bu səbəbdən də o, həm də Azərbaycan dilini ikinci dil kimi öyrənən digər ölkə vətəndaşlarının ən çox maraq göstərdikləri bölümlərdən biridir. Ona görə də rəng adları ilə bağlı ikililik və pərakəndəlik (səbəb nə olursa-olsun) onları çaşdıra və təəccübləndirə bilər. Bundan sonra ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənəcəyini nəzərə alsaq, Azərbaycan dilinə maraq göstərənlərin sayının artacağını da təxmin etmək olar. Gəlin qəbul edək ki, haqqında danışdığımız hal o qədər də ürəkaçan deyil. Ən azından ona görə ki, digər dillərdə belə hallar yayqın deyil.

Nə etməli? “Rəngli” məsləhətlər...

Dil kollektiv, icitmai bir prosesdir. Bu səbəbdən də dillə bağlı hər hansı qərar mütləq toplumun xarakteri, gözləntiləri və kollektiv reaksiyası hesablanaraq, proqnozlaşdırılaraq qəbul edilməlidir. Çünki istənilən halda son qərarı toplum verir. Yerli dil daşıyıcılarının düşüncə və özünüifadə tərzini, dil təcrübəsini, vərdişlərini, zövqünü  nəzərə almadan verilən qərarlar gerçəkləşməyə bilər. “Soyuducu”, “elektrik yuvası”, “çimərlik” və xeyli sayda digər sözlərdə olduğu kimi.

Reklamlarda rəng adlarından daha çox istifadə etməklə arzuolunan effekti əldə etmək olar. Bu zaman rənglərin təqdimatında ölgün, “çeynənmiş” ifadələrdən qaçaraq daha fərqli və beyinləri yaxşı mənada “qıcıqlandıran”, insanı rənglərə “başqa gözlə” - onları ilk dəfə və ya yenidən kəşf edirmiş kimi baxmağa həvəsləndirən formalardan istifadə istənilən nəticəni verə bilər.

Rənglərlə sıx bağlı olan əşyaların reklamında Türkiyə təcrübəsi də faydalı ola bilər. Qardaş ölkədə rəng adının (məsələn, geyim əşyasının) yalnız bir - adət etdiyimiz sözlə deyil, təbiətdəki nəsnələrin adları ilə əlaqələndirilərək təqdim edilməsi təcrübəsi çox yayqındır. Məsələn, çəmənlik yaşılı, yarpaq yaşılı, səma mavisi, dəniz mavisi, qum qəhvəyisi,  bulud ağı və s. Göründüyü kimi, bu cür ifadə tərzi maraqlı və orijinal olmaqla yanaşı, həm də rənglərin hansı çalarda olması haqqında yetərincə dəqiq təsəvvür yaradır.

Ölkəmizin bir çox bölgələrində rənglərə verilən adların toplanaraq araşdırılması da maraqlı nəticələr verə bilər. Buna müəyyən misallar da göstərmək olar. Məsələn, Azərbaycanın qərb zonasında (Şəmkir - Qazax zonasında, həmçinin Gürcüstan azərbaycanlılarının kompakt halda yaşadıqları bölgələrdə) yuxarıda haqqında danışdığımız “bej” sözü əvəzinə “xama rəngi” ifadəsi işlədilir. Danışıq dilində ruscadakı “telesnıy” (dəri rəngi) kimi formalaşmış rəng adına azərbaycancada “ət rəngi” deyilməsi də maraqlı haldır.

Şifahi xalq ədəbiyyatından, xüsusilə bayatı, atalar sözləri, məsəllərdən rəng adları ilə bağlı deyimlərin kommunikasiya kanalları vasitəsilə yayılması və davamlı surətdə işlədilməsi səmərəli ola bilər. Ayrı-ayrı proqramların şüar və devizlərində də rəng adlarının “iştirakı” ilə orijinal deyimlərin mütəmadi təqdimatı mümkün variantlardan biri kimi nəzərdən keçirilə bilər. Rəng adlarının həm uşaqlara, həm də əcnəbilərə öyrətmək üçün maraqlı formada hazırlanmış animasiya filmlərinin çəkilməsi də effektiv ola bilər.

Yuxarıda qeyd edildiyi kimi,  rənglər durğun, statik deyil. Hər bir rəngin xeyli sayda çaları var. Onların ifadəsi üçün sadə, diləyatımlı vahidlərin müəyyən edilməsi və kommunikasiya kanalları vasitəsilə dövr edilməsi istənilən effekti verə bilər. Rəng adları da rənglər aləmi kimi çoxçalarlı və əlvan olmalıdır.

Yorumlar (0)