Manixeizm (Mani dini)  Prof. F. Ağasıoğlu

Manixeizm (Mani dini)


Prof. F. Ağasıoğlu

Özət: Məqalədə manixeizmin yaranması, bu dini yaradan filosof və rəssam Maninin həyatı Onun Həmədanlı bir ailədə doğulması, Azərbaycanla olan bağı, yaradıcılığı və yazdığı kitablardan bəhs olunur. Mani dininin III-VI əsrlərdə geniş yayılmasının, Uyğur xaqanlığında rəsmi dövlət dini olmasının  səbəbləri araşdırılır. Manxeizmlə bağlı türkcə yazılmış mətinlər hqqında şərh verilir.

[gallery ids="8185,8184,8183,8182,8181"]

Ərsaq (Part) dövlətinin İraq ərazisindəki başkəndi Ktesifonda haki­mi­yətin tolerant özəlliyi sayəsində ayrı-ayrı dini inanclı müxtəlif xalqla­rın yaşaması və ətraf bölgələrlə sərbəst ticarətlə məşğul olması üçün uyumlu durum yaranmışdı. Manixeizmin yaradıcısı Mani 14 aprel 216-da buraya Həmədandan gəlmiş soylu bir ailədə doğulmuşdu. O, Suriak (Şuriaş) kimi bilinən özəl adı əvəzinə sonralar peyğəmbərliyini Mani adı ilə bəyan et­miş­­dir, bu adınsa aramey dilində işıqla bağlı olub, «aydınladan» anlamına uyğun gəlməsi deyilir, ancaq mani sözünün türkcənin «mengü» deyimilə bağlı olub, cağataycada «tanrı» anlamı bildirməsi də söylənir.[i]
Maninin atası Patak Babək Azərbaycanın Ekbatan (Həmədan) şə­hə­­­­rin­dən, anası Marmarcam da Part dövlətini quran Ərsaq soyundan idi, hər ikisinin adı qaynaqlarda müxtəlif variantlarla verilir.[ii] Patak bir sufi yönlü dindar idi, ərəb qaynaqlarında «muğtasila» təriqəti adlanan yəhidi-xristian dini icmasına qatılmışdı və dörd yaşlı oğlunu da ora aparırdı.[iii] İyirmi il bu asketik mühitdə dini-fəlsəfi biliklə yanaşı nəqqaşlıq (bədizçi) sənətini də öyrənən Mani sonrakı dini təlimində zahid-sufi etiketlərini Buddizm­dən götürsə də, bəzilərini öncə təlim-tərbiyə aldığı bu ocaqda «yasa» adlanan etiketlərdən mənim­sə­miş­di.
242-də (20 mart) I Şapurun tac qoyma törəninə toplaşan kütlə qar­şı­­sında ilk dəfə Mani özünün Peyğəmbər olduğunu bəyan etdi: «Budda Hindistana, Zərdüşt İrana, İsa Batı torpaqlarına necə gəldisə, indi mən də Babil torpaqlarında Gerçək Tanrının elçisi Mani olaraq, peyğəmbərliyimi duyururam». Görünür, uğurlu bəyanatdan sonra Maniyə inananların sayı artmağa başlamışdı, eyni zamanda, İranda olan dinlərə I Şapurun tolerant yanaşmasından yararlanan Mani sarayla sıcaq ilişki qurub təlimini yayır­dı, həmun tacqoyma günü yazdığı əsərini də «Şapurakan» adı ilə şaha təqdim etmişdi. Bu dönəmdə zərdüşti maqların təpkisinə baxmayaraq, elit ailələrin içində Mani dininə qoşulanların sayı artırdı, Şapurun qardaşı da maniçilik dininə girmişdi. Mani yaratdığı bu yeni dinin İran sınırlarından dışarıya da yayılmasını istəyirdi, bu yöndə iş aparmaq üçün müxtəlif öl­kə­lərə səfərlər edir, təbliğatçılarını qonşu ölkələrə yolla­yır­dı, belə səfər­lər­də qarşılaşdığı əngəllərə baxnayaraq, yerli xalqın içində maniciliyi yaya bi­lə­­cək adamlar ələ alınıb bu işə cəlb olunurdu. Belə yöntəmin davam etdiyi son­rakı çağlarda afrikalıdan tutmuş, çinliyə qədər misirli, yu­nanlı, hindli, türküstanlı və sair millətlərdən çoxlu maniçi təbliğat­çılar yaranmışdı.

Ərsaqlar dönəmində doğulub, Sasa­ni­­lərin dönəmində yaşayan Maniyə hələ 12 yaşındaykən vəh gəlmiş, o da çağın te­oloji biliklərini öyrənməklə özünü gələcək günə hazırlamışdı. O, bilgəliklə paralel, bə­diz­çi­lik (rəssam-nəqqaş) sənətini də öy­rənərək döv­rü­nün tanınmış rəssamı ola bil­mişdi.

Maninim yaratdığı din çoxlu tərəfdar topladığı kimi, çoxlu düş­mən­ləri də ortaya çıxarmışdı. Bu dönəmin sonunda təqiblərə məruz qalan, zaman-zaman həps olunan və ölkədən çıxmağa məcbur olan Mani yalnız  I Şapur (242-272) ölən­dən son­ra onun ye­rinə keçən oğlu I Hörmüzün vaxtında təqib olunmaqdan qurtara bildi. An­caq Maniyə rəğbəti olan I Hörmüzün hakimiyəti uzun sürmədi, bir ildən sonra Şapurun başqa oğ­lu Bəhram taxtı ələ keçirdi və bu dönəmdə Mani yenidən təqiblərə məruz qaldı, sonra həbs olunub, yandaşlarına görk olsun deyə, qəddarlıqla öldü­rüldü. Ölüm tarixi qaynaqlarda 276//277 illər göstərilir. Dünya dinləri tari­xində çox önəmli yeri olan manixeizmin yaradıcısı Mani peyğəm­bər, bilgə, şair və bədizçi kimi yaddaşlarda qalıb, minil boyunca mani­çi­­lər­dən alqış aldı.

Mani yaratdığı dini geniş kütlələr və başqa ölkələrin əhalisi arasında yaymaq üçün kitablar yazır, tanınmış teoloqlara məktublar göndərirdi, bu yazıların çoxlu kopiyaları köçürülür, müxtəlif dillərə tərcümə olunurdu. Bununla paralel, maniçilik (manixeizm) dininin təşkilatlanması yönündə quruculuq işləri davam edir, başqa ölkələrdə də belə qurumlar yaranırdı. Artıq VI əsrə qədər maniçi icmalar Roma-Bizans və Sasani imperiyaları ərazilərinin hər tərəfində və yaxın qonşu ölkələrdə fəaliyət göstərirdi.  Qaynaqlarda qeyd olunur ki, Maninin yazdığı əsərləri və dini nəğmələri maniçilər toplu halda oxuyurlar.

Manixeizmdə Maninin vəkili, onu əvəz edən yamaq (lat. archegos) adlanırdı, 12 apostol-həvari (xoca), 72 təmsilçi ye­piskop, 360 məclis üzvü mürid, qadınların da daxil ola biləcəyi seçkinlər qurumu və sınırsız sayda dinavar (dindar, lat. auditores) olurdu. Seçkinlər üç bəlirli damğayla - ağız, əl, könül (ruh) «möhürlənirdi», belə yasağın an­lamı bu idi ki, doğru danışmaq, kübar davranmaq və duru duyğu etiketlə­rinə əməl olunmalıdır. Görünür, «Dilinə, əlinə, belinə sahib ol» de­yi­mi o çağdan qalmışdır.

Mani özünün yazdığı və IV əsrdə kopt dilinə Misirdə tərcümə olun­­muş «Kefalaya» adlı əsərində Seçkinlərlə bağlı yazır ki, hər ölkədə şüa kimi parlaq seçkin (yun. έκλεκτός) evladlarım möminlərdir (yun. δίκαιος), mən dünyadan (yun. κόσμος) köçüb, Işıq xanlı­ğı­na gedəndə bu dünyadan köçən mənə iman gətirmiş bütün seçkinləri özümlə aparacaq, heç birini Qaranlıqda buraxmayacağam.[iv] Göründüyü kimi, Mani seçkin maniçilərə böyük önəm verirdi, çünki onlar bu dərəcə­yə qalxmaq üçün bir sıra çətin sınamalardan keçib, büründüyü tanrısal Işıq kirlənməsin deyə, gündə bir dəfə günbatandan sonra yalnız meyvə-tərəvəz yeməli, ətdən-içkidən və evlənməkdən imtina etməli, zahid yaşa­mına keçməli idilər. Belə ruhban seçkin olmaq istəyən hər bir maniçinin se­çimi yetkin asket olma yolundan keçdiyi üçün seçkinlərin sayı o qədər çox ol­mur­du. Manidən sonra onun yerini yamaq Sisi və on­dan sonra hələ Maninin sağlığında tələ­bəsi olmuş yamaq İnnay tutmuşdur.

Maninin Dinləyicilərə «10 əmri» ki­mi bilinən yasaqlar əslində mani­xe­­istləri belə əməllərdən çəkindirmək amacı daşı­yır­dı: Bunları etmək olmaz! - bütlərə tapınmaq,  cadugərlik, yalan danışmaq, canlını öldür­mək, ət yemək, var-dövlət yığ­maq, oğurluq et­mək, başqasının namusuna sataşmaq, ikiüzlülük etmək, işində tənbəllik və biganəlik. Göründüyü kimi, kiçik istisna ilə bu didaktik etiketlər türk törəsi gələnəklərinə aiddir və elə bu nədənlə manixeizm turk toplumunda geniş yayıla bilmişdir. Mani yalanla-doğrunu ayırd etmək üçün oxuyub bilikli olmağı, toplum içində ədalətli, inanclı olmağı təbliğ edirdi, bütün dünyada köləlik baş alıb getdiyi bir dönəmdə ilk dəfə qadın-erkək ayırımı yapmadan, türk törəsində olduğu kimi, maniçilikdə qadına azad seçib-seçilmək hüququ verilmişdi.

Manixeizmin doğudakı xalqlar arasında geniş yayıla bilməsi səbəb­lərindən biri də Budda dininin bir sıra əxlaq, davranış qaydalarına uyğun­laşması idi. Ona görə də, Çində manixeizm VIII əsrdən XVIII əsrə qədər davam edə bildi. Maniçi Seçkinlər zahid yaşamı ilə yaşamalıydı ki, bu da Budda rahiblərinə aid ritual etiketlərin maniçiliyə transfer olunmasıydı.
Maniçi həvarilərdən olan Mar-Ammoya ünvanlanan pəhləvi dilində qalmış «Günahsızların düzgün təlimi» məktubunda Mani yazırdı ki, əgər sizi vuran olsa, onunla eyni cür davranmayın, əgər biri sizə niftət edirsə, buna görə ona nifrət etməyin, əgər sizə paxıllıq edən varsa, ona paxıl­lıq etməyin, əgər sizdən inciyən var­sa, onunla həmişə sevgiylə danışın. Baş­qa­sının sizə edilməsini rəva görmədiyinizi siz də heç kimə etməyin. Elə an olur ki, dinavar (maniçi dindar) Sumeru dağı kimi özünü yüksək tut­malıdır, elə an da olur ki, dinavar özünü tələbə kimi aparmalı və elə anlar var ki, müəllim, nökər və ya ağa kimi davranmalıdır.
«Hindistana yolçuluq» başlıqlı manixey mətnində Turan xaqanının Mani ilə görüşündən, aralarında olan söhbətdən bəhs edilir. Mani öz dün­yagörüşü və dini haqqında xaqana bilgilər verir. Bu tanışlığı yüksək də­yərləndirən Turan xaqanı mani dinini qəbul edir.[v] Burada Turan xaqanı ilə ölkəsinin adı verilməsə də, görünür, Hindistan səfərindən qayıdarkən o dönəmdə Əfqanıstanın quzeyində olan ağhunların (eftalitlərin) xa­qanı ilə görüs Mani tərəfindən qələmə alınmışdır.

Dünya tarixində başqa kultun mənsubları tərəfindən hər hansı bir di­nə qarşı basqılar manixeizmə olan basqı-təpki qədər olmamışdır. O gü­nah qal­mamışdı ma­niçilərin ayağına yazılmasın, hətta xris­ti­anlar maniçilərə rəğbəti olanları belə, xristianlar arasında təfriqə salan «gizli müsəlman», müsəl­man­ ruhanilər də islamı içindən qarışdıran «yəhudi-xristian cəsus­ları» adlandırırdılar. Maniçiliyə ilk kəskin basqı Manidən sonra yamağı başqan Sisin 291-də İran şahının göstərişilə öldürülməsi və 297-də Roma imperatoru Diokletianın verdiyi fərman idi, Maninin İskəndəriyədə bütün əlyazmalarını yandırma əmri verilmişdi. Bu rəsmi basqının sonucu ola­raq, bir çox maniçi öldürülmüş, qalanlar da yeraltına çəkimişdi. Belə basqılar ilk olsa da, sonuncu olmadı, Maninin kitablarının yandırılıb yox edilməsi sonrakı yüzillər boyu müxtəlif ölkələrdə davam etmişdir. Romada IV əsr boyu dörd dəfə belə təqib fərmanı olmuşdur.
Rəqibləri maniçiləri konspirativlikdə günahlandırır, qurumları daxi­lin­dəki sir­ləri gizli saxlamaq üçün yalan danışıb, cinayətə əl atdıqlarını vur­­­ğu­layırlar. Hətta, on il maniçi, sonra dönüb xristian kilisəsi ideologu olan və «Əziz Avqustin» adı ilə məşhurlaşan Avqustin Avreli (354-430) əvvəlki dindaşlarına qarşı «Tanrı yağmuru» kitabını və çoxlu cəfəngiyat yazmış, maniçilərin qapalı yaşamını kəskin tənqid atəşinə tutmuşdu.
Maniçilik inancı dini-fəlsəfi yönümlü sistem idi, sosial-siyasi amac güdmürdü, ancaq İranda I Qubad (488-531) dönəmində ortaya çıxan məz­­dəki hərəkatı maniçi şüarlara əlavə etdikləri sosial ədalətin gerçəkləş­məsi uğrunda mübarizəyə çağırış yoxsul təbəqəni ayağa qaldırdı, varlı zadəgan və feodalların var-dövləti yağmalanıb kasıblara paylandı. Öncə Məzdəyə dayaq durub, ona önəmli vəzifə verən Qubad şahlığının son illərində bu hərəkatin ölkənin daxili siyasəti üçün təhlükə yaradacağından qorxub, Məzdəyi və ya­n­daş­larını öldürtdürür. Bu olay radikalizmdən çox uzaq olan maniçilərin də ciddi təqib oluması­na yol açır, maniçilərin çoxu ölkədəm qovulur və beləcə «qurunun oduna yaş da yanır».

Manixeizm müsəlmanların da qınağına uğramışdır. Əməvilər dönə­mində mani­çilərə sərbəstlik verilmişdi, Bağdadda sayları azalsa da, İraqın türkman kəndlərində fəaliyətlərini davam etdirə bildilər, an­caq Abbasilər çağı­nda  yenidən bas­qı­ya məruz qalmışlar. Baxmayaraq ki, Mani özü ön­cəki tanrı elçilərini böyük sayqıyla yad etmişdir, ancaq zərdüşti, xristian və islam ruhaniləri ona olmazın küfrünü yağdırır­, aşağılamağa çalışı­rdı­lar.

Təsadüfi deyil ki, Polyak yazarı M. Dobrovski günümüzdə manixe­izm haqqında gerçək bilgilərin olmaması səbəbini minil (III-XIV) boyun­ca geniş ərazilərə yayılan maniçi ədəbiyatın ən azı səkkiz dildə olmasında və XX əsrdə Turfan, Misir və Çində orijinal manuskriptlər tapılana qədər maniçiliyi yalnız aşağılayan bəlli qaynaqların verdiyi bilgilərin gündəm­­də olmasında görür.[vi] Manixeizmə yanlış yanaşmalardan biri də bu dini­nin «İran dini» adı ilə tanıdılmasıdır, halbuki, İranın öz zərdüştilik dini vardı, hətta bu, rəsmi dövlət dini idi. Doğrudur, maniçilik Sasanilərin ha­kimi­yətdə olduğu çağda yarandı, ancaq onu İraq türkmanlarının bölgə­sin­də yaradan Həmədanlı bir türk çocuğu idi və onun tanrı vergisilə yarat­dığı dinə yenə Türküstanda sahib çıxdılar, uyğur türkləri bu dini rəsmi dövlət dini etdilər.

Hələ Göytürk kağanlığı dönəmində To­xarıstan yabqusunun 720-də Çinə göndərdiyi Tanuca adlı maniçi bilgə-rahib tanınmış astroloq idi.[vii]  Təsadüfi deyil ki, Çində maniçi xocalara böyük sayqı vardı, çünki onlar Mesopotamiya astrologiyasını yaxşı bilən bil­gələr idi və bildiklərini də buradakılara öyrə­dirdilər. Bu da, həm onların elit toplum tərə­findən yaxşı qar­şılanmasına, həm də rəqiblə­rinin qısqanmasına səbəb olurdu.

Toplum arasında təsir gücünün yüksək həddə çatdığı V-VI əsrlərdə «İpək Yolu» bo­yunca o dövrün bir sıra inkişaf etmiş ölkələ­ri­nə mani­xeizm sürətlə yayılırdı və belə bir fikir var ki, maniçilərin sayı o çağ­lardakı xris­ti­an­lardan və başqa dinlərə tapınanlardan çox idi. Həmin dönəmdə manixeizm batıda Afrikanın quzeyinə, bir-iki əsr sonra isə doğuda Çinin iç böl­gələrinə və Güney Sibirə qədər yayıla bilmişdi:
Albaniya hökmdarı Vaçaqan V əsrdə xristianlığı qorumaq adına başqa inancları yasaqladığı üçün başqa təriqətlərlə bərabər, burada mani­çilər də təqib olunur, manici ədəbiyat yandırılıb yox edilirdi.[viii] Belə bas­qıya dözməyənlərsə əllərində olan təbliğat ədəbiyatını da götürüb, ölkəni tərk edirdilər. Təbii ki, o çağlarda Azərbaycanda III əsrdən davam edən Mani dini buradakı əhali arasında ortaq dil olan Azərbaycan türkçəsilə təbliğ olunurdu və artıq V-VI əsrlərə qədər ortada manixey dinilə ilgili Maninin özünün və davamçılarının yazdığı çoxlu əsərlər vardı. Bəxtiyar Tuncay bu durumla bağlı yazır: «Madam ki, Qafqaz Albaniyasında digər din, məzhəb və təriqətlər kimi Maninin tərəfdarlarına qarşı da təqiblər başlanmışdı və onların kitabları yandırılırdı, təbii ki, bu dinin mənsubları canlarını və kitablarını xilas etmək üçün mühacirət etməyə məcbur idilər. Belələrindən biri də onuyğurlar idilər».[ix]
Azərbaycan türklərinin III əsrdə tanınmış bilgəsi Maninin qurduğu maniçiliyi Orta Asiyaya və Doğu Türküstana aparan türkərin içində oğuz, ərsaq, xəzər-barsil boylarının olması haqqında birbaşa və dolayı bəlgələr vardır və bunların sırasında onuyğurların olması da mümkündür. L.N.Qu­­­milyevə görə, onların manixeizm dininə sitayiş edib, onu öz dövlətlərinin rəs­mi dini elan etdikləri məlumdur.[x]
Manixeizm batıda güclü basqılara uğraması səbəbilə artıq VI əsr­də zəifləmə aşamasını yaşayırdı, həmin çağda zərdüştiliyə dövlət dini bi­çimi verilən İranda da maniçiliyə qarşı sərt basqılar artmışdı və belə durumda maniçilərin Orta Asiyaya üz tutması doğal idi, artıq az sonra Səmərqənd yeni dini mərkəzə çevrilməkdə idi və buradan uyğur bölgələrinə keçən bu din Uyğur xaqanlığının (745-840) rəsmi dövlət dini olmuşdu. Xaqan­lığı quran Qutluq Bilgə Kül, sonra kağan seçilən oğlu Moyun Çur (747-759) dövlətin ərazisini xeyli genişləndirmişdilər. Moyun Çurdan sonra (İdigən) Tarxan Bögü adlı oğlu xaqan seçildi və 762-də manixeizmi rəs­mi dövlət dini etdi. Türkcə Terxin və Tes yazılarında maniçi rahibləri himayə edən Bögü kağanın 20 il sonra iç buyuruq başı Inançu Ton-Baqa Tarkanın ön­dər­liyilə başla­nan üsyanda öldürülməsi bildirilir. Bögü ka­ğanla birlikdə qohumları və maniçi soğd rahiblər də öldürülür.[xi] Ölən­lərin sırasında adı keçən Bedi Bersillə Kadır Kasarın daşıdığı barsil-kasar (xəzər) boyadları­ başqa qaynaqlarda da qoşa (barsil-xəzər) işlənir və X əsrə aid bəlgələrdə Turfanın batısında Ərsaq (Arsaq) yeradının olması da göstərir ki, Uyğur elinin torpaqlarına barsil, xəzər, ərsaq kimi batı türk boy­larından köçənlər olmuşdur.
XX əsrin əvvəlində Turfanda tapılan uyğur, çin və irandilli (pəhləvi, orta fars, soğd) manixey yazıları içində Maninin üzü köçürülmüş əsərləri də ortaya çıxdı. Burada tapılan əlyazmalar içində Aprın Çor Teginin yaz­dı­­ğı biri sevgiyə, biri də Maniyə həsr olunmuş iki şeiri də vardır. Maniyə yazdığı məd­hiyənin birinci kupletində bir-iki söz pozulmuşdur, ancaq ikinci kup­leti bütövdür:

Kün Tengri yarukın teg köküzlügüm, bilgəm,

Kün Tengri yarukın teg köküzlügüm, bilgəm.

Körtlə tözün Tengrim, külügüm, küzünçüm!

Körtlə tözün Tengrim, Burkanım, bulunçsuzum!

Aprın Çor Teginin VIII-IX əsrdə, yəni Uyğur xaqanlığı dönəmində yaşadığı güman olunur. Maniçilərin tövbə duası «Xuastuanift» kitabını isə Bötürmüş Tarxan V əsrdə yazmışdır. Hər iki maniçi yazarın uyğurça yazı dilindən azacıq fərqlənən və bütün sətirləri [t] səsilə başlanan bu ma­niçi şeirsə daha öncəyə aid olduğundan Azərbaycanda yazıldığı güman olunur:

 

Tüzün bilgə kişilər, üriləlim,          Tünerlig yeklərkə tapunuqmalar,

Tengrinin bitigin biz işidəlim.        Tümənlig irincü kılıqmalar
Törən iliq tengrilərkə tapınalım,    Tüpüntə olunma ölməgi bar,
Tört uluq emgəkdə qurtulalım.                  Tünərlig tamuğa tüşməgi bar.
Tört ilig tengrilərdə tanıqmalar,     Tümərlig yeklər gəlir tiyür,
Tengri nomun todaqmalar.            Tumanlıq yeklər ayar tiyür.[xii]

Burada «Tengri bitigi» deyiminin daşıdığı anlam çox açıq göstərir ki, ortada bir qutsal «Bitik» vardır və oxunan bu kitabı dinləməyə bilikli adamlar dəvət edilir. Duru türkcə yazılmış bu maniçi şeirin yazılı kitab­dan bəhs etməsi önəmli olduğu qədər, həm də ərəb-fars (və soğd) sözləri­nin maniçi ədəbiyata dolmadığı ilkin çağlara aid olması da Maninin özü yazmış ol­duğu əsərdən bir parça ola bilməsi ehtimalına əsas verir.[xiii] Mani yazan nəğmələrin sazla oxunması da göstərir ki, onun əsərləri xalq ara­sında populyar olmuşdur.
Manixey əlifbası ilə türkcə yazılmış mətnlərin içində uyğur türkcəsindən fərqlənib, daha çox Azərbaycan türkcəsinə yaxınlığı ilə seçilənləri var və bunların dili daha qədim olub, başqa dillər­dən arınmış arı-duru tükcədir:[xiv]
Tañ Teñri kəlti, Tañ Teñri özi kəlti !
Tañ Teñri kəlti, Tañ Teñri özi kəlti !
Turuñlar, qamağ bəglər, qadaşlar,
Tañ Teñri ögəlim!
Körünügmə Kün Teñri, Siz bizi küzədiñ !
Körünügmə Ay Teñri, Siz bizi qurtarıñ !
Manixeizm məbədlərinə aid arxeoloji bəlgələrin ortaya çıxması bir daha göstərdi ki, VIII-X əsrlərdə maniçilik Güney Sibirdəki tuva, xa­kas, altay boyları içində və Qırğız elində yayılmışdı. Uyğur dövlətinin təsirilə VII əsrdən Çinə keçən manixeizm arada basqıya uğrasa da, özəlliklə Miñ xanədanı (XIV-XVII) dönəmində varlığını davam etdirmişdir.[xv] Manixe­iz­­min Çinə Türküstandan yayılması təbii idi, çünki bu dinin batıdan do­ğu­ya yayılma yolu Part-Türküstan-Çin yönündə idi və həm də, bu yönün sınaq­dan keçmiş bir alt yapısı vardı, belə ki, bir neçə əsr öncə Buddizm də Çinə Türküstan üzərindən yayılmışdı. X əsr yazarı Məsudi Xorasanla Çin ara­sında məskunlaşan doqquzoğuzları maniçilər kimi verir. Biruni də qeyd edirdi ki, Doğu türklərin ço­xu, Hindistanın bir bölgəsində, Tibet və Çində yaşayanlar maniçi dininə bağlı idi.
Ön Asiyada 500 ildən artıq (m.ö. 250 - m.s. 224) hakimiyəti sürən türk Ərsaqların Part (Parfiya) adlanan imperatorluğunda İraq türkmanları yaşayan bölgədə ərsaqsoylu həmədanlı ailədə doğulan, lakin Sasanilərin hakimiyəti dönəmində yaşayan Maninin yaratdığı din daha öncə gün­dəm­də olub, Turanı əzib-dağıtmaq amacı güdən zərdüştilik doktrinasının təməl dayaqlarını çürütdü.[xvi] Zərdüştiliyin baxışları və tanrıları üzərində etdiyi düzəlişlər aydın göstərir ki, Mani özbəöz türk idi. Tanrı elçisi adı altında meydana çıxan bu Azərbaycan türkü böyük şa­ir, dərin bilikli filisof-bilgə, həm də dövrünün tanınmış bədizçi-rəssamı idi.
Maninin yazdığı on kitabdan biri də çəkdiyi şəkillər toplusu, bədizli «Arjañ» əsəri idi. Azərbaycan ədəbiyatında bu kitabdan çox bəhs olunur, Nizami Gəncəvi «Xosrov və Şirin» poemasında «Mani Ərjəngi» deyimilə bu kitabı xatırladır və poemanın başqa bölümündə Çin rəssamın Türküs­tan səhrasının susuz bir bölgəsində daş üzərində hovuz bədizi çək­məsin­dən və onun məkrli amacını pozan Manidən bəhs edir. Bu epizoda yorum yazan böyük öndər Məmmədəmin Rəsulzadə belə yazır: «Bu tab­lo çöldə insanların aldanıb əzab çəkməsinə səbəb olurmuş, ancaq rəssam Mani bu «hovuz» üzərinə nəqş etdiyi bir köpək leşiylə zavallı susuzları yanlış xə­yaldan qurtarmışdır».[xvii] Nəsimi də «Mani nəqşini» Çin miniatür­lərindən üstün tutur: «Ey Çîn nigâr-u nakşına hayrân-ü məst olan, Gəl şol nigârı gör ki, nə nakş-u nigâr edər». Azərbaycanın böyük şairi Nəsi­mi «Sûret-ü Manidə hakdan gayri yoxdur arada» - deyə, Maniyə yüksək dəyər verir, dini basqı­lar nədəniylə çox vaxt Maninin adını verməsə də, ondan bəhs etməsi aydın görünür: «Zulmət içrə qalmış idi kâinât..., Gəldi âlem nûrını şerh eylədi».

Maninin Türk Tanrıçılığı ilə öz dövründə gündəmdə olan dini, fəl­səfi, ideoloji görüşləri yoğurub ərsəyə gətirdiyi manixeizm dünya dinləri tari­xin­də ilk universalizmə yönəlik mənəvi-fəlsəfi sistem idi. Mani belə uğu­ru ona veri­lən tanrı vergisinə bağlayırdı və dediyinə görə, 12 yaşında ikən ona vergili olması İsanın öncə müjdələdiyi qutlu mələk Paraklet va­sitəsilə açıqlanmışdır. Parakle­tos (ovutan) yunanca «yoldaş», ərəbcə isə «ekiz» (at-Taum) adlanır. Mani deyir ki, tanrısal yaşamlı ekizim Paraklet mənə gəl­di, gerçək əzəli dünya dinini bütün ölkələrə, xalqlara çatdır­maq­la görəv­ləndiyimi anlatdı.

Mani müəyən tarixlərdə təhrif olunan dini inancların yenilənib dü­z­gün axara salınması üçün göndərilən Tanrı elçilərinə sayqı ilə yanaşır və Adəmi, Yenoxu, Nuhoğlu Samı, Buddanı, Aurentisi, Zərdüştü, İsanı və apos­­­tol Pavellə Elxasayı ehtiramla yad edir, adlarını hörmətlə çəkir. Özəl­liklə, özünü İsanın apostolu kimi təqdim edir.

Maninin soğd dilində qalmış «Ağızdolusu tərifləyib qutlayarıq səni. Ey, tanrıoğlu Zurvana yaşam verən şanı-şərəfi böyük İşıqlı Ay» misraları ilə başlanan İsaya alqış himni (nəğməsi), soğd və fars dilindəki mətnlər­də Hz. İsayla ilgili «Mən - Mani, gözlər və qulaqlar üçün Yaşarı İnci­lin söz­lə­­rini təbliğ edirəm, doğruluq meyvəsini sərgiləyən deyimləri öyrə­dirəm, gerçək Ata Tanrının istəyilə İsanın dostu və apostolu olmuşam» deməsi onun İsaya olan baxışını aydın göstərir. Özünün bəzi görüşlərini də onun adıyla verir. Örnəyin, Biruni Maninin yazılarından belə bir çıxa­rış ver­ir: «Həvariləri İsadan cansızın (materiyanın) təbiətindəki yaşam haqqında so­ruşarkən, O cavab verir: - Əgər cansız qovuşduğu canlı (ruh) element­dən ayrılıb təklənirsə, yenidən cansızlaşıb yaşamını itirir, ondan ayrılan canlı elementsə yaşarı olduğundan [heç vaxt] ölmür».[xviii]
«Manixeylərin dini» adlı kitabında F.Burkit daha çox xristian (eretik) qaynaqlı saydığı bu dini «müxtəlif materiallardan tikilən bina» adlandır­mışdır.[xix] Belə yorumlara iradını bildirən Q.Videnqrenə görə, manixeizm dok­tri­nası vaxtilə İkiçayarası mifologiyasından qaynaqlanan zurvanizmlə bağ­lıdır.[xx] Doğrudur, Mani İkiçayarası mifologiyası, yunan fəlsəfəsi və tanrıçılıq, mazda­izm, buddizm, hin­duizm, mit­raizm, zurvanizm, zərdüş­tilik, xristianlıq din­lərindən, kultlarından yararlanmışdır, ancaq onlardan götürdüyü ele­mentlərə yaradıcılıqla yanaşmışdır. O, buddizm, zərdüşti və xristian din­lə­rini yaradanlarla özünün fə­aliyətini «Kefalaya» adlı əsərin­də belə müqa­­yi­sə edib fərqləndirir:[xxi]

«Mənim kilisəm (yun. έκκλησία) bilgəlik (yun. σοφία) baxımın­dan [onlardan] üstündür...Belə ki, bu [Uca] bilgəliyi qutsal kitabla­rımda mən özüm yazdım ki, Böyük [Müjdə] və başqa əsərlərim mən­dən sonra təhrif edi­lə bilməsin... Axı, bütün a[postollar], mənim qardaşlarım, məndən ön-cə gəldilər, mən yazdığım kimi öz bilgəliklərini kitaba [yazmadılar], mən təsvir etdiyim şəkildə (yun. είκών) onu təsvir etmədilər. Mənim kilisəm bu baxımdan əvvəlki kilisələrin (hamısından) üstündür» (Kefalaya, 151).

Mani ruhla materia arasında dualizmin qabarıq alqılanması üçün öz dindaşlarına ruhən yenidən doğulmağı, Hz.İsanın yerdə vaftiz olunduğu gündən çarmıxa çəkilənədək yaşadığı üç ilin fiziki möv­cudluğunu örnək alaraq yaşamağı öyrədirdi. Onun görüşünə görə, Yaxşılıq (ışıq, ruh) ilə Yamanlıq (qaranlıq, materia) ilkin yaradılışda bir-birindən ayrı idi, ancaq sonradan yamanlıq üzündən bunlar qovuşub və Işıqla Qut (Ruh) yamanı təmsil edən Qaranlıqla Materianın əsirinə çevrilib, hazırda tutsaq (dustaq) durumundadırlar, onları xilas edib qurtarmaq və ilkin dönəmdəki duruma qaytarmaq vacibdir. Maniçilərin əsas görəvi də budur, çünki bütöv kos­mo­sü bürüyən barışmaz dualizm insanların da daxilinə hopmuşdur, insan bu ikili vəziyətdən qurtulmalıdır, yaxşı (ışıq-qut) yamandan ayrılmalıdır.

Mani ortaya qoyduğu dini-fəlsəfi görüşünün başqa ölkələrə yayıla bilməsi üçün başqa dini-fəlsəfi baxışları da bir araya gə­ti­­­r­ib, ümumi uni­ver­sal yöntəmli Dünya dini yaratmaq amacı güdürdü. Ancaq bu, müxtəlif yönlü dinlərin sintezi deyildi, ayrı-ayrı dini-fəlsəfi elementlərin seçiminə yara­dı­­­cı­lıqla yanaşma yöntəmi idi. Belə ki, Manixeizmdə başqa dinlərin elementlər həm var, həm də yoxdur, çünki alınma elementlərin çoxu ma­ni­­xe­­­izm süzgəcindən keçənlərdir. Ona görə, manixeizmin tam sinkretik bir din kimi alqılanması, bizcə, doğru deyil. Örnəyin, zərdüştilik ele­ment­­ləri­nin çoxu maniçilikdə fərqli statusda verilmişdir, Bibliyanın yaranış mifi Manixey mifologiyasının bitdiyi yerdən başlanır. Mani dönəmində xris­ti­an qnostik­lərə görə, tanrısal dünyada dualizm qutsal bütövün sonra­kı de­qra­dasiyası ilə yaranmışdır, Manisə dualizmin bir-birindən asılı ol­mayıb, qarşı-qarşıya duran iki barışmaz yaxşı (idi) və yaman (kötü) dual güclərin Ruh və Mate­riya biçimində başdan mövcud olduğunu irəli sürür. Mani, hətta, dualizmin yaranması olayından Tanrını uzaq tutur, Onu dün­yada möv­cud pisliklərin yaranması məsuliyətindən bir növ «azad» edir.

Maninin yaratdığı bu din onun adıyla manixeizm adlansa da, əsas doktrinası ışıqla bağlı olduğundan «Işıq dini» adlanması daha doğru olar. Vaxtilə Uyğur xaqanlığına aid çincə yazılmış bəlgədə uyğur xaqanının öz soydaşlarına «Işıq dinini qəbul etməlisiniz!» deyimilə verdiyi göstə­riş­də bu mani dininin adı aydın görünür.[xxii]
Yaranan dinlərin öz əlifbasını yaratması gələnəyi vardır, mani dini də yeni əlifbası ilə diqqəti çəkir. Görünür, bu əlifbanı da Mani özü tərtib etmişdir. Məmmədəli Qıpçaq bu əlifbanın özəlliyi, onun hərfləri, işlənmə dairəsi haqqında geniş bilgi verdiyi üçün onun üzərində dayanmırıq.[xxiii]
[i]  Mani adı müxtəlif dilli əski qaynaqlarda Manes, Manis, Manitos, Manentos, Manetis, Manou, Manixios şəklində də verilir.

[ii]  Qaynaqlarda atasının adı latınca Pattitsi, samicə Fəttah (Fâtâk Bâbâk), başqa dillərdə Patekios, Pattikius, Patak, anasının adı isə Utaxim, Mes, Karossa, Marmaryam variant­la­rında  qeyd olunmuşdur.
[iii]  İslam qaynaqları (an-Nadim) bu icmanı fərqli şəkildə, elxasaitlər sektası kimi verir.

[iv] Хосроев А. Л. История манихейства (Prolegomena). СПб. 2007, 206;  «Кефалайа» (Главы). Коптский манихейский трактат. (Пер. с коптского, исслед., комм. Е.Б. Сма­­гиной). М.1998, 67.

[v] «Journey to India». BT 11 no. 9 [The conversion of the king of Turan].

[vi]  Dobkowski M. Manicheizm. «Wiedzy i Życia» (Elm və həyat), № 10. Warszawa,1998.

[vii]  Günay Ü., Güngör H. Türk din tarihi. İstanbul, 1998,167.

[viii]  Kalankatuklu M. Alban tarixi. (Z. Bünyadovun tərcüməsi). B. 1993, 53-55, 79.

[ix]  Tuncay B. Etnoqonik miflər. (Ümumtürk materialları əsasında). B. 2013, 39.

[x]  Гумилев Л. Древние Тюрки. М. 2002, 472-473; «Uyğur xaqanlığı» dönəminə aid ya­zılarda barsil və xəzər boyadları keçir. S.Q.Klyaştornı yazır ki, bu xaqanlıqdakı boy­lar sırasında kasar (xazar) boyu da vardı (Кляшторный С. Г. Новые епиграфические работы в Монголии (1969-1976). «Ис­то­рия и культура Центральной Азии». М. 1983, 122).

[xi]  Кляшторный С. Г. Надпись уйгурского Бегю-Кагана в северо-западном Монго­лии. «Центральная Азия. (Новые памятники писмен. и искусства». М. 1987, 26-33.

[xii]  Cəfərov N. Azərbaycanşünaslığa giriş. B. 2002, 125-127.
[xiii]  Bu şeiri tekstoloji baxımdan təhlil edən Bəxtiyar Tuncaya görə, onun Maninin qələ­minə məxsusluğu şübhə oyatmır (Tuncay, 2013).

[xiv]  Heyət C. Türklərin tarix və mədəniyyətinə bir baxış. B.1993, 9; Xudiyev N. Azərbay­can ədəbi dili tarixi. Ankara, 1997, 55; Tuncay, 2013; Yazarların çoxu buradakı mani­xey əlifbası ilə olan «sağır nun» [ñ] səsini nq və ng hərfbirləşməsilə vermişlər.

[xv]  Jackson А. V. W. Researches in Manichaeism with Special Reference to the Turfan Fra­g­­ments. N. Y. 1965, 15.

[xvi]  Örməyin, Əhrimanı Turan tanrısı biçimindən çıxarıb, Az divlə yanaşı ikinci dərəcəli şər qüvvələrin sırasına atmış, bəzi məqamdasa onu Akundağ adı ilə vermişdir. I Şapura təq­dim etdiyi və oxuya bilsin deyə, yeganə farsca yazdığ «Şapurakan» kitabında belə yazır: «Az və Əhrimandan qurtulmaq üçün adamlara bilikli və müdrük olmağı öyrədi­rəm». Zər­­düştilikdəki Ahura-Mazda (Hörmüzd) adı manixey ədəbiyatın yazıldığı dil­lər üzrə fərq­lənir, hətta, ilk insan (mardohm naxwen, mard hasenag) kimi pəhləvicə ya­zılan part və sa­sani yazısında onun adı partca Ohrmizd-baq, farsca Ohrmiz-bay kimi verilir.

[xvii]  Rəsulzadə M. Azerbaycan şairi Nizami. Ankara, 1951; Nizami. İstanbul, 1991, 245; N. Gəncəvi Xosrovun rəssam dostunun mahir nəqqaş olmasını vurğulamaq üçün belə deyir: «Sanki Mani yenidən dünyaya gəlib» (b.702).

[xviii]  Бируни А. Индия. М. 1995, 86-91.

[xix]  Burkitt F. C. The Religion of the Manichees. Cambridge, 1925, VIII.
[xx]  Виденгрен Г. Мани и манихейство. (Пер. Иванов С. В.), СПб. 2001.

[xxi]  Хосроев, 2007, 71; «Kefalaya» adı başlıqlar anlamında işlənən qafalar sözüdür.

[xxii] Orkun H.N. Eski Türk Yazıtları, TDK. Ankara, 1994, 233 (II, 41);  Kara-Balqasun ya­zı­sının çincə variantında manixeizmə aid bu deyimə A.İnan da yorum yazmışdır (İnan A.  Tarihte ve bugün şamanizm. Ankara,1972,  6-7).

[xxiii] Qıpçaq M. D. Türk əlifbaları (Manixey əlifbası). «Elmi axtarışlar», №4, B. 2009, 27-36.




[1]  Mani adı müxtəlif dilli əski qaynaqlarda Manes, Manis, Manitos, Manentos, Manetis, Manou, Manixios şəklində də verilir.

[1]  Qaynaqlarda atasının adı latınca Pattitsi, samicə Fəttah (Fâtâk Bâbâk), başqa dillərdə Patekios, Pattikius, Patak, anasının adı isə Utaxim, Mes, Karossa, Marmaryam variant­la­rında  qeyd olunmuşdur.
[1]  İslam qaynaqları (an-Nadim) bu icmanı fərqli şəkildə, elxasaitlər sektası kimi verir.

[1] Хосроев А. Л. История манихейства (Prolegomena). СПб. 2007, 206;  «Кефалайа» (Главы). Коптский манихейский трактат. (Пер. с коптского, исслед., комм. Е.Б. Сма­­гиной). М.1998, 67.

[1] «Journey to India». BT 11 no. 9 [The conversion of the king of Turan].

[1]  Dobkowski M. Manicheizm. «Wiedzy i Życia» (Elm və həyat), № 10. Warszawa,1998.

[1]  Günay Ü., Güngör H. Türk din tarihi. İstanbul, 1998,167.

[1]  Kalankatuklu M. Alban tarixi. (Z. Bünyadovun tərcüməsi). B. 1993, 53-55, 79.

[1]  Tuncay B. Etnoqonik miflər. (Ümumtürk materialları əsasında). B. 2013, 39.

[1]  Гумилев Л. Древние Тюрки. М. 2002, 472-473; «Uyğur xaqanlığı» dönəminə aid ya­zılarda barsil və xəzər boyadları keçir. S.Q.Klyaştornı yazır ki, bu xaqanlıqdakı boy­lar sırasında kasar (xazar) boyu da vardı (Кляшторный С. Г. Новые епиграфические работы в Монголии (1969-1976). «Ис­то­рия и культура Центральной Азии». М. 1983, 122).

[1]  Кляшторный С. Г. Надпись уйгурского Бегю-Кагана в северо-западном Монго­лии. «Центральная Азия. (Новые памятники писмен. и искусства». М. 1987, 26-33.

[1]  Cəfərov N. Azərbaycanşünaslığa giriş. B. 2002, 125-127.
[1]  Bu şeiri tekstoloji baxımdan təhlil edən Bəxtiyar Tuncaya görə, onun Maninin qələ­minə məxsusluğu şübhə oyatmır (Tuncay, 2013).

[1]  Heyət C. Türklərin tarix və mədəniyyətinə bir baxış. B.1993, 9; Xudiyev N. Azərbay­can ədəbi dili tarixi. Ankara, 1997, 55; Tuncay, 2013; Yazarların çoxu buradakı mani­xey əlifbası ilə olan «sağır nun» [ñ] səsini nq və ng hərfbirləşməsilə vermişlər.

Yorumlar (0)