13.09.2020, 14:47

Xristian kuman-qıpçaq boyları

Xristian kuman-qıpçaq boyları


Türk xalqları arasında xristianlıq ən çox kuman-qpçaq boylarının içində yayılmışdır. Bunun səbəbi onların tərkibində çoxsaylı boy birliklərinin olması, Ön Asiya, Orta Asiya, Güney Avropa bölgələrinə yayılması, daha çox xristian xalqlarla təmasda olması ilə bağlı idi. Onların çoxu doğuda islam dininə keçsə də, bir hissəsi orta və batı bölgələrdə yəhudiliyi və xristianlığı qəbul etmişdilər. Batıda daha çox kuman adıyla yazılı qaynaqlara düşən bu çoxsaylı türk boyları doğu və orta bölgələrdə qıpçaq adıyla tanınmışdır. Ərəbdilli qaynaqlarda onlar xifçak adlanır.  


Kumanlara «sarışın» anlamında rus qaynaqlarında polovets, alman yazılarında falven deyillməsi sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adlı türk boylarının da kuman-qıpcaqlardan sayilması ehtimalını artırır, belə ki, qaynaqlarda Aral gölü yaxınlığında sarı boyunun qıpçaqlara qovuşması qeyd olunmuşdur. Bu sarı sözü kuman bəyi Sarıxanın (Şarukan) adında özünü göstərdiyi kimi, Sarıxandan 6-7 əsr öncə Arpaçayı bölgəsində Sirak (Şirak) elinin məşhur Kamsarakan soyunun da Kam-Saruxan adı ilə bağlı olduğunu düşünməyə əsas verir, çünki burada Qıpçaq adında kənd salınmış, sonralar Qıpçaq-vəng də burada tikilmişdi.
 Bunu vurğulamaq gərəkir ki, qədim türk dilində kürən, sarışın anlamlı kuman adı altında tanınan boylarla kontaktda olmuş xalqlar onları əsasən kumanu, kumenu (asur, urartu), kumanos, kumanoi (yunan, latın) adlandırsa da, bəzi yazılarda və danışıqda bu boyadının kuban, koban, koman, kumanlı, kumandı şəklində yayıldığını da görmək olur.

Altayda özlərini kumandı-kiji (kumanlı-kişi) adlandıranların bir bölümü Aşağı-Kumandı və Yuxarı-Kumandı adlı kəndlərdə yaşayırlar. Buradakı Yeti-Kuman toponimi əski rus qaynağında kuman toplumu içində adı keçən Yetebiç (Yeti-oba) etnonimilə təkrar olunur. Bu qaynaqlarda Toksobiç (Tokuz-oba), Ulaşeviç (Ulaş soyu), Burçeviç (Börüce soyu), Terterebiç (Tərtər soyu) və başqa kuman-qıpçaq boyadlarının keçiməsi göstərir ki, onlar çoxsaylı böyük toplum idi. Güney-doğu Avropadan ta Güney Sibir bölgələrinəcən min kilometrlərlə uzanan bölgələr «Qıpçaq-Çölü» adlandığı kimi, bütöv Avrasiyada kuman-qıpçaqların ayağı dəyən yerlər də Kuman-Qıpçaq yeradları ilə doludur. 


Qıpçaqsoylu qaraqalpaq boyunun adı əski rus qaynaqlarında hərfi tərcümə ilə «Çyornıe klobuki» (qara-kalpak) kimi verilmişdir. Rusiyanın güney çöllərində bir qıpçaq boyu ərəb qaynağında «qarabirkli» kimi qeyd olunmuşdur, onların izi Azərbaycanda «Qarabörklü» (Ucar) kəndadında göründüyü kimi, Borçalıda və Azərbaycanda olan «Qovlar» toponimləri də qaraqalpaqların kov adlı qolu ilə bağlıdır. Qıpçaqların tuk boyadı da Güney Qafqazda Tuq, Tuğ, Tıx, Tıxlı adlı kəndlərdə qalmışdır. 


Qıpçaq türklərindən grigoryan xristianlığını qəbul etmiş boylarının tarixi, etnoqrafiyası və dili XIX-XX əsrlərdə türkoloji tədqiqatlardan kənarda qalmış, müsəlman qıpçaqlardan fərqli olaraq, bu xristian toplumun çoxsaylı yazılı qaynaqlarına önəm verilməmiş, bu sahədə yaranmış boşluq qıpçaqları türk kimliyindən ayırmaq üçün «erməni qıpçaqlar» adı ilə aparılan araşdırmalarla dolmuşdur.

Grigoryan qıpçaqdilli mətnləri türkcə sözlüklər, tarixi rəvayətlər, qanun-törə bitikləri, məhkəmə sənədləri, dini ədəbiyat, atalar sözləri, tapmacalar və sair mövzuları əhatə edən çoxsaylı tarixi qaynaqlar olmasına baxmayaraq, indiyəcən sistemli şəkildə araşdırılmamışdır. Bu qədər zəngin yazılı qaynaqları olan xristian qıpçaqların tarixi öyrənilmədiyi kimi, türkoloji baxımdan dili-ədəbiyatı da araşdırılıb öyrənilməmişdir. Azərbaycanda olduğu kimi, Türkiyə uzmanlar da bu toplumun varlığını görməzdən gəlmiş, türk etnosunun önəmli parçası olan xristian qıpçaqlara «dini təəssüblə» xor baxmışlar.

Bu yöndə rus və avropalı türkoloqlar tərəfindən xristian qıpçaqların türkcə danışan başqa etnos kimi (hay, yunan və b.) təqdim olunması siyasəti də öz məkrli rolunu oynamışdır. Ötə yandan, müəyən tarixi çağlarda geosiyasi nədənlər daxilində müsəlman türk soydaşları tərəfindən «sası dinli kafir» - deyə, dışlanan grigoryan qıpçaqlardan bəzi toplumların erməni adı ilə sonradan haylaşması olayı da bir gerçəklikdir. 


Əvvəllər doğuya köçən kuman boylarından bəziləri Xəzər dövləti dağılandan sonra başqa boylarla birlikdə batıya üz tutdu. Bu köçün əsl səbəbini XI əsrin tarixçiləri əl-Marvazi və Efesli Matvey belə izah edirlər ki, kayı boyu tərəfindən sıxışdırılan sarı boyları türkmən, quz və peçeneq yurdlarına doğru getdilər. Onlar Aralüstü bölgələrdəki qıpçaqlara birləşib İtil çayını keçdilər. Qıpçaqların VIII-X əsrlərdə ortaya çıxması haqqında olan yorumlar elmi ədəbiyatda geniş yayılmışdır: X əsrdə Kimak elindən ayrılan qıpçaq boylarından bir qisminin Urala gedib başqord xalqının, bir qisminin də Aral ətrafında bəzi türk xalqlarının (qazax, qaraqalpaq, özbək) yaranmasında iştirak etməsi göstərilir, Tobol-İrtış çayları arasında Sibir tatarlarına qarışmasından, İtil bulqarlarına qoşulanların Kazan tatarlarının yaranmasındakı rolundan bəhs olunur.

Qıpçaqların bir qismi də XII əsrdə Kırımda, Dunay qıyılarında oturub bir sıra xanlıq, bəylik qurmuşlar. Bir çox yerə yayılsalar da, Qaradəniz quzeyində ve Qafqaz bölgələrində daha önəmli güc sahibi olmuşlar. Kuman adı Kiçik Asiyada Kummaneşmax, Kummanni yazılışı ilə hələ m.ö. XIX-XVIII əsrlərə aid Boğazköy mətnlərində keçirdi, Van ilə Urmu arasındakı Kuman bəyliyi də m.ö. XIII-VIII əsrlərdə Asur yazılarının gündəmində idi.


Kuman-qıpçaq boylarının qədim tarixini Monqolustanda deyil, Ön asiyada axtarmaq gərəkir, onların ilkin miqrasiyasının da doğudan batı yönlərə VIII-X əsrlərdə deyil (bu sonrakı geri dönmələrdir), m.ö. IV-I minillərin müxtəlif çağlarında Ön Asiyadan ayrı-ayrı qıpçaqdilli boyların Azərbaycan üzərindən Orta Asiya və Quzey Qafqaz yönlərində olması baxışı gündəmə gəlməlidir. Belə ki, «sir boyları qıpçaqdilli idi» baxışına yol açmaqla kuman-qıpçaq tarixinə baxmaq daha önəmlidir, çünki kuman və qıpçaq adları altında bir sıra subetnik - özadı olan boylar olmuşdur.


Türk etnonimika qaydalarına uyğun sirak etnoniminin sır//sir boyadından yaranmıçsa (sir-ak), onda batıya ilk qayıdan qıpçaqdilli siraklar Sır-Dəryaya adını verən, göytürk yazılarında «sır-budun», «türk-sır budun» deyimlərində adı keçən sir boyu ilə bağlıdır. Alanlarla birlikdə Xəzərin quzeyilə I əsrdə Quzey Qafqaz üzərindən Azərbaycana gələn sirakların bir bölümü Kürün solundakı Qarayazıda yerləşdi, bura Sirak çölü adlandı, sonra burada (Qardabanın Lal kəndində) 628-ci il olayında adı keçiən xristian türklərin «Metseke-vəng» kilisəsi ortaya çıxır. Sirakların bir bölümü də Arpa (Axuryan) çayı bölgələrində oturdu, bura da Sirak-yurdu, Sirakene (Ptolemey, V. XIII. 9) adlandı və burada salınan bir qəsəbəyə Sirak-avan (Şirak-avan) adı verildi.

Bu Sirak elindəki Qıpçaq adlı kəndə yaxın Qıpçaq-vəng monastırındakı bir yazıda da «Kıpçak Kubasar» və oğullarının adı keçir. Göründüyü kimi, qıpçaqdilli sirak boyu göytürk yazılarında adı keçən sir boyunun qıpçaqdill olması baxışına daha qədim əlavə bəlgələr verə bilir. Ona görə də, kuman-qıpçaq boylarının daha qədim On Asiyadakı tarixini araşdırmaq çox önəmlidir.  


Prototürklərin yaşadığı bölgələrə m.ö. III-II minillərdə gəlib oturan sami və hurri tayfalarının basqısı ilə dağılan Subar  birliklərindən qalmış bəzi boyların İkiçayarasının quzey bölgələrinə çəkilməsini o çağın yazılı bəlgələrində görmək olur. Fəratın batı yaxasına keçən kumuq və kuman boylarının yerləşdiyi ərazilər uzun müddət Kumuq və Kuman eli kimi tanınmışdır. Asur yazılarında Kammanu, Boğazköy bəlgələrində Kummaneşmax, Kummanni, Urartu yazılarında Qamana şəklində verilən ölkə indiki Malatiya bölgəsini əhatə edirdi. Digər Kuman ölkəsi Dəclə çayının doğusunda Urmu-Van gölləri arasnda m.ö.XIII-VIII əsrlərdə mövcud olan Kuman bəyliyi idi.

Ptolemey bu iki kuman bölgəsini fərqləndirmək üçün birini Kόμανα Kαππαδοκίας (Kappadokiya Kumanı) yazmışdır. 


Asur-Urartu dövlətlərinin arasında yerlləşə də, beş əsr bağımsızlığı qoruya bilən Kuman bəyliyi haqqında asur qaynaqları dəfələrlə «kumanların geniş ölkəsi» deyimini işlədir. Qaynaqda kumanların güvənc yeri Xunus, başkəndi isə qıpçaq adına bənzər Kibşa [kıpça] şəhəri göstərilir. Sonrakı çağlarda kuman boyları haraya köçmüşsə, oralara Xınıs//Xınıslı yeradını da aparmışlar. Bu ad Anadoludan tutmuş, Azərbaycanın bir neçə bölgəsinə yayılmışdır, kumanlar daşbaba gələnəyini də buradan Avrasiyanın müxtəlif bölgələrinə və özəlliklə Qıpçaq Çölünə daşımışlar. 


Kuman-qıpçaq boylarının böyük toplum olması tarixi qaynaqlarda əks olunmuşdur, onlar m.ö II minildə qədim Azərbaycanın yaxın batı qonşuluğunda yaşamış, sonrakı çağlardasa bu bölgədən zaman-zaman bir ucu Sibir, digər ucu isə Misirdən Avropanın ortalarınacan ayrı-ayrı bölgələrdə görünmüşlər. Onlar ilkin yurdlarından uzaq düşsə də, ayrı-ayrı dönəmlərdə ilkin yurda yaxın bölgələrə qayıdb, burada qalan soydaşlarına qarışmışlar, başqa xalqların içində qalıb xristianlığı qəbul edənlər kimliklərini itirmişlər.


Avrasiyanın müxtəlif bölgələrində kuman boyunun tarixinə ipucu verən Kuman, Koman, Kumanova (Kuman-oba) toponimlərini görmək olur. Kuman boylarının güclü olduğu çağlarda onların oturduğu bütöv bölgə Kuman ölkəsi adlanırdı; Quzey-Qafqazı və Xəzərin quzey-batı yaxalarını Marko Polo Komaniya adlandırmış, əl-İdrisi də həmin çağda (XII əsr) Avropanın güney-doğusundakı bozqırın Qara-Kuman, Ağ-Kuman adı ilə iki yerə ayrıldığını qeyd etmişdir. Miladdan öncə Kiçik Asiya və Dəclə yaxasında olduğu kimi, Miladdan sonra da II minilliyin müəyən çağlarında bütöv Qıpçaq Bozqırı, Macar çölləri Kumaniya, Komaniya kimi tanınmışdır. Rumınya da o çağlarda Kumaniya adlanırdı, 1330-da Rumın dövlətinin qurucusu kuman bəyi Basar-Abanın adı isə bu ölkənin quzey bölgəsi Basarabianın adına çevrildi. Kuman soyundan olan bəylər orta əsrlərdə Macar, Rumın, Bolqar dövlətlərində, Anadolu, Suriya və Misirdə qurulan bəzi dövlətlərin başına keçə bilmişlər. Bunların sırasında Misir məmlük sultanı Bəy Bars xüsuslə fərqlənir. Onun vaxtında Misir dövləti qüdrətli çağını yaşamış, monqol axınının qarşısını da Bəy Bars almışdı.


Anadolu və Qafqazda kuman-qıpçaq boylarından qalma onlarla yer adları var, Azərbaycanda elə üç Kumanlı kəndi Lənkəran bölgəsindədir, Gürcüstan sınırında Kıpçak yeradı və çayadı var, hələ iki minil öncə Dərbənd keçidinə Kuman-qapısı (Plini) deyilməsi bəllidir. Bunu da nəzərə almaq lazımdır ki, qıpçaqdilli boyların çoxu yuxarıda deyildiyi kimi özadı ilə tanınırdı, hətta, A.N.Kononov kıbçaq,kuman və kumuq adlarının eyni söz kökünə bağlı «sarışın» anlamlı sözlər olmasını yazmışdır. Anadolu və Qazax-Borçalı bolgələrində olan qarapapax tərəkəmələri də qaraqalpaq, qarabörklü qıpçaq boylarıyla eyni anlamlı adlar daşıyır. 
İslamaqədər Azərbaycanda və Anadolunun güney-doğusunda qalan kuman-qıpçaq boyları hərb sənətində irəli getmişdilər. İbn əl-Əsir yazır ki, 722-ci ildə Mərc əl-Hicarə adlı yerdə ərəb ordusunu məğlub edib, Şam tərəfə qovan xəzərlərə qıpçaq (kuman) döyüşçüləri yardım etmişdilər. Kumanların atlı alayları islamdan sonrakı çağlarda muzdlu əskər kimi bu və ya digər ölkənin ordusuna yardım edirdi, bu durumda bəzən türklərə qarşı da vuruşurdu.

Örnəyin, peçeneqlərin Bizansın mərkəzinə soxulmasından qorxuya düşən imperator A. Komnin bütün «xristian dünyasına» müraciət edib kömək istəsə də, onun çağırışına xristianlar deyil, böyük ödənc və müttəfiqlik təklifi almış 40 min kuman atlısı gəldi, peçeneqləri geri oturdub, Bizansı xilas etdilər. Ancaq yanlış yapdıqlarını döyüş gününün sabahısı başa düşdülər; səhər açılanda gördülər ki, Bizans əskərləri gecə xəlvətcə 30 min peçeneq əsirini qadın və uşaqlarla birlikdə qılıncla doğramışdır. Bu dəhşətli mənzərəni görən kuman əskərləri oranı nifrətlə tərk etmişlər.  
Yuxarıda Alban eilindəki xristianlıqdan danışarkən xristian qıpçaq boylarından az da olsa, bəhs olunmuşdu. Xristian qıpçaqlar təkcə Alban elində deyil, Güney Qafqazın bir çox bölgələrində, Anadolunun quzey-doğu bölgələrində və indiki Gürcüstan ərazilərində də vardı. Hətta, Tiflis şəhərinin göbəyində son çağlara qədər Qıpçaq-vəng adlı kilisə sökülüb yerində gürcü kilisəsi tikilənəcən dururdu. Dədə Qorqud eposunda oğuzlar təkcə Alban xristian qıpçaqları ilə deyil, Gürcüstanda xristian qıpçaqlarla da savaşırdı. Borçalıda, özəlliklə, indi Bolinisi və Dmanisi adlanan bölgələrdə islamaqədər tikilmiş xeyli qıpçaq vəngi vardı. Bunlardan bir neçəsinin adını B.Arveladze qeyd etmişdir: Kəpənəkçi, Şəmşiberdi, Şiştəpə, Kolagir, Güvəc, Qundaxsaz, Kizikilisə, Qarabulax, Xaçın, Kəkliy, Aruxlu, Qaraxu, İncoqlu, Atakişi, Azman, Xaçmağara. Takayşvilinin (1952) qeyd etdiyi Çorox vadisindəki Dördkilisə abidəsini də bu sıraya əlavə etmək olar.


Leonti Mroveli (XI əsr) gürcü qaynaqlarına görə, hələ İskəndərin yürüşündən öncə Kürün yuxarı axarlarında «barbar tayfaların» (buntürk və ya qıpçaq) yaşadığını yazır, başqa qaynaqda Gürcüstan çarı Vaxtang Gorgasalın (V əsr) oset ve qıpçaqlar üzərində qələbəsi qeyd olunur. Bu bilgilər anaxronizm də ola bilər, ancaq X ərdən sonrakı gürcü qaynaqlarının birbaşa təmasda olduqları «qıpçaq» adlı xalqdan bəhs etməsi gerçək durumu əks etdirir, belə ki, gerçək durumu XII əsrdə bir gürcü yazarının «komanlar qıpçaqlardır» deməsi də aydın göstərir. Kartli tarixindən bəhs edən «Kartlis Tsxovreba» əsərində qıpçaqlarla bağlı xeyli bəlgə vardır.
Quzeydən qıpçaqların Gürçüstana gəlib yerləşmə tarixi dəqiq bilinməsə də, gürcü çarı Qurucu Davidin (1088-1125) Kartliyə gəlib onlarla görüşdüyü tarixə əsasən akademik İ.Cavaxişvili bunun 1118-1120-lərdə gerçəkləşdiyini yazmışdır. Ancaq bu illərə qədər David artıq 1104-1118 arasında doğuda Kaxeti-Heretidən tutmuş güneydə Kartli, Rustavi, Loru və Samşvilde (Üç-oklar) bölgələrində qışlaqları olan səlcuqlu türkmən boylarıyla dəfələrlə savaşa girib onları bu bölgələrdən çıxarmış, Səlcuq dövlətinə verəcəyi xəracdan imtina etmişdi. David qıpçaqların yardımı olmadan bunları edə bilməzdi, çünki həmin olaylardan bəhs edən gürcü qaynağı da qeyd edir ki, «sayları çox, güçləri büyük idi, kimsə onları yerlərindən çıxarmağı düşünə bilməzdi». O dönəmdə hələ Tiflis də Davidə aid bölgələrdən kənarda idi. Deməli, qıpçaq-gürcü ittifaqı daha öncədən vardı, çünki David də qıpçaq bəyi Atrakın qızı ilə 1106-da evlənmişdi. 
Bəzi qaynaqlara görə, Gürcüstanda qıpçaqlar xristianlığı Qurucu Davidin vaxtında qəbul etmişlər. İbn əl Əsir 1121-də gürcü-qıpçaq ordusunda «kafir qıpçaqlar» olmasını vurğulayır. Belə bilgilər quzeydən gəlib burada yerləşən kuman-qıpçaqlarla bağlıdır, çünki burada xristian türklər daha öncədən, xristianlığın yayıldığı çağlardan vardı, Gürcüstana aid «qara donlu kafir» (KDQ) deyimi də buna işarə edir. Belə ki, Alban elində olduğu kimi, buradakı türklərin də çoxu islam dinini qəbul etmiş, xristianlıqda qalıb gürcü-ortodoks kilisəsinə bağlanan türklərin bir qismi gürcüləşmişdi. Şadılı (Şəddadi) Ani əmirliyində yaşayan xristian türklər də eyni durumda olmuşlar, islamı seçənlər türklüyünü saxlamış, burada grigoryan-kilisəsinə bağlı olanların bir qismi haylaşmış, dini-mənəvi basqılara dözməyən bir qismi də VIII-IX əsrlərdə dalğalarla Stavropol, Kırım tərəflərə bölük-bölük köçüb getmişlər. Bizansın istəyilə asılı Erməniyə dövləti XI əsrin ortalarında ləğv olunanda çoxlu xrisian qıpçaqlar buradan Gürcistana, Kırıma və Anadolunun güney bölgələrinə köçmüşdü. 
Sonralar da Anadolu və Güney Qafqazdan gedən xristian qıpçaqlar  daha çox Qıpçaq Çölü bölgələrinə üz tuturdu. Itil yörəsində Bulqar xanlığına gedən xristian qıpçaqlardan qalma basırıqlarda xeyli başdaşı vardır, bunların sırasında epitafiyaların erməni əlifbası ilə yazılması XIII-XIV əsrlərəcən davam etmişdir. Örnəyin, Sara xatun adlı birinin bu başdaşında 1321 ili qeyd olunmuşdur. 

Altın Orda dövlətində Berke xanın islam dininə keçməsilə buradakı qıpçaqlar da müsəlman olmuşdu, eyni durumu Anadolu və Azərbaycanda olan qıpçaqlar da yaşamışlar, ancaq burada islamın yayıldığı ilk çağlardan  başlayıb, Səlcuqlu dönəmində davam edən islamlaşma olayından kənarda qalan bir sıra xristian türklər vardı. M.Ə.Rəsulzadə Alban-Aran elindəki bu durumdan danışarkən yazırdı: «Aran üzərindəki dava ancaq VIII əsrdə tamamilə ərəblərin lehinə həll edilmişdir. Bununla bərabər, xristianlıq bir din olaraq, IX əsrə qədər buralardakı Şabran ilə Şəki tərəfində mühafizə edilmişdir».  
Dini nədənlə etnik mənsubiyətin dəyişməsi siyasi amaclı basqı sonucunda reallaşır, ortada bu durum olmayanda etnik kimlik qoruna bilir. Örnəyin, qıpçaqdilli karaimlər musəvi dininə keçib özlərinə «karay» desələr də, digər yəhudi karaimləri kimi yəhudi kimliyini qəbul etməmişlər və türklərdən ayrılıqda başqa xalqların içində qapanma yaşamlarında minildən artıq zaman keçməsinə baxmayaraq, türk dilini və türk kimliyini saxlamışlar. X-XIII əsrlərdə Macarıstan yaxınlığında Kumaniya adlanan bölgədə məskunlaşan kumanların batı qanadı 1227-də xristianlığı qəbul edəndən sonra bir müddət milli kimliyini saxlaya bilsə də, zaman aşamasında asimilyasıya olunub, oradakı xalqların içində ərimişdir. Makedonyanın quzeyində Kumanova kəndi var, amma orada kuman türkü yoxdu. 
Ayrı-ayrı bölgələrində görünən çoxsaylı qıpçaq boyları türk ulusunun önəmli qolu idi, ancaq bəzi bölgələrdə xristian dininə keçən qıpçaqlar, özəlliklə, Avropa xalqları içində yaşayanlar zaman aşamasında dillərini itirib, asimilyasiya olundular. Əski adı Kazar (Xəzər) olan Voronejin türk mənşəli toponimlərlə dolu olan ətraf bölgələri, çayadları, Dəli-Orman meşəsi vaxtilə başında hörüklü kəkül (xaxol) saxlayan keçmiş türk boylarının izini yaşatsa da, bugün orada xristian əhali soykökünü unutmuşdur. Xristianlığı qəbul edən kuman-qıpçaqlarda artıq İzay Bilyukoviç, Yaropolk Tomzakoviç, Sıdvak Kulobiçskiy, Samoqur Sutoyeviç, Danila, Roman Koziç, Yuriy Konçakoviç kimi xristiansayağı şəxs adları yaranır, zaman aşamasında türk gələnəkləri xristian quralları içində aşınıb yox olurdu.  
Təkcə Bizans kilisəsi deyil, Roma Katolik kilisəsi də xristian türklərin yaşadıqları bölgə xalqları içində asimiliyasiya olunmasına çalışırdı. Bunun üçün misionerlik yolu ilə türklərin arasında təbliğat aparır, xristian türkəri orduya cəlb edib yüksək rütbələr verirdilər. Malazgird savaşında (1071) Bizans ordusunun içində xeyli türk əskəri vardı, ancaq onlar Alp Arslanın tərəfinə keçib bizanslılara qarşı vuruşdular.  
Doğu Anadolu-Azərbaycan bölgələrindəsə ərəb xəlifəsinin yardımı ilə grigoryan kilisələrin yönətimi haylara keçdi, türk xristianların və türk vənglərinin haylaşması prosesi başlandı. Anti-xalkidon yönlü xristianlığın «grigoryan», bu məzhəbdə olanların da «erməni» adlanması gələnəyi yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə də orta əsrlərboyu davam etdi, təkcə xristian qıpçaqlara deyil, tat, kürd, qaraçı, yəhudi grigoryan xristianlara da «erməni» deyilirdi və zaman aşamasında onların çoxu gerçəkdən erməniləşib-haylaşdı. Örnəyin, Muş bölgəsində erməni-grigoryan kürdlərin hayca danışıb əziz Karapetə and içməsini hay yazarlar da etiraf edir (S.Lexatsi). Haylaşdırma siyasəti «alban» adı ilə bağlı sözlərin yazılı daşlardan, Alban vənglərində olan yazılardan silib yox etmək yolu ilə gerçəkləşdirilirdi. Örnəyin, Qarabağdakı Qanzasar vəngində hətta hayca yazılmış Alban sözü, Alban katolikosu Ter-Apa Ohanesin (və ya Tapan Ohanes) adı və onun Calaldolu soyadı bu ilkin yazıdan silinmişdir:
Doğrudur, Azərbaycan, Gürcüstan və Doğu Anadoluda Ermən (Armeniya) bölgəsində xristian türklərin bir bölümü milli kimliyini itirib hay və gürcü oldu, ancaq bu dönmə kütlə qatıldığı topluma əliboş girmədi, özüylə apardığı türk adlarını, folklorunu, minlərlə türkcə sözləri əsrlərlə o xalqların içində yaşatdı, onların folklorunda və dilində çox dərin izlər buraxdı. Koroğlu, Aşıq Qərib kimi dastanlaın hay-gürcü variantları yarandı, Sarı-gəlin kimi qıpçaq türküləri, xalq nəğmələri bölgənin ortaq dəyərinə çevrildi, musiqi, yemək adları ortaq kultur örnəkləri oldu. 
Güney-doğu xristian kartvel toplumu içində azər türkcəsi o qədər yayğın olmuşdur ki, hətta Sulxan Saba Orbeliani 1685-dən başlayaraq otuz ilə tamamladığı «Kartuli leksikoni» adlı gürcü dilinin izahlı lüğətində bir çox gürcü sözünün mənasını türkcə olan qarşılığı ilə izah etmək məcburiyətində qalmışdır. Ermən bölgəsində xristianlıq başlayandan ilk patriarxlar saqa soyundan partlar (arsaqlar) olurdu, bu gələnək uzun illərboyu davam etmişdir, bununla yanaşı, bölgədə grigoryan türklərlə iç-içə yaşaması hay toplumunun dilini dəyişdirmişdir, hayların öncəki qrabardan aşxarabar dilinə keçməsində türk dilinin leksik, morfoloji, sintaktik təsiri çox aydın görünür. Tanınmış alman alimi Mordman hələ 1870-də bu təsirin IV-VII əsrlərdə olduğunu yazırdı:    
Kazan-Astarxan tatarları və başqord, qaraçay-balkar dilinin özəyində Altın Orda dövləti dönəmində gündəmdə olan yazılı qıpçaq ədəbi dili durur. Azərbaycan, Gürcüstan və Anadolu bölgələrində oğuz boylarıyla ortodoks və grigoryan qıpçaqların iç-içə yaşadığı çağlarda formalaşmış qıpçaqların dilindəsə oğuz qatı daha qabarıq görünür. Eyni durum qıpçaq dilinin üstünlüyü ilə Türküstanda uyğur-özbək (cağatay) dilinin yaranmasında, hətta Qırğız xaqanlığı dönəmindəki runik yazılarda hiss olunmayan qıpçaq dilinin sonrakı çağlarda qarışıb-qovuşma sonucu olaraq qırğızcanın qıpçaqlaşmasında özünü göstərir. Bugün doğu qıpçaq (qazax, noqay, qaraqalpaq, qırğız və b.) dilləriylə quzey və batı qıpçaq (tatar, başqord, qaraçay-balkar, kumuq, karaim) dilləri arasında müəyən fərqlər vardır, ancaq qıpçaqların xristian mətnlərinin dili oğuz-qıpçaq sintezilə onlardan kəskin fərqlənir.
Xristian qıpçaq mətnlərində türkməncə, türkçə sözlərinə nadir halda rast gəlmək olur, daha çox kıpçak tili, bizim til, tatarça deyimləri işlənir. Burada olan sözlərin çoxu mənasına görə Azərbaycan danışıq dilində işlənən bugünkü variantı ilə eynidir. Metal və heyvan adları: altun, temir, kümüş, aslan, börü, sığır, inek, xoyun, it, eşək, toñuz; Qıpçaq sözləri nitq hissələrinə görə də oğuz dillərindən o qədər də fərqlənmir: əvəzliklər - men, sen, ol, biz, siz, öz, bu; saylar - toxuz, beş, üç, tümən; Ən çox işlənən feillər, örnəyin: añla-, ayır-, ax-, bax-, öl-, iç-, biç-, bük-, bil-, bişir-, çıx-, et-, ez-, kes-, gülümsün-, oyna-, sanç-, sağalt-, sor-, soy-, tanı-, toğ-, toldur-, tök-, tökül-, tüş-, tik-, üz-, yat-, unut-, uyut-, uyu-, yay-, yaz-. 
Eyni durumu digər sözlər də əks etdirir: ağaç, ağu, ağır, açıx yer, açközlü, ant, ayax, baş, bilək, bilik, biliksiz, boş, butax, bütün, buyrux, çiçək, erkək, boşlux, burun, köñül, ölümsüz, soñra, süt, teñiz, ortax, tez, tolu, tişi, töşək, tütün, uzunlux, üçün, yük, yanax, yañlış, yumrux, yoldaş, yazıx, yuxu, kün toğuşu, kün batışı. Bəzi qıpçaq sözlərisə daha qədim forma və anlamı ilə diqqəti çəkir: körklü - gözəl, törə yeri - məhkəmə, teñri - tanrı, uçmax - cənnət, oltur - otur-, keltir - gətir-, suv - su, ilgəri - irəli, çatlavuq - fındıq, ayt - söylə-, alğış - dua, salkun - hava. 
Xristian toplumda şox önəmli sayılan «Törə Bitigi» kimi xristian kuman-qıpçaq dilinə aid yazılmış «Codex Cumanicus» əsəri də önəmlidir. Adətən, bu bitiyin yazılma tarixinin başlanğıcını birinci səhifədə qeyd olunmuş 1303 tarixilə bağlayırlar, A.N. Samoyloviç isə əlyazmanın 1294-dən başlandığını, ilkin bölümün daha öncəyə aid olduğunu, ancaq üzərində bir neçə katibin əlavələr etdiyini, 1303-dən də üzü köçürülməyə başlandığını qeyd edir. Klaprot yazdığı məqalə ilə (1828) bitiyin elmi dairələrdə tanınmasına və üzərində elmi araşdırmalar aparılmasına səbəb oldu, ancaq ilk mükəmməl araşdırmanı 1880-də macar alimi Géza Kuun uğurla başa vurub, geniş şərhlə bu kitabı nəşr etdi. Burada xristian dini mətnlər də yer almışdır, örnəyin, İsanın duası (İncil) belə verilmişdir:
«Atamız kim köktesen. Algişle bulsun seniñ [atıñ, kelsin seniñ] hanleğıñ, bulsun seniñ tilemegin, neçik kim kökte, alay [da] yerde. Kündegi ötməqkimizni bizge bugün bergil. Dağe yazuqlarımıznı bizgə boşatqıl - neçik biz boşatırbiz bizgə yaman etkenlerge. Dağe yekniñ sınamaqına bizni quurmagil. Bassa barçe yamandan bizni quthargil. Amen!»
(Atamız, ki göydəsən. Alqışlı olsun səniñ adıñ, gəlsin səniñ xanlığıñ, olsun səniñ diləyiñ, necə ki göydə və yerdə. Gündəlik yeməyimizi bizə bugün ver. Dəxi günahlarımızı bizə boşaltdır, necə ki biz boşaldırıq bizə yaman edənlərə. Dəxi şeytan sınağından bizi qoru. Bütün yamanlardan bizi qurtar. Amin!)


Qaynaqlar:
Ağasıoğlu F. (Cəlilov).  Azərbaycan dilinin morfonologiyası. B. 1988.
Ağasıoğlu F. (Celilov). Ermeni boyları ve pseudo-ermeni haylar (Milattan önce türk-ermeni ilişkileri). «Türkler» Ansiklopedisi, II cild, Ankara, 2000: 
Ağasıoğlu F. Taşbaba. Türkün taş yaddaşı. İstanbul, 2013.
Ağasıoğlu F. Doqquz Bitik. I-III Bitik, B. 2014.
Azər xalqı (Ağasıoğlu F). I-II basqı, B. 2000; III basqı, B. 2005.
Dunlop D. M. The İstory of the Jewish Khazares. Princeton, 1954
İbn əl-Əsir. Əl-Kamil fi-t-Tarix. B.1959.
Kalankatuklu M. Alban tarixi. (Z. M. Bünyadovun tərcüməsi). B. 199.3
Kırzıoğlu M. F. Kars tarihi. I cild. İstanbul, 1953.
Məmmədov M. Dillərin qarşılıqlı əlaqəsi. Yerevan, 1986.
Payazat A.  Xalderen lezvi banalik. Yerevan, 1936, (hay dilində)
Priskos. Grek seyyahı Priskosa (V asır) göre Avrupa hunları (Çeviren Ali Mehmetoğlu), İstanbul, 1995
Rəsulzadə M. Əsərləri. I c. Mühacirət dövrü: Türkiyə, 1922-1929 (Redaktoru və hazırlayan N.Yaqublu). B. 2016.
Clauson G.  Armeno-Qıpcaq. «Rocznik Orientalistyczny», XXXIV (2), 1971.
Törə bitigi. A. Qarkavetsin ruscaya çevirisi ilə nəşri. 
KDQ - Kitabi Dədə Qorqud (H. Araslı) B. 1938; 1962; (M. Ergin) I-II c. Ankara; (F. Zeynalov, S .Əlizadə) B. 1988. 
CC- Codex Cumanicus. Edited by G.Kuun. Budapest, 1981.
Абуладзе Ц. А. Тюркский лексический материал в словаре Сулхан-Саба Орбелиани «Картули-лексикони». АКД, Тбилиси,1964.
Адонц Н. Армения в эпоху Юстиниана.СПб.1908; Ереван, 1971.
Алиев К. Античная Кавказская Албания. Б. 1992
Акопян А. А.  Албания-Алуанк в греко-латинских и древнеармянских источниках. Ереван, 1987.
Арвеладзе Б. «Армянские» или грузинские церкви в Грузии?! Тбилиси, 1996.
Бойс М. Зороастрийцы. Верования и обычаи. М. 1987.
Гаркaвец А. Кыпчакские языки: куманский и армяно-кыпчакский. Алма-Ата, 1987.
Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. Б.1991.
Гевонд. История халифов вардапета Гевонда, писателя VIII в. (Пер. К. Патканова). СПб. 1862
Геюшев Р. Б. Христианство в Кавказской Албании. Б.1984
Джафаров Ю. Р. Гунны и Азербайджан. Б. 1985; 1993.
Канзакеци К.  История. Б. 1946
Касумова С. Ю.  Азербайджан в III-VII вв. Б. 1993.
Касумова С. Христианство в Азербайджане в раннем средневековье. Б. 2005.
Кестлер А. Тринадцатое колено. М. 2010
Ксенофонтов Г. В. Эллэяда. (Материалы по мифологии и легендарной истории якутов). М.1977
Лисициан С. Л. Очерки этнографии дореволюционной Армении. «Труды Ин.-та этнографии, вып. 26», 1955                
Мамедов Т. М. Албания и Атропатена по древнеармянским источникам. Б. 1977
Мамедова Ф. Политическая история и историческая география Кавказской Албании. Баку, 1986
Мещанинов И. И. Аннотированный словарь урартского (биайнского) языка. Л. 1978.
Мухаметшин Д. Г., Хакимзянов Ф. С. Эпиграфические памятники города Булгара. Казань, 1987.
Плетнева С. А. Половцы. М. 1990.
Прокопий Кесарийский. О постройках. ВДИ, №4, 1939
Радлов В. В.  Из Сибири: Страницы дневника. М. 1989
Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании (IV в до н.э.-VII в. н.э.). М.-Л.1959
Туманян Э. Г.  Структура индоевропейских имён в армянском языке. М. 1978
Хоренаци. Историа Армении Моисея Хоренскаго. Москва, 1858
Цулая Г. В. Отрок Шарукан -Атрака Шараганис-дзе. (К вопросу об антропонимическом источниковедении истории народов Кавказа).«КЭС»,VIII т. 1984.
Жизнь Артемия Араратского. Ленинград, 1980.
АВИИУ- Дьяконов И.M. Ассиро-Вавилонские источники по истории Урарту.  ВДИ,  №2-3, 1951.
ПОА - Путешественники об Азербайджане. I т. Б. 1961   
СМОМПК - Сборник материалов для описания местностей и племен Кавказа
ТУ - Топонимика Урарту (Арутюнян Н.В.). Ереван, 1985.


ТВиБНС,

Yorumlar (0)